Milli Məclisdə BAF-ın nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı
Gündəm

Milli Məclisdə BAF-ın nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı

Oktyabrın 1-də Milli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, sayca 13-cü olan toplantı Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində baş tutub. Toplantıya BAF prezidentinin müşaviri Dominik Tilmans moderatorluq edib.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri 1950-ci ildən etibarən keçirilən konqresin əhəmiyyətindən danışıb. O, kosmos fəaliyyətinin yeni texnologiyaların inkişafına, insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadiyyatın, elmin və təhsilin tərəqqisinə təsiri barədə fikirlərini bölüşüb, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Sonra tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Milli Məclisinin adından dünyanın müxtəlif ölkələrindən toplantıda iştirak edən parlament üzvlərini, hökumət nümayəndələrini salamlayıb. 50 il bundan əvvəl - 1973-cü ildə Bakıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 24-cü Beynəlxalq Astronavtika Konqresinin keçirildiyini diqqətə çatdıran komitə sədri bu il Ulu Öndərin 100 illik yubileyinin qeyd olunduğunu və Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsini əlamətdar hadisə adlandırıb.

Bildirilib ki, 30 illik işğal başa çatdıqdan və Ermənistan tərəfindən Azərbaycan torpaqlarında separatizmə son qoyulduqdan sonra regionumuzda sülh naminə innovasiyaların, texnologiyaların tətbiqi üçün ən münasib vaxtdır. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Biz ölkəmizi regionun enerji, nəqliyyat və kommunikasiya mərkəzinə çevirə bildik. Hələ qədim İpək Yolu müasir Azərbaycandan keçərək ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırıb.

Azərbaycanın 2013-cü ildən dünya kosmik klubunun fəal üzvünə çevrildiyini diqqətə çatdıran T.Mirkişili ölkəmizin sürətlə inkişaf edən qlobal kosmik ekosistemin bir hissəsi olmaqdan və bu sektorun bütün dünyanın xeyrinə inkişafına töhfə verməkdə olduğunu qeyd edib.

İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri bu tədbiri kosmos sahəsində çox önəmli görüş kimi qiymətləndirib. O, İtaliyada kosmos sahəsinin inkişafı üçün görülən işlər, avadanlıqların istehsalı, bu istiqamətdə həyata keçirilən layihələrdə iştirakı barədə məlumat verib.

Daha sonra tədbirin moderatoru, BAF prezidentinin müşaviri Dominik Tilmans kosmos fəaliyyətinin insanların rifahının təmin edilməsində, iqlim sahəsində risklərin idarə edilməsində, yeni iş yerlərinin açılmasında, ölkələrin təhlükəsizliyinin təmin edilməsində rolu, peyklərlə bağlı həllərin yerinə yetirilməsi barədə fikirlərini bölüşüb. O, ölkələrin kosmos sahəsindəki strategiyalarının müəyyən olunması baxımından bu görüşün əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparıblar. Birinci panel "Dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdıran kosmik həllər", ikinci panel "Fəlakətlərin aradan qaldırılması və risklərin idarə edilməsi üçün kosmik həllər", üçüncü panel isə "Resursların idarə edilməsində kosmik həllər" mövzularına həsr olunub.

Müzakirələr zamanı BAF-ın sabiq prezidenti Jan-İv Le Qal, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Salim Almalik, BAF-ın Slovakiya ofisinin direktoru Mişel Briçta, "Azərkosmos"un İdarə Heyəti sədrinin müavini Fuad Aslanov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız, Milli Məclisin komitə sədri Tahir Mirkişili, deputat Vüqar Bayramov, Rumıniya Senatının komitə sədri Marius Humelniçu, Almaniya parlamentinin deputatı Malte Kaufman, Polşa parlamentinin nümayəndəsi Boquslav Uontor, Avstraliya Senatının üzvü və nazir Kris Şaçt və başqaları çıxış edərək, kosmos fəaliyyətinin əhəmiyyəti, dövlət xidmətlərinin kosmos həlləri, bu sahədə həyata keçirilən layihələr, yeni kosmos dövrü və digər məsələlər barədə fikirlərini bölüşüblər.

İclasa yekun vuran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və BAF prezidentinin müşaviri Dominik Tilmans bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar, aparılan müzakirələrin faydalı olduğunu diqqətə çatdırıblar, sabah Azərbaycanın ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin işinə uğurlar arzulayıblar.

Tədbirdən sonra yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara ətraflı cavab verilib.