İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Gəncədə faktaraşdırıcı missiya həyata keçirib
Digər xəbərlər

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Gəncədə faktaraşdırıcı missiya həyata keçirib

Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərində həyata keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətinin üzvləri müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərərçəkmiş sakinlərlə görüşüblər. Qonaqlara İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə mülki əhaliyə qarşı törədilmiş, çoxsaylı insan itkisi və ciddi dağıntılarla nəticələnən müharibə cinayətləri barədə məlumat verilib.

Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş "İmamzadə" ziyarətgah kompleksində monitorinq aparıblar.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.