Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.
24 sentyabr
- Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.
25 sentyabr
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycan-Türkiyə əməkdaşlığı regiona əmin-amanlıq və rifah gətirir
Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində səmərəli regional layihələrə ölkə başçımızla birgə start verməsi olduqca əlamətdar idi. Həmçinin ölkə başçımızla təkbətək görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunub. Bundan başqa, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında da fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ölkə başçılarının Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalamaları, İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoymaları, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etmələri regiona yeni nəfəs verəcək.
Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub. Çağdaş dünyanın dəyişməsi fonunda ikitərəfli əlaqələr daha da möhkəmlənir, inkişaf edir. Azərbaycan və türk xalqının eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər qarşılıqlı bağlara malik olması isə iki dövləti bir-birinə doğma edən başlıca amillərdən hesab olunur. Yeni əməkdaşlıq tədbirləri Azərbaycan-Türkiyə münasibətlərinin hərtərəfli inkişafını təmin etməklə, ilk növbədə ölkələr arasında ticarəti stimullaşdıracaq.
- Xocalıda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş baş tutub.
- Azərbaycan Ordusuna məxsus avtomobil minaya düşüb, iki nəfər şəhid olub.
- Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başladıb.
- Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib.
26 sentyabr
- Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib.
- ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
- Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın söndürülüb.
- Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb.
- Bakıda II Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib.
27 sentyabr
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
- Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini, Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.
- Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib.
- Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün heyətlə birgə 53 avtomobil və zəruri avadanlıqlar göndərilib.
- Ruben Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən DSX əməkdaşları tərəfindən saxlanılıb.
Bu da separatçıların son aqibəti
Separatçıların rəhbəri Samvel Şahramanyan Xankəndidəki qondarma respublikanın ləğv edilməsi ilə bağlı "fərman" imzaladı. Əslində bu proses başlanğıcın qondarma "Dağlıq Qarabağ respublikasının dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyanın sentyabrın 27-də Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılmasından götürüb. Bununla yanaşı, daha bir cinayətkar ünsür Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib. Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində Manukyanla da bağlı ibtidai istintaq davam etdirilir.
Bu həbslər digər separatçılara mühüm mesajdır. Köçəryan, Sarkisyan, Arutyunyan, Balasanyan və digərləri tezliklə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Bakıya gətiriləcək. Bunun mesajını əslində Xankəndidən qaçmağı bacaran terrorçu-xunta rejimində bir vaxtlar "vəzifə" daşıyan Samvel Babayan da verib. O, mübarizə apardığı Bako Saakyan, Arkadi Qukasyan və digərlərinin Azərbaycanda həbs olunmasına sevinəcəyinə eyham vurub.
- Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların siyahısı açıqlanıb.
28 sentyabr
- Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib.
- Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub.
- Cəbrayıl şəhərində inzibati binanın təməli qoyulub.
- Kreml Ermənistanın Roma statutunu ratifikasiya etmək qərarını düşmənçilik kimi qiymətləndirib.
- Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransının açılış mərasimində iştirak edib.
- Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn hərbçilərin kredit borcu silinib.
- Bakıda 21-ci Kosmik Nəsil Konqresinin açılış mərasimi olub.
29 sentyabr
- Prezident İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib.
Qarabağ və Şərqi Zəngəzuru cənnətə çeviririk
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib: "Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi... Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək". Daha bir sevindirici xəbəri zəngilanlılar başda olmaqla bütün Azərbaycan xalqına çatdıran ölkə başçımız Zəngilana ilk köçün vaxtını açıqlayıb. Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, burada infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra olunmaqdadır: "2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar". Bununla yanaşı, Böyük Qayıdış Proqramının uğurlu icra prosesindən də bəhs edən dövlətimizin başçısı yurd-yuvalarından ayrı düşmüş soydaşlarımızın artıq öz yerlərinə qayıtmağa başladığını da qeyd edib. Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, irihəcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir. Bununla yanaşı, ölkə başçımız qeyd edib ki, azad edilmiş ərazilərin yenidən qurulması üçün bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurun bərpasına 12 milyard manata (7 milyard dollar) yaxın vəsait yönəldiləcək və ilk mərhələdə 8 şəhər və 100 kənd bərpa ediləcək. Növbəti il üçün planlaşdırılan minimum büdcə isə 2,4 milyard ABŞ dolları olacaqdır.
- Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib.
- Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.
- Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib.
- Düşənbədə Baş nazir Əli Əsədov Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.
- Naxçıvanda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib.
- Xankəndi yaxınlığında baş vermiş yanğında xilasedicilərimiz 48 nəfərin cəsədini çıxarıblar.
30 sentyabr
- Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri cənab Si Cinpinə məktub.
- Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib.
- Müdafiə Nazirliyi Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya qurğularının videogörüntülərini paylaşıb.
- Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir.
- Azərbaycan BMT-nin Məskunlaşma Proqramına bir milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
"Respublika".