Şəhid ailələri ilə görüş
Region

Şəhid ailələri ilə görüş

Gəncə

Gəncə Şəhər icra hakimiyyəti  başçısının birinci müavini Səməd Tomuyev, İcra Hakimiyyəti başçısı Aparatının rəsmiləri, millət vəkilləri Musa Quliyev, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov YAP Gəncə şəhər təşkilatının inzibati binasında, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə görüşüblər.

Görüşdə şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan fəxrlə söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Millət vəkili Musa Quliyev bildirib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək. YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun qazandığı tarixi Qələbədən söz açan millət vəkili Müşfiq Cəfərov həmin qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib. Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Sonra şəhid ailələrinin müraciətləri dinlənilib, onların qayğıları öyrənilərək söhbətlər aparılıb.

Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirən şəhid yaxınları bəzi məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.