Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Geyinilə bilən kondisioner

Yaponiyanın tanınmış texnologiya şirkəti "Sony" isti havalarda sərinləmək üçün geyinilə bilən "Sony Reon Pocket 5" adlı kondisionerini təqdim edib.

Portativ kondisioner boyun nahiyəsinə taxılaraq istifadəçinin sərinləməsinə kömək edir. Adından da göründüyü kimi, geyinilə bilən kondisioner konsepti "Sony" üçün heç də yeni deyil. İlk dəfə 2019-cu ildə təqdim edilən cihaz, müxtəlif inkişaflarla beşinci versiyasına çatıb. Portativ kondisioner termoelektrik soyutma prinsipi ilə işləyir.

Soyutma ilə yanaşı, sensorlarla da təchiz olunan cihazda optimal sərinlətmə səviyyəsi, havanın temperaturunu, rütubəti və bədən hərəkətini izləməklə tənzimlənir. "Reon Pocket Tag" adlı kiçik modulla təchiz edilən cihaz, həmçinin soyuq havalarda isitmə funksiyasına da sahibdir. Şirkətdən verilən məlumata görə, "Reon Pocket 5" əvvəlki versiyadan 1,5 dəfə yüksək soyutma performansı və 1,8 dəfə daha uzun batareya ömrü təklif edir.

İnsan emosiyalarını təyin edən süni zəka modeli

Böhran xətti adlandırılan telefon xətlərinə edilən zənglər zamanı insanların duyğularını başa düşmək olduqca çətindir. Kanadanın Concordia Universitetinin aspirantı Alaa Nfissi bu problemi aradan qaldırmaq üçün səs vasitəsilə insan emosiyalarını təyin etməyi bacaran süni zəka modeli yaradıb. Layihənin müəllifi bu yeniliyin intihar hallarının qarşısının alınmasında faydalı olacağını bildirib.

Duyğuları səs yolu ilə aşkar edə bilən süni intellekt sistemi insanların danışığından onların kədərli, qəzəbli və ya qorxu içində olduğunu başa düşəcək. Əslində intihar söhbətləri ilə bağlı araşdırmalar 30 ildən çoxdur ki, başlayıb. Artıq depressiya da daxil olmaqla müxtəlif psixi vəziyyətləri və pozuntuları diaqnoz etmək üçün süni intellektdən istifadə edilir.

Təbii ki, belə qiymətləndirmələr indiyə qədər psixoloqlar tərəfindən aparılırdı və bu proses səbir, təcrübə tələb edirdi. Lakin indi psixoloqların təcrübəsinə və səbrinə ehtiyac duymadan yalnız telefon zəngi ilə insanların intihar riskinin qiymətləndirməsi olduqca asanlaşa bilər.

Yeni yumşaq elektron dəri

Texas Universitetinin tədqiqatçıları insanabənzər robotlar üçün insan dərisi ilə eyni yumşaqlıq və tekstil həssaslığına malik olan yeni elektron dəri hazırlayıblar.

İndiyə qədər olan elektron dərilərin materialı dartıldıqca öz həssaslığını və dəqiqliyini itirirdi. Lakin tədqiqatçılar tərəfindən hazırlanmış yeni elektron dəri dartıldıqdan sonra orijinal formasını bərpa edə və təzyiqə qarşı reaksiyasını qoruya bilir. Buna görə də elektron dəri dəqiqlik və güc nəzarəti tələb edən tapşırıqlar üçün yeni imkanlara yol açır.

Gələcəkdə ondan xəstələrin nəbzini yoxlayan, bədənlərini təmizləyən və masaj edən robotlarda istifadə edilə bilər. Həmçinin bu tip robotların təbii fəlakətlər zamanı xilasetmə işlərində də istifadə edilə biləcəyinə ümid edilir.

"İnsanlarla mehriban davranmağın yeni yollarını tapmalıyıq və robotlar bu tapmacanın vacib hissəsidir", - deyə layihə rəhbəri Nanshu Lu açıqlamasında bildirib.

Elektriklə çalışan insanabənzər robot təqdim edildi

Robototexnika sahəsində fəaliyyət göstərən Pekin İnnovasiyalar Mərkəzi tamamilə elektriklə çalışan insanabənzər unikal robotunu təqdim edib.

"Tiangong" adlı robot saatda 6 kilometr sürətlə qaça bilir. Boyu 163 sm, çəkisi isə 43 kiloqram olan robot ətraf mühitin vizual təsvirinin formalaşdırılması üçün nəzərdə tutulmuş 3D video sensorlara sahibdir. "Tiangong" insanabənzər robotların hərəkətlərinin öyrənilməsi mövzusunda yeni üsuldan istifadə edir. Bu üsul "State Memory-based Predictive Reinforcement Imitation Learning" adlanır. Burada robotun təbii qaçış imkanı əsas rol oynayır. Məlumata görə, robot açıq mənbə koduna sahibdir. Bu isə öz növbəsində onun müxtəlif sahələrdə tətbiqi potensialını artırır.

Robot sınaq zamanı pilləkənlər və düz olmayan səthlərdə naviqasiyanın öhdəsindən gələrək dəyişən şərtlərə adaptasiya bacarığını sərgiləyib. Onun qaçma özəlliyinə sahib olması müxtəlif sahələrdə tətbiqinə yol açır. Buna misal olaraq axtarış-xilasetmə əməliyyatlarını və ya istehsalat sənayesini göstərmək olar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".