TÜRKİYƏ BU SINAQDAN DA ƏZMLƏ ÇIXACAQ
Türk dünyası

TÜRKİYƏ BU SINAQDAN DA ƏZMLƏ ÇIXACAQ

Türkiyədə fevralın 6-da baş verən zəlzələ son 500 ilin dəhşətli hadisəsi, vurduğu ziyana və çoxlu insan tələfatına görə "əsrin fəlakəti" adlandırılır. Türkiyə Respublikasının Kahramanmaraş - Qaziantep şəhərlərində bir-birinin ardınca 7,7 və 7,6 bal gücündə qeydə alınan dağıdıcı zəlzələdə çoxlu sayda insan tələf olub, yaralanıb, minlərlə bina tamamilə dağılıb və ya qəzalı vəziyyətə düşüb. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünya tarixində ən dəhşətli təbii fəlakətlə üzləşdiyini bildirib. Sözlə ifadəsi belə çətin olan bu faciə insan olan kəsə sevindirici hal kimi görünə bilməz. Çünki bu, hamının başına gələ biləcək bir faciədir, heç kəs bundan sığortalanmayıb.

Türkiyənin ciddi dəstəyə və yardıma ehtiyacı olduğu bir vaxtda başda Azərbaycan olmaqla bir çox dövlətlərin yardıma gəldiyi zamanda təəssüflər olsun ki, buna sevinənlər də oldu. Bəli, qardaş ölkədə yaşananlar əsl dostların da, düşmənlərin də iç üzlərini ortaya çıxardı. Hətta bəziləri Türkiyədə baş vermiş təbii fəlakəti lağ mövzusuna çevirməkdən belə özlərini saxlaya bilmədilər. Və bunu utanmadan, sıxılmadan söz, mətbuat azadlığı kimi təqdim etməyə çalışdılar. Belə ki, Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalı Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı karikatura dərc edib və "tanklara ehtiyac qalmadı" şərhini yazıb. Yəni bu jurnal demək istəyir ki, zəlzələ olmasaydı, Fransa Türkiyəni tanklarla dağıtmalıymış?.. Əslində Türkiyəyə qarşı düşmənçiliyin ən cılız şəkildə ifadəsi olan belə karikaturanı Fransa mətbuatında görmək heç də təəccüblü deyil. Çünki həmin jurnal uzun müddətdir ki, Türkiyəyə düşmənçiliyini gizlətmir, üstəlik, ardıcıl olaraq İslam dünyasını təhqir edən karikaturalar dərc edir. Fransanın Türkiyəyə qarşı beynəlxalq səviyyədə düşmənçilik siyasəti apardığını da nəzərə aldıqda bu jurnalın əslində dolayısı ilə rəsmi Parisin mövqeyini ifadə etdiyi qətiyyən şübhə doğurmur. Axı, bu ölkənin rəhbəri Makron ilə türkün əzəli düşməni olan Ermənistanın baş naziri Paşinyan rəfiqədirlər... Belə ki, eyni yanaşma Ermənistanda da hökm sürür. Ermənistan vətəndaşlarına aid teleqram kanallarında və digər sosial şəbəkələrdə onların Fransanın sevincinə şərik çıxdıqları aydın görünür. Ermənilər Türkiyədə baş verən təbii fəlakətdən sevindiklərini qətiyyən gizlətmir, bundan məmnun olduqlarını açıq şəkildə ifadə edirlər. Onu da qeyd edək ki, bu bacılar tək deyil, ömür boyu din pərdəsi altında özünü müsəlman dövləti kimi təqdim edən İran da nəhayət dözə bilməyib iç üzünü büruzə verdi. Fransız-erməni cütlüyünə qoşularaq, üçlük yaratmaqla mənfur xislətlərini açıq-aydın nümayiş etdirdi. Və bununla da əsl düşmən olduqlarını birmənalı şəkildə göstərdilər.

"Charlie Hebdo"nun yanaşması o qədər mənfur məzmun daşıyır ki, hətta britaniyalı politoloq Neil Vatson jurnalı bu davranışına görə "Türkiyədə baş verən dəhşətli zəlzələ heç bir satirik karikatura ilə uyğun gəlmir" açıqlaması ilə qınayıb. Britaniyalı politoloq vurğulayıb ki, hər zaman söz və ifadə azadlığının tərəfdarı olsa da, fransız jurnalının dərc etdiyi karikaturadan heyrətə gəlib: "Fransanın satirik jurnalı olan "Charlie Hebdo" həmin karikatura ilə öz anti-türk və islamofob yanaşmasını bir daha nümayiş etdirdi".

Türkiyə və bu qüdrətli dövlətin dostları çətin günlərdə sevinənləri, xəyanət yolu tutanları qətiyyən unutmayacaq, vaxtı çatanda xainlərə törətdikləri əməllər mütləq xatırladılacaq... Belə xain düşüncələri ilə fransız-erməni-İran üçlüyünün gələcəyi böyük şübhələr doğurur, bu zavallı "bacılar" və molla rejimi anlamırlar ki, bu, əslində Türkiyədə baş vermiş təbii fəlakətdən daha dəhşətli reallıqdır.

Başqasının ağır gününü öz bayramına çevirmək xisləti fransız-erməni və molla rejimi üçlüyünün faciəsi və sağalmaz xəstəliyidir. Bu isə onlarda insanlıq keyfiyyətinin itirilməsinə, mənəvi-psixoloji pozğunluğun mövcudluğuna inkaredilməz sübutdur. Əlbəttə ki, Türkiyə güclü dövlətdir və bu fəlakətin də öhdəsindən gələcək. Yenidən dağ vüqarı ilə ayağa qalxacaq, bütün düşmənlərini məyus edəcək. Türkiyənin potensialı və resursları öz xalqının rifahını təmin etmək üçün yetərlidir.

Nurəngiz ADİLQIZI,

"Respublika".