DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BURKİNA-FASODA DÖVLƏT ÇEVRİLİŞİ BAŞ VERİB

Burkina-Fasoda hərbçilərdən ibarət qrup dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirib və polkovnik-leytenant Paul-Henri Sandaoqo Damibanı prezident postundan kənarlaşdırıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, kapitan İbrahim Traore Burkina-Fasonun yeni lideri olub. Məlumata əsasən, cümə günü gecə saatlarında bir qrup hərbçi dövlət televiziyası ilə canlı efirə çıxaraq prezidentin vəzifəsindən uzaqlaşdırıldığını vurğulayıblar.

Eyni zamanda, hərbçilər ölkə hökumətinin buraxıldığını, konstitusiyanın və istənilən siyasi fəaliyyətin dayandırıldığını bəyan ediblər. Onların əmri ilə Burkina-Fasonun sərhədləri qeyri-müəyyən müddətə bağlanıb.

Bununla yanaşı, ölkədə saat 21:00-05:00 arasında komendant saatı tətbiq olunub.

Agentliyin xəbərinə görə, çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident və hökumət üzvlərinin harada olması ilə bağlı heç bir açıqlama verilməyib.

 

TÜRKİYƏ YUNANISTANA XƏBƏRDARLIQ ETDİ

Yunanıstanla arasındakı gərginliyi diplomatik yolla həll etmək istəyən Türkiyə adaların hərbləşdirildiyini, eləcə də Lozanna və Paris müqavilələrinin açıq şəkildə pozulduğunu bəyan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu bildirib. Onun sözlərinə görə, Səmadirəkdən Meysə qədər olan adalar silahsızlaşdırılmaq şərti ilə Yunanıstana verilib.

Məlumata əsasən, Feridun Sinirlioğlu BMT-yə növbəti dəfə məktub yazıb. Məktubda Yunanıstanın Lozanna və Paris sülh müqavilələri çərçivəsində verilən qərarları pozduğu və Egey dənizindəki bu adaları silahlandırma cəhdlərinin beynəlxalq təhlükəsizliyə təhdid yarada biləcəyi qeyd edilib.

Diplomat On İki Ada arxipelağı ilə bağlı da Paris razılaşmasına toxunaraq, əsas məqsədin Türkiyənin təhlükəsizliyini qorumaq olduğunu bildirib. Feridun Sinirlioğlu qeyd edib ki, Yunanıstan 1960-cı illərdən bəri bu adaları hərbləşdirib və müqavilələri açıq şəkildə pozub.

 

ALMANİYADAN SIĞINACAQ İSTƏYƏN UKRAYNALILARIN SAYI MƏLUM OLUB

Ukrayna-Rusiya müharibəsi başlayandan indiyə kimi 965 mindən çox ukraynalı Almaniyaya gəlib. Bu barədə “Report” agentliyinin Avropa bürosuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada qeyd olunur ki, Almaniyaya gələn Ukrayna vətəndaşları ölkənin 16 federal əyalətində otel, yataqxana və qoruyucu ailələrdə yerləşdiriliblər. BAMF-dan bildirilib ki, Almaniyaya vizasız daxil olan Ukrayna vətəndaşları ölkədə 90 gündən artıq qalmaq üçün yaşayış icazəsi almalıdır.

“Şəxsi məlumatların sübutu və polis tərəfindən şəxsiyyətin təsdiqi Ukrayna vətəndaşlarına müvəqqəti müdafiə üçün kifayət edir. Ukrayna müharibəsi qaçqınlarının qəbulu zamanı müvəqqəti sığınacaq səbəbləri ayrıca qeyd edilmir”, - deyə idarənin açıqlamasında vurğulanır.

BAMF-ın mətbuat xidmətindən bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında müxtəlif mənşəli ölkələrdən ümumilikdə 132 mindən çox insan Almaniyaya sığınacaq üçün müraciət edib.

 

ŞİMALİ KOREYA BALLİSTİK RAKETLƏRİN BURAXILIŞINI HƏYATA KEÇİRİB

Şimali Koreya şənbə günü səhər Yaponiya dənizinə doğru iki qısamənzilli ballistik raket buraxılışını həyata keçirib. “Trend”in verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Məlumata əsasən, buraxılışlar yerli vaxtla səhər saat 06:45 və 07:03-də Pxenyanın Sunan bölgəsindən həyata keçirilib. Bildirilir ki, raketlər maksimum 30 kilometr yüksəklikdə təxminən 350 kilometr məsafə qət edib və maksimal uçuş sürəti 6 maha çatıb.

Qeyd edək ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 22-ci raket sınağıdır. Əvvəlki hadisə sentyabrın 29-da baş verib. Cənubi Koreya hərbçilərinin məlumatına görə, həmin vaxt KXDR-in iki ballistik raketi təxminən 350 kilometr uçub, onların uçuşunun maksimal hündürlüyü təxminən 50 kilometr olub.

 

İRANDA ETİRAZ AKSİYALARI DAVAM EDİR

İranda hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğu üçün əxlaq polisinin Məhsa Əminini qətlə yetirməsinə qarşı etiraz aksiyaları davam edir. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki universitetin tələbələri oktyabrın 1-də yerli vaxtla saat 12:00-da etiraz aksiyasına başlayıblar. Aksiyada hökumət əleyhinə şüarlar səsləndirilib, tələbələrə və etirazçılara qarşı repressiyaların dayandırılması tələb edilib.

Eyni zamanda, İranın Zahidan şəhərində oktyabrın 1-də keçirilən etiraz aksiyası yenidən şiddətli qarşıdurmalarla müşahidə olunub. Məlumata görə, sentyabrın 30-da baş verən şiddətli toqquşmalardan sonra şəhərə əlavə qüvvələr yeridən hökumət nəzarəti ələ almaqda çətinlik çəkir.

Qarşıdurmalar nəticəsində çoxlu sayda ölənlər və yaralananların olduğu barədə məlumatlar var. Onların sayı barədə dəqiq məlumat yoxdur.

Etiraz aksiyaları şənbə günü həm də paytaxt Tehranla yanaşı, Kərəc, Şiraz, Kirman, İlam, Yəzd, Rəşt, İsfahan və başqa şəhərlərdə də keçirilib.

 

ABŞ-DA İNTİHAR HALLARININ SAYI YENİDƏN ARTIB

ABŞ-da intiharların sayı 2021-ci ildə artaraq, əvvəlki iki ildəki azalma tendensiyasını dəyişib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” ABŞ-ın Xəstəliklərin Nəzarət və Profilaktika Mərkəzinə istinadən məlumat yayıb.

“İntiharların sayı ötən il 2020-ci illə müqayisədə 4 faiz artıb. Bu göstəricinin artması əsasən kişilər arasında intiharlarla bağlı olub. Ən çox artım 15-24 yaş arası kişilər arasında qeydə alınıb”, - deyə açıqlamada bildirilir.

Bu yaxınlarda ABŞ mətbuatı 2020-ci ildə ölkədə intiharların səviyyəsinin əvvəlki illə müqayisədə 6 faiz azaldığını və bunun son 40 ildə rekord azalma olduğunu qeyd edib.

Eyni zamanda, nəşr qeyd edir ki, iyul ayında ABŞ hökuməti ağır psixoloji vəziyyətdə olan insanlara psixoloji yardım göstərmək üçün 24 saat işləyən qaynar xətt işə salıb.

Bununla yanaşı, Ağ Ev gənc amerikalıların misli görünməmiş mental sağlamlıq böhranı fonunda uşaq və yeniyetmələrə psixoloji dəstək tədbirlərinin genişləndirildiyini elan edib. İlk addım kimi məktəblərdə psixoloji yardımın genişləndirilməsi üçün 300 milyon dollar vəsait ayrılıb.

 

CEYMS BONDUN AVTOMOBİLİ REKORD MƏBLƏĞƏ SATILIB

“Christie's” hərracında Ceyms Bond haqqında “Ölməyə vaxt yoxdur” filmindən olan avtomobilinin texniki nüsxəsi 2,9 milyon funt-sterlinqə satılıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Aston Martin” şirkətinin mətbuat katibi bildirib.

“Bu kaskadyor avtomobil “Aston Martin” tərəfindən “Ölməyə vaxt yoxdur” filmi üçün xüsusi olaraq hazırlanmış və dizayn edilmiş səkkiz avtomobildən biridir və hər bir avtomobil ekrandakı roluna uyğunlaşdırılmışdır”, - deyə şirkətin açıqlamasında qeyd olunub.

Bildirilir ki, avtomobil fırlanan rəqəmsal nömrə nişanı, geri çəkilə bilən fənərlər, geri çəkilə bilən pulemyotlar və atəş bombaları da daxil olmaqla cihazlarla təchiz edilib.

Məlumat üçün qeyd edək ki, sözügedən avtomobil Britaniya kəşfiyyatının ilk supercasus filminin 60 illiyi şərəfinə satışa çıxarılıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.