PENTAQON ÇİNİN MƏXFI PLANI BARƏDƏ HESABAT DƏRC EDİB
ABŞ-ın Müdafiə Nazirliyinin yayımladığı hesabatda Çinin 2030-cu ilə qədər nüvə başlıqlarının sayını 1000-ə çatdırmağı və 2027-ci ilə qədər bütün qoşun növlərini yeni strukturlaşdırılmış şəbəkə altında birləşdirməyi planlaşdırdığı bildirilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Pentaqon Konqresə təqdim etmək üçün “Çinlə bağlı hərbi və təhlükəsizlik prosesləri” adlı hesabatını dərc edib.
Bununla yanaşı, hesabatda Çinin hərbi potensialını artırmaq səylərinin Pentaqonun 2020-ci il üçün proqnozlarını üstələdiyinə diqqət çəkilib.
Çinin nüvə potensialını artırmağı hədəflədiyi qeyd olunan sənəddə deyilir: “Çin nüvə inkişafı sürəti sayəsində 2027-ci ilə qədər 700-ə yaxın nüvə başlığı əldə edə bilər. Çin 2020-ci ildə Pentaqonun təxminlərini üstələyəcək və nüvə silahlarının sayını artıracaq. 2030-cu ilə qədər döyüş başlıqlarını ən azı 1000-ə çatdırmağı hədəfləyir”.
Hesabatda həmçinin 2020-ci ildə Çinin çox sayda yeni raket şaxtası inşa etdiyi qeyd edilib.
MİSİRDƏ DÖVLƏT QURUMLARI YENİ PAYTAXTA KÖÇÜRÜLƏCƏK
Misir prezidenti Əbdülfəttah əs-Sisi dekabr ayında hökumətə yeni inzibati paytaxta köçmək göstərişini verib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkə başçısının saytında yerləşdirilən məlumatda bildirilir. Qərar prezident ilə Misirin baş naziri arasında keçirilən görüşdə qəbul edilib.
Məlumata əsasən, Qahirə yaxınlığında tikilməkdə olan inzibati paytaxtın hökumət qərargahı və digər dövlət binaları artıq hazırdır. Köçürülmə altı ay ərzində həyata keçiriləcək.
Yeni inzibati paytaxt Qahirədən 45 kilometr aralıda yerləşir və artıq 20 milyondan çox insanın yaşadığı Qahirənin yükünü yüngülləşdirmək üçün salınıb. Bura 6,5 milyon nəfər üçün nəzərdə tutulub və bütün nazirliklər, parlament, dövlət qurumları yerləşdiriləcək.
Eyni zamanda, yeni inzibati paytaxt beynəlxalq uçuşları qəbul etmək üçün nəzərdə tutulmuş öz hava limanına da sahib olacaq.
NYU-YORKUN YENİ MERİNİN ADI AÇIQLANIB
Nyu-York şəhərinin keçmiş polis kapitanı və Bruklin inzibati ərazi vahidinin prezidenti Erik Adams Nyu-York şəhərinin mer seçkilərində qalib gəldiyini elan edib. “Trend” agentliyi xəbər verir ki, son nəticələrə əsasən, Erik Adams seçkidə 65 faizdən çox, respublikaçı namizəd Kertis Sliva isə 30 faizdən az səs toplayıb. Artıq Kertis Sliva öz nəvbəsində yeni merə postunda dəstək olacağını bildirib.
Demokrat olan E.Adams, 1990-cı il yanvarın 1-dən 1993-cü il dekabrın 31-dək bu vəzifəni tutan Devid Dinkinsdən sonra Nyu-York şəhərinin tarixində ikinci afro-amerikalı mer olacaq.
Şəhərin keçmiş meri Bill de Blasio vəzifəsini 2014-cü ildən tuturdu və onun ikinci səlahiyyət müddəti bu ilin sonunda başa çatacaq.
BOLQARISTANDA TORPAQ SAHƏLƏRİ PULSUZ PAYLANIR
Bolqarıstanın Svilenqrad şəhəri əhalinin xaricə axınından xilas olmaq və bununla da yeni sakinləri cəlb etmək üçün daşınmaz əmlak və yarımçıq evlərin tikintisi üçün pulsuz boş torpaq sahələri paylayacaq. Bu barədə “Report” agentliyi “TheMayor.EU” portalına istinadən xəbər verib.
Məlumata əsasən, Bolqarıstanda əhalinin sayı dünyanın bir çox ölkələrindən daha sürətlə azalır. Belə ki, XXI əsrin əvvəllərində Svilenqrad şəhərində 19 mindən çox insan yaşasa da, hazırda oranın 16 min sakini var. Ona görə də yeni sosial proqram gənc ailələr və təcrübəsiz mütəxəssislər üçün nəzərdə tutulub. Portal qeyd edib ki, yerli hakimiyyət bu tədbirlə əhalinin xaricə axınının qarşısını almaq istəyir.
Şəhər rəhbərliyinin qarşısına qoyduğu digər məqsəd daşınmaz əmlak bazarında təklifi artırmaqdır. Qeyri-adekvat şəraitdə yaşayan və şəxsi mənzili olmayanlar torpaq sahəsini pulsuz ala biləcəklər.
BİLL QEYTSIN TÜRKİYƏ SƏFƏRİNİN MƏQSƏDİ MƏLUM OLDU
“Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsin “Lana” adlı lüks yaxtası ilə ötən həftə Türkiyənin Bodrum mahalının körfəzlərində lövbər salmasının səbəbi məlum olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, dünyanın dördüncü ən zəngin adamı Türkiyədə ferma qurmaqdan ötrü torpaq sahəsi axtarır.
Məlumata əsasən, BMT-nin İqlim Sammiti öncəsi Bodrumda tətil edən Bill Qeytsin Türkiyədən yüzlərlə hektar əraziyə baxdığı iddia edilir. Mənbələr bildirirlər ki, Bill Qeyts keçmiş həyat yoldaşı ilə birlikdə idarə etdiyi 50 milyard dollarlıq Bill və Melinda Qeyts Fondu üçün Türkiyədə nəhəng kənd təsərrüfatı sahəsi yaratmaq istəyir.
Qeyd edək ki, 1955-ci il oktyabrın 28-də anadan olan Bill Qeyts ad günü mərasimi üçün xüsusi gecə təşkil etmək üçün Bodruma gəlib. ABŞ-ın e-ticarət nəhəngi “Amazon” şirkətinin qurucusu Ceff Bezosun da 66 yaşını qeyd edən milyonçunun ad gününə qatılmaq üçün Bodruma gəldiyi bildirilir.
DANİMARKADA QUŞ QRİPİ EPİDEMİYASI BAŞLAYIB
Danimarka hökuməti iri quşçuluq fermasında yüksək patogenli “H5N1” quş qripinin yayılmasını qeydə alıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Danimarkanın Ərzaq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyinin saytı məlumat yayıb.
Bildirilir ki, noyabrın 1-də Slagelse bələdiyyəsində təxminən 28 min hind quşu olan fermasında yüksək patogenli quş qripi “H5N1” epidemiyası təsdiqlənib.
Danimarka Baytarlıq və Qida Administrasiyası təsərrüfat ətrafında 3 və 10 kilometrlik zonalar yaradıb və zərər çəkmiş fermadan infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görür.
Bundan əlavə, noyabrın 3-də 50-yə yaxın toyuq, ördək və qazın olduğu quşçuluq fermasında yüksək patogenli “H5N1” quş qripinin növbəti epidemiyası təsdiqlənib.
DÜNYADA İLK DƏFƏ HAVA VƏ İŞIQDAN YANACAQ İSTEHSAL EDİLIB
Alimlər adi hava və günəş işığından yanacaq istehsal etmək üçün sınaq zavodu yaradıblar. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumat İsveçrənin Sürix Ali Texniki Məktəbinin saytında dərc olunub.
Tədqiqatçılar öz kəşflərini son nəticədə aviasiyaya karbon tullantılarından qurtulmağa kömək edəcək mühüm mərhələ kimi dəyərləndirirlər.
Verilən xəbərə görə, cihaz Günəşdən enerji alır və havadan karbon qazı, suyu tutur. Su və qazın qarışığı reaktora daxil olur və burada günəş işığı onları karbon monoksid və hidrogenə çevirir. Sonra bu qazların qarışığından maye karbohidrogenlər əmələ gəlir. Bildirilir ki, qurğu benzin, kerosin, metanol və ya digər yanacaq növləri istehsal edə bilər.
“WHATSAPP” MƏŞHUR FUNKSİYANI TƏKMİLLƏŞDİRİR
Məşhur “WhatsApp” tətbiqi mesajın silinməsi funksiyasının iş prinsipini dəyişmək niyyətindədir. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
“WhatsApp” hazırda istifadəçilərə həmsöhbətinə göndərdiyi mesajı yalnız bir saat ərzində silmək imkanı verir. Hazırda şirkət mesajın silinmə müddətini uzada biləcək funksiyanı sınaqdan keçirir. Tərtibatçılar müddəti iki aya qədər uzatmaq niyyətindədirlər. Yeni funksiyanın işə salınmasından əvvəl göndərilən mesajlar üçün bu seçimin işləyib-işləməyəcəyi məlum deyil.
Hələlik sözügedən funksiya yalnız Android və iOS üzrə proqramın beta testerləri üçün mövcuddur. Daha sonra bu seçim “WhatsApp”ın ictimai versiyasında istifadəyə veriləcək.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.