Özəl sektorun inkişafı uğurlu siyasətin nəticəsidir
İqtisadiyyat

Özəl sektorun inkişafı uğurlu siyasətin nəticəsidir

Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə nəzər yetirsək, qazanılan uğurların saysız-hesabsız olduğunu görmək mümkündür. Bu dövr ərzində müxtəlif sahələrdə nailiyyətlərin əldə olunması istiqamətində mühüm qərarlar qəbul olunub, genişmiqyaslı layihələr həyata keçirilib. Ölkə başçımızın yürütdüyü uğurlu siyasət nəticəsində dünyanın bir çox tanınmış şirkətləri ilə müqavilələr bağlanıb. Bu isə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması ilə yanaşı, ölkəmizə olan marağı da artırıb. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin ilk illərində əsas məqsəd dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpası idi. İkinci Qarabağ müharibəsində qazanılan qələbə ilə xalqın etimadını bir daha doğruldan İlham Əliyev iqtisadiyyatın inkişafı istiqamətində də mühüm addımlar atıb. Şübhəsiz, bugünkü iqtisadi inkişaf proqramlarının reallaşmasında əldə etdiyimiz Zəfərin payı böyükdür.

Prezident İlham Əliyevin nailiyyətlərini təhlil etdikdə dövlətimizin başçısının özəl sektorun inkişafına xüsusi önəm verdiyinin şahidi oluruq. Çünki özəl sektorun inkişafı bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri olmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Kiçik və orta sahibkarlığın inkişafı isə dövlətin iqtisadi sabitliyinin əsası hesab olunur. Bu gün Cənubi Qafqaz regionunun aparıcı dövlətlərindən birinə çevrilən, böyük bir coğrafiyanın güclü iqtisadi-siyasi aktoru olan Azərbaycanın əsas prioritetlərindən biri sahibkarlığın inkişaf etdirilməsi, özəl sektorun fəaliyyətinin daha da genişləndirilməsidir. Ötən illər ərzində sahibkarlığın inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin həcminin getdikcə artması sözügedən sahənin Azərbaycanın diqqət mərkəzində olduğunun göstəricisidir.

Bu gün müxtəlif layihələrə investisiyalar ölkəmizin siyasətinə uyğun şəkildə yatırılır, dövlət ilə özəl sektor arasında sağlam münasibətin formalaşmasına töhfə verir. Bu layihələrin əksəriyyəti özəl sektorun kapitalı hesabına reallaşır. 2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib, 5,5 milyard manatdan çox investisiya yatırılıb. Bundan başqa, məşğulluğun artırılması istiqamətində ölkədə 38 minədək yeni iş yeri yaradılıb. Həyata keçirilən layihələrin 14 faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 86 faizi isə regionların payına düşüb. Eyni zamanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən özəl sektorun tərəqqisinə yönəldilən son bir ildəki maliyyə həcmləri də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, qurum tərəfindən hesabat dövrü ərzində regionlara verilmiş güzəştli kreditlərin məbləği 69,7 faiz təşkil edib.

Yeri gəlmişkən, ölkənin müxtəlif regionlarında da biznesin dayanıqlılığı və sahibkarlıq mühitinin təşviqi də prioritet istiqamətlərdəndir. Təkcə 2022-ci ildə verilmiş güzəştli kreditlərin əhəmiyyətli hissəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən il həmin biznes subyektlərinə ayrılan kreditlər layihə sayı üzrə 99,9 faiz, məbləğ üzrə isə 98,3 faiz təşkil edib. Bununla yanaşı, 2022-ci ilin yekunlarına görə, güzəştli kreditlərin tətbiqi, eləcə də sahibkarlığın inkişafına yönəldilən digər layihələr nəticəsində Azərbaycanda ÜDM-də özəl sektorun payı 83,5 faizə çatıb. Sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta müəssisələrə məxsusdur. Sahibkarlıq sahəsində lisenziya tələb olunan fəaliyyət növlərinin əhəmiyyətli dərəcədə azaldılması da bu sektorun inkişafına təkan verib. Müasir dövrdə sahibkarlığın inkişafında əhəmiyyətli rola malik olan satınalmalar sahəsində kotirovka sorğusu prosedurunun tamamilə elektronlaşdırılması da bunun əyani sübutudur. Sahibkarlığın inkişafının diqqət mərkəzində olduğunun daha bir sübutu da Export.az elektron ticarət portalıdır. Portal sahibkarlıq subyektlərinin biznes əlaqələrində etibarlı vasitəçi olmaqla, dünya biznesinə asan çıxış imkanının yaradılmasına xidmət edir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət, özəl sektora göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirilməlidir. Azərbaycanın bütün sosial-iqtisadi uğurları ölkə iqtisadiyyatının dinamik inkişafına mühüm töhfə verib. Bu gün ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıda duran başlıca vəzifələrdəndir. Ona görə də son illərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi kimi müxtəlif istiqamətlərdə bir sıra mühüm qərarlar qəbul olunub.

Qeyd edək ki, bu gün özəl sektorun diqqət mərkəzində olması digər sahələrə də öz müsbət təsirini göstərir. Belə ki, son dövrlərdə qeyri-neft sektorunda da müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasına gətirib çıxarıb. Bununla yanaşı, sözügedən sahəyə investisiya qoyuluşlarının sürəti də artıb. Həmçinin kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi, məqsədilə sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmləri tətbiq edilir. Belə olduğu halda, Fondun vəsaiti qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə xərclənir.

Dövlətimizin başçısının xüsusi göstərişlərinə müvafiq olaraq özəl sektorun inkişafı üçün həyata keçirilən bu işlər Azərbaycanın uğurlarının əsasını təşkil edir. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixində imzaladığı Sərəncam da bunu təsdiqləyir. Sənəddə qeyd olunur ki, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Bununla yanaşı, özəl sektorda aktivliyin daha da canlandırılmasının, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artırılmasının vacibliyi də sənəddə öz əksini tapıb.

Nəzrin ELDARQIZI,

"Respublika".