DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKİYƏ XİN FRANSA MİLLİ ASSAMBLEYASININ QƏRARINI TƏNQİD EDİB

Fransa Milli Assambleyası 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürüb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirilyinin bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, ötən il Fransa hökuməti Senatın qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı.

“Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların Assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur”, - deyə Türkiyə XİN-in bəyanatda vurğulanır.

Eyni zamanda bəyanatda qeyd edilir ki, bu qərar həm də BMT Baş Assambleyasının soyqırım cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.

NİKOLAS MADURO: MÜHARİBƏ ABŞ ÜÇÜN BİZNESDİR

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Vaşinqton bütün dünya üzrə hərbi münaqişələr planlaşdırır və buna təşəbbüs göstərir. Bu barədə “TASS” agentliyinin xəbərində qeyd olunur.

“ABŞ-ın bu məqsədlər üçün 95 milyard dollar ayırması bunu sübut edir. Ukrayna-Rusiya münaqişəsi ən azı 20 ildir ki, Rusiyanın gücünü məhv etmək üçün planlaşdırılırdı, lakin ABŞ bunu bacarmadı. Rusiya bu gün iqtisadi, siyasi, sosial, texnoloji və hərbi baxımdan daha güclüdür”, - deyə Venesuela lideri bəyan edib.

Bununla yanaşı, Nikolas Maduro qeyd edib ki, Ağ Ev bu gün Tayvanda Çinə qarşı da müharibə başlatmağa çalışır.

Prezident bildirib ki, ABŞ Venesuelanın öz ölkəsinin bir hissəsi hesab etdiyi Qayana ilə mübahisəli olan Qayana-Essekibo ərazisində Mərkəzi Kəşfiyyat İdarəsinin bazasını və ABŞ-ın Cənub Komandanlığını yaradıb: “Onlar burada hərbi münaqişəyə başlamağı planlaşdırırlar. Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir”.

TACİKİSTANLA RUSİYA ARASINDA NOTADAN SONRAKI VƏZİYYƏT

Rusiyaya daxil olan xarici vətəndaşların hərtərəfli yoxlanılması “Crocus City Hall”da baş verən terror aktından sonra görülən müvəqqəti tədbirdir. “Teleqraf.com”un xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muxriddinlə telefon danışığı zamanı bildirib.

Sergey Lavrovun sözlərinə görə, “Crocus City Hall”da baş verən faciəvi hadisə Rusiyaya gələn əcnəbi vətəndaşların hərtərəfli yoxlanılmasına səbəb olub.

Bununla yanaşı, Sergey Lavrov həyata keçirilən tədbirlərin müvəqqəti xarakter daşıdığını, konkret millət və ya dinə qarşı yönəlmədiyini, keçid məntəqələrində vəziyyətin tədricən tənzimləndiyini vurğulayıb.

Xatırladaq ki, aprelin 29-da Tacikistan Xarici İşlər Nazirliyi Rusiyada taciklərə qarşı kütləvi ayrı-seçkilik halları və onların hüquq və azadlıqlarının pozulması ilə bağlı rəsmi Moskvaya nota verib.

MİSİR HƏMAS-A GİROVLARIN AZAD EDİLMƏSI ILƏ BAĞLI TƏKLİF İRƏLİ SÜRÜB

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan 33 girovu azad etmək üçün Misirdən təklif alıb. Bu barədə Amerikanın “CNN” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Misir HƏMAS hərəkatına girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların müvəqqəti dayandırılmasını təklif edib.

İsrail bu təklifin hazırlanmasında iştirak edib, lakin rəsmi Təl-Əviv bununla tam razı deyil.

Eyni zamanda, bildirilir ki, Misirin planı iki mərhələdən ibarətdir. İlkin olaraq 20-33 girov bir neçə həftə ərzində döyüş əməliyyatlarının dayandırılması müqabilində azad edilməlidir. İkinci mərhələ daimi atəşkəsə nail olmaq üçün səyləri əhatə edəcək.

ABŞ HAKİMİYYƏTİ RUSİYA URANININ İDXALINA QADAĞANI ARAŞDIRIR

Birləşmiş Ştatlar hakimiyyəti Rusiyadan zənginləşdirilmiş uranın tədarükünü qadağan etmək imkanını nəzərdən keçirir. Bu barədə “Bloomberg” agentliyinin məlumatında qeyd olunur.

Xəbər verilir ki, sözügedən məsələ Milli Təhlükəsizlik Şurası, Energetika Nazirliyi və prezident Cozef Bayden administrasiyasının digər qurumları tərəfindən araşdırılır.

Məlumata əsasən, ötən ilin dekabrında Nümayəndələr Palatası Rusiyada və ya onun müəssisələrində istehsal olunan uranın idxalının 2040-cı ilə qədər qadağan edilməsi təşəbbüsünü təsdiqləyib.

Məsələ ilə bağlı hələ heç bir qərar verilməsə də, mənbələr icraedici orqanların Konqresin qanunları qəbul etməsinə üstünlük verəcəyini bildirib.

Birləşmiş Ştatların Energetika Nazirliyinin məlumatına görə, Rusiya ABŞ-a ən böyük uran tədarükçüsüdür və ölkədə istifadə olunan yanacağın demək olar ki, dörddə birini təmin edir. Uran müqabilində Moskva hər il təxminən 1 milyard dollar alır.

“G7” ÖLKƏLƏRİ KÖMÜRDƏN İMTİNA ETMƏK BARƏDƏ RAZILIĞA GƏLİB

“Böyük yeddilik” (G7) ölkələrinin energetika nazirləri 2035-ci ilədək kömürdən imtina etmək barədə birgə razılığa gəliblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, yekun qərarın tezliklə dərc olunacağı gözlənilir.

Məlumata görə, İtaliyada aprelin 29-da keçirilən görüşdə yeddi ölkənin iqlim, energetika və ətraf mühit nazirləri elektrik enerjisi istehsalında kömürdən istifadədən mərhələli şəkildə imtina olunması barədə razılaşıblar.

“Böyük yeddilik” ölkələri hələ 2023-cü ildə kömürlə işləyən elektrik stansiyalarının bağlanmasına dair konkret addımlar atmaq qərarına gəliblər. Lakin həmin vaxt konkret qrafik razılaşdırılmayıb.

Böyük Britaniyanın energetika naziri Endryu Boui vurğulayıb ki, “G7” ölkələrinin hazırda dünyaya mərhələli şəkildə kömürdən imtina olunması barədə ümumi siqnal göndərməsi faktı sadəcə inanılmazdır.

Xəbər verilir ki, bu məsələdə yekun saziş mədən yanacağından istifadədən faktiki imtina olunması istiqamətində ilk konkret addım sayılacaq.

“QİYAMƏT GÜNÜ” ÜÇÜN XÜSUSİ TƏYYARƏLƏR HAZIRLANIR

ABŞ-ın “Sierra Nevada Corporation” şirkəti ölkənin Hərbi Hava Qüvvələrindən “qiyamət günü təyyarəsi” istehsalı üçün 13 milyard dollarlıq sifariş alıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, söhbət nüvə müharibəsi üçün dizayn edilmiş köhnə “E-4B Nightwatch” təyyarələrini əvəz edəcək laynerlərdən gedir.

Eyni zamanda, bildirilir ki, “E-4B”lərin yeni “Survivable Airborne Operations Center” (SAOC) layihəsi ilə əvəzlənməsi planlaşdırılır. Müqavilə çərçivəsində işin 2036-cı ildə iyulun 10-dək başa çatdırılması nəzərdə tutulur.

ABŞ Hərbi Hava Qüvvələri SAOC üzərində dərhal işə başlamaq üçün “Sierra Nevada Corporation”a tədqiqat, inkişaf, sınaq və qiymətləndirmə fondları üçün 59 milyon dollar ayırıb.

Məlumat üçün qeyd edək ki, “E-4B” nüvə müharibəsi, yaxud komanda və idarəetmə mərkəzlərini məhv edən digər fəlakətli fövqəladə hallar zamanı ABŞ prezidentinə qüvvələri yönəltmək üçün nəzərdə tutulmuşdu. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd “E-4B” təyyarəsi 1970-ci illərdən xidmətdədir və onların artıq xidmət müddəti başa çatmaq üzrədir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.