Azərbaycan qlobal enerji təminatçısına çevrilir
İqtisadiyyat

Azərbaycan qlobal enerji təminatçısına çevrilir

Zəngin ehtiyatlarından səmərəli istifadə etməklə Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqları ehtiva edən müstəqil siyasət sayəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir.

Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda əməkdaşlığın səmərəli nəticələrinin təzahürüdür.

Əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyir. Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə üstünlük verir. Dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi tanınır. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Hazırda dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar.

Yeni enerji strategiyasına uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra uğurlu layihələrə imza atılmışdır. Son illər dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Artıq özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Yeni enerji strategiyasının mühüm məsələlərindən biri də enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılmasıdır.  Ümummilli lider Heydər Əliyevin neft strategiyasının tərkib hissələrindən biri də neft marşrutlarının alternativliyinə nail olmaq idi. Neft marşrutlarının şaxələndirilməsi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi asılılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə xidmət edir.

Mütəxəssislərin qənaətinə görə, iqtisadi təhlükəsizlik strategiyası xaricdən heç bir müdaxilə və təzyiq olmadan hər bir cəmiyyətin iqtisadi inkişafını müəyyən edir. Bu amil üç əsas istiqamətin qarşılıqlı vəhdətini təmin edir ki, buraya iqtisadi müstəqillik, milli iqtisadiyyatın rəqabətə dözümlülüyünə istinad edən sabitlik, nəhayət, iqtisadi inkişaf qabiliyyətliliyi daxildir. Bu parametrlərlə neft-qaz-enerji üçbucağı müstəsna əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi nəhəng layihələrin uğurla reallaşdırılması, dünyanın aparıcı şirkətlərinin beynəlxalq əhəmiyyətli iri maliyyətutumlu layihələrə cəlb edilməsi ölkəmizin qlobal iqtisadi məkana tarixi transformasiya prosesini uğurla təmin etməkdədir. Hazırda Azərbaycanın enerji resursları bir neçə marşrutla dünya bazarına çıxarılır. Bunlar Bakı-Novorossiysk, Bakı-Supsa, həmçinin Cənub Qaz Dəhlizi layihəsi əsasında reallaşan genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans-Anatolian Natural Gas Pipeline) və TAP (Trans Adriatic Pipeline) qaz boru kəmərləridir. Enerji keçidində Cənub Qaz Dəhlizi layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcək.

Həyata keçirilən qlobal layihələrdən biri də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalandıqdan sonra ölkəmizdən Avropaya "yaşıl" enerji ixracının başladılmasını nəzərdə tutur. Layihə çərçivəsində Gürcüstan və Rumıniya arasında 1000 meqavatadək gücə malik 1195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması nəzərdə tutulur.

Artıq Aİ ilə 2027-ci ilədək qaz tədarükünü ikiqat artırmaq barədə saziş imzalamaqla Azərbaycan möhkəm əməkdaşlıq modeli formalaşdırıb. Buraya, həmçinin "yaşıl" enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də daxildir. Bir sıra Avropa şirkətləri artıq ölkəmizin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş Qarabağda bərpaolunan enerji mənbələri üzrə fərqli layihələrdə iştirak edirlər. Prezident İlham Əliyevin təkcə neft-qaz sahəsinin genişləndirilməsinə deyil, həm də "yaşıl" enerji sahəsində layihələrin inkişafına yönəlmiş yeni enerji strategiyası Azərbaycanın enerji siyasətini və onun beynəlxalq tərəfdaşlarının baxışını tamamilə dəyişdirib. Bu yaxınlarda Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Azərbaycan Prezidenti ölkəmizin çox böyük bərpaolunan enerji mənbələri potensialına malik olduğunu və gələcəkdə Avropaya təkcə təbii qaz deyil, həm də "yaşıl" enerji ixrac edəcəyini qeyd edib.

Azərbaycan etibarlı enerji təminatçısına çevrilir. Enerji istehsal edən obyektlərin tikintisi, enerjinin istehsalı, ixracı, nəqli, bu sahədə əməkdaşlıq üçün dünya dövlətləri ilə qarşılıqlı işgüzar əlaqələrin qurulması, bir sözlə, enerji sahəsində bütün işlər kompleks şəkildə həyata keçirilir. Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun, BƏƏ-nin "Masdar" Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmanın imzalanmasını, Cənub Qaz Dəhlizinin mühüm hissələri olan TAP və TANAP qaz kəmərlərinin həcminin də iki dəfə genişləndirilməsi məsələsinin müzakirə olunmasını, Cənub Qaz Dəhlizinin şaxələndirilməsi nəticəsində baş tutmuş Yunanıstanla Bolqarıstan arasında Qaz İnterkonnektorun açılmasını və ölkəmizin həyatında enerji sahəsində digər mühüm hadisələri xatırlasaq, Azərbaycanın energetika sahəsində qazandığı uğurların təsadüfi olmadığı fikrini bir daha təsdiq etmiş olarıq.

Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji potensialı 27 qiqavatdan çox sahildə külək və günəş enerjisi və Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat külək enerjisi təşkil edir. 2027-ci ilədək ölkə 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi planlaşdırır ki, bunun da 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilədək əlavə enerji imkanlarının ən azı 6 qiqavat təşkil edəcəyini gözləyir. Artıq bir qlobal enerji şirkəti təklikdə Azərbaycanda əlavə 10 qiqavat "yaşıl" enerjiyə investisiya qoymaq istəyini bildirib. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları) külək, günəş və hidroenergetika potensialı 10 qiqavatdan çoxdur. Bu əraziləri "yaşıl" enerji zonalarına çevirmək planı bu yerləri işğaldan azad etdikdən qısa müddət sonra yarandı. Naxçıvanın da bu təşəbbüsə qoşulması planlaşdırılır.

Ölkə başçımızın yürütdüyü siyasət Azərbaycanı regionun aparıcı investisiya qovşağına çevirib və öz pullarını ölkədəki perspektiv layihələrə yatırmaq arzusunda olanların sayı bunu təsdiqləyir. Bunun üçün lazımi şərait yaradılıb ki, buraya yüksək potensial, dövlət siyasətinin alternativ enerjinin inkişafı və yeni hüquqi bazaya yönəlməsi daxildir.

 

Mustafa KAMAL,

"Respublika".