MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Vafi City Mall

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda 2022-ci ildə Vafi Mall adlı ticarət mərkəzi inşa olunub. Mərkəz Şeyx Rəşid yolu ilə Oud Metha yolunun kəsişməsində tikilib. Piramida şəklində dizayn edilən binanın tikintisində misir motivlərindən istifadə edilib. Şüşədən hazırlanan piramidanın giriş hissəsində Sfinksin heykəli quraşdırılıb.

Vafi City Mall 18 mərtəbəli və 248 otaqdan ibarət 5 ulduzlu Raffles Dubai oteli və yaşayış kompleksinin bir hissəsidir. 80000 kvadratmetr ərazini əhatə edən kompleks şəhərin mərkəzində yerləşir. Vafi Mall, hətta ən tələbkar alış-veriş həvəskarının ehtiyaclarını ödəyə bilən kifayət qədər orijinal və qeyri-standart məkandır. Ticarət mərkəzinə dünyanın aparıcı brendlərinin 350-dən çox geyim, ayaqqabı, aksesuarlar mağazası və 30-dan çox restoran daxildir. Vafi Mall-ın vizit kartı Şərqin ən yaxşı sənətkarlarının əsərlərinin təqdim olunduğu zərgərlik mağazalarıdır. Kompleksdə "Encounter Zone" əyləncə mərkəzi də fəaliyyət göstərir. Axşamlar binanın fasadında füsunkar işıq və səs lazer şousu olur. Məşhur Xan Murjan bazarı da mərkəzin ərazisində yerləşir. Binanın damında isə möhtəşəm botanika bağı var.

Torres Porta Fira

İspaniyada inşa olunan Torres Porta Fira hotelinin binası uzaqdan məxmər parçaya bənzədiyi üçün yerli əhali arasında "Velvet House" adlandırılıb. Binanın müəllifləri məşhur yapon memarı Toyo İto və nüfuzlu ispan memar Fermin Vaskes olub. İki hündürmərtəbəli binadan ibarət Torres Fira kompleksinin biri mehmanxana, digəri isə ofis üçün nəzərdə tutulub.

T.İtonun layihələri ilk öncə maraqlı estetikası ilə seçilir. Bu səbəbdən də o, dünyanın ən yenilikçi və nüfuzlu memarlarından biri hesab olunur. F.Vaskes isə normadan kənara çıxan davamlı memarlıq üslubu ilə seçilir. Torres Porta Fira binaları da bunun bariz nümunəsidir. Mehmanxana binasının əsas fasadı yoxdur, belə ki, o hər tərəfdən fərqli görünür - həm lotos çiçəyinə bənzəyir, həm də ağaca. 80 108 kvadratmetr ərazidə yerləşən otelin ümumi sahəsi 34 688 kvadratmetrdir. 320 otaqlı Torres Porta Fira hoteli 26 mərtəbədən ibarətdir, hündürlüyü isə 117 metrdir. Kompleksin ofis hissəsinin ərazisi 45 420 kvadratmetrdir. 24 mərtəbəli ofisin hündürlüyü 119 metrdir. 

Akershus qalası

Skandinaviyanın ən güclü qalalarından biri olan Akershus qalası Oslo limanının sahilində Kral V Hakon Maqnusson tərəfindən tikilmişdir. Qalanın sahildə yerləşməsi təkcə şəhərin müdafiəsi üçün deyil, həm də gəmiçilik və ticarətin inkişafı üçün böyük strateji əhəmiyyətə malik idi. XVI əsrdə qala ildırım vurması və yanğın nəticəsində tamamilə dağıldı. 1896-cı ildə Qalanın bərpası üçün memar Piter Bliks yeni layihə təqdim etdi. Renessans üslubunda hazırlanan bu layihə Norveç parlamentindən qrant aldı. Norveç memarlığı tarixində ilk dəfə idi ki, kərpic və daşdan əzəmətli qala tikilirdi. 1899-cu ildə qala tamamilə bərpa edildi. O zamanlar yerli əhali arasında belə bir deyim də var idi: "Akershus qəsrini idarə edən bütün Norveçi idarə edir". Öz tarixi boyu qala yalnız İkinci Dünya müharibəsi zamanı döyüşsüz nasist Almaniyasına təslim oldu və onun ərazisində Gestapo yerləşdirildi.

Mif və əfsanələrlə əhatə olunmuş qədim istehkam qalası Norveçin ən maraqlı attraksionlarından biridir. Bu gün Akershus qalasında Norveç Silahlı Qüvvələrinin Baş Qərargahı və Müdafiə Nazirliyi yerləşir. Qalanın Olav zalında dövlət qəbulları keçirilir. Hazırda qalanın ərazisində iki muzey fəaliyyət göstərir. Qəsrin ən hündür yerindən Oslonun gözəl panoraması və körfəzin mənzərəsi açılır.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".