Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

İmran Qasımov

Yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardan biri də Xalq yazıçısı İmran Qasımovdır. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirib. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

Dramaturq və kinossenarist İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində anadan olub. O, açıqfikirli bir ailədə böyüyüb, savadlı, məlumatlı, zəkalı insanlardan müsbət cəhətlər əxz edib. Adını daşıdığı əmisi - İmran Qasımov qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə və başqa şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək Azərbaycanda musiqili teatrın yaranmasında, inkişafında böyük rol oynayıb. 1914-cü ildə vəfat edən əmisinin adını dörd il sonra dünyaya gələn qardaşı oğluna veriblər.

Yazıçının atası Həşim Qasımov ötən əsrin əvvəllərində Azərbaycanın Peterburqda ali təhsil almış ilk mühəndislərindən biri idi. Anası Mələk xanım da dövrünün nəcib, geniş dünyagörüşə malik qadınlarından olub. İ.Qasımov 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafında əvəzsiz xidmətləri olan İ.Qasımov uzun müddət Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan kinematoqrafiya nazirinin birinci müavini, "Literaturnıy Azerbaidjan" jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusu xüsusi yer tutur. Buna "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir" (H.Seyidbəyli ilə birlikdə), "İnsan məskən salır", "Arzu", "Xəzər üzərində şəfəq" və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirdiyi üçün onun əsərləri gənc oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.

İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən "Uzaq sahillərdə" filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.

Onun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.

Nasir, dramaturq, ssenarist və publisist İmran Qasımov çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdəndir. Onun yaradıcılığı haqqında müxtəlif monoqrafiya və əsərlər qələmə alınıb. İmran Qasımov ömrü boyu müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərə imza atıb. Yazdığı əsərlər oxucular tərəfindən maraqla qarşılanıb.

Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.

O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfər edən yazıçı müxtəlif görüşlər keçirib, maraqlı adamlar haqqında xatirələr yazıb. İmran Qasımov 63 il ömür yaşayıb. O, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.

Sergey Raxmaninov

Rus klassik musiqisinin görkəmli nümayəndələrindən söz düşəndə ilk xatırlananlardan biri də bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninovdur. Romansları ilə məşhurlaşan, həkiminin şərəfinə konsert verən bu bəstəkar  bənzərsiz əsərləri ilə dünyanın musiqi salnaməsinə solmaz səhifələr yazıb.

Rusiyanın Novqorod quberniyasında musiqiçi ailəsində dünyaya göz açan Sergey Vasilyeviç Raxmaninovun babası Arkadi Aleksandroviç həvəskar pianoçu və bəstəkar olub. Onun atası və anası da musiqi ilə maraqlanıb. Ona görə də Sergey erkən çağlardan musiqiyə maraq göstərib.

Fortepiano dərsləri üzrə ilk müəllimi isə babası olub. O, xatirələrində yazır ki, ilk əvvəllər musiqidən heç xoşu gəlməzmiş... Ancaq babası onda musiqiyə dərin maraq yarada bilir. Bir müddət sonra fortepianonu babası ilə birgə ifa edirlər. 8 yaşında valideynləri ilə birgə Sankt-Peterburq şəhərinə köçən balaca bəstəkar orada Konservatoriyanın aşağı yaş fortepiano sinfinə qəbul edilir. Qeyri-adi yaddaş və musiqi duyumu olan Sergey 18 yaşında fortepiano sinfi üzrə məşğələləri uğurla başa vurur.

Deyilənlərə görə, gənc bəstəkarın 1-ci simfoniyası tənqidlərə  məruz qalıbmış. Bu durumdan bərk sarsılan Sergey Raxmaninov məşhur həkim və psixoloq N.V.Dala müraciət edir. Bir neçə seanslardan və həkimin verdiyi məsləhətlərdən sonra  özünə gəlir. Bəstəkar minnətdarlıq olaraq  2-ci fortepiano konsertini həmin həkimə həsr edir.

1917-ci ildə Rusiyada Oktyabr inqilabı baş verir. Ardınca hərbi çevriliş olur. Bolşeviklər hakimiyyəti ələ alırlar. Bir çox yaradıcı insanlar kimi, Sergey Raxmaninov da siyasətdən və inqilabi işlərdən uzaq durur. Bütün bunlara baxmayaraq, o, vətəni üçün narahatlıq keçirir. Bolşeviklərin həyata baxışları ilə barışa bilmədiyinə görə də Rusiyanı birdəfəlik tərk etməli olur. O, əvvəlcə Danimarkaya gedir. Bir il burada yaşayır və çoxsaylı konsertləri ilə ictimaiyyət qarşısında çıxış edir. Daha sonra isə Amerikaya köçüb Rod-Aylend ştatında məskunlaşır. Providens şəhərciyində ilk konsertini verir. Tamaşaçıların sevgisini qazanan bəstəkar 25 il bu şəhərdə yaşayıb-yaradır. Amerikada çıxış edən xarici ifaçılar arasında heç kimə nəsib olmayan uğur qazanır.

Musiqisevərlər, xüsusilə də sənətşünaslar S.Raxmaninovu "gecikmiş romantik" adlandırıblar. Araşdırmalarda qeyd edilir ki, o, bir müddət müasir musiqinin yeniləşmə meyillərindən uzaq düşür. Əsərlərində daha çox romantik dövrdən miras qalan ifadə vasitələrinə müraciət edir. Yaratdığı nikbin və faciəvi obrazlar insan qəlbinin ən kövrək hisslərinə toxunur.

S.Raxmaninov İkinci Dünya müharibəsi illərində faşizmlə mübarizə aparan vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir. Yığılan pulları isə sovet ordusunun fonduna köçürür. 70 yaşında Nyu-Yorkda vəfat edən bəstəkar elə orada rus qəbiristanlığında dəfn olunur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".