Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Telegram" nəzarət altında olacaq

Avropa Birliyi "Telegram" üzərində nəzarəti gücləndirmək niyyətindədir. Belə ki, bu sosial şəbəkədə moderasiya ilə idarənin olmaması səbəbilə messencer təkcə adi istifadəçilər arasında deyil, həmçinin terrorçular arasında da məşhurdur. Avropa Birliyinin kontent moderasiyası barəsində olan yeni qanunlarına uyğun gəlmək üçün "Telegram" Avropa regionunda öz təmsilçisi qismində Brüsselin (Belçika) EDSR (European Digital Services Representative) şirkətini seçib. Beləliklə, bundan sonra messencer Belçika hökuməti tərəfindən tənzimlənəcək və bu ölkənin tənzimləyici orqanları tərəfindən ciddi nəzarət altında olacaq.

Bu, Avropa Birliyinin yeni qanunvericiliyi ilə bağlıdır. Yeni qanunvericiliyə əsasən internet platformaları qanunsuz kontentlər və dezinformasiya ilə mübarizə aparmalıdırlar.  Məlumata görə, Avropa Birliyinin Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən Avropada fəaliyyət göstərən bütün böyük İT şirkətlər öz rəsmi təmsilçilərini təyin etməlidirlər. Məhz həmin təmsilçilər vasitəsilə milli tənzimləyici orqanlar kontent moderasiyası ilə bağlı qanunlara riayət edilib-edilmədiyinə nəzarət edəcəklər. "Telegram" isə özünün Avropa təmsilçisi qismində Belçikanın EDSR şirkətini seçib.

"Mazda" yeni elektromobilini təqdim edib

"Mazda" şirkəti Pekin avtomobil sərgisində "Arata" adlı elektrikli krossoverini təqdim edib. Şirkətdən verilən məlumata görə, elektromobil "Mazda MX-30" adlı krossoveri əvəz edəcək. Bu konsept 2012-ci ilin sonunda iki şirkətin birgə təsis etdiyi "Changan Mazda" brendi tərəfindən hazırlanıb. Çox güman ki, bu yeni elektrikli krossover artıq satışda olan "Changan Deepal SU7"nin əsasında hazırlanacaq.

Məlumata görə, "Arata" elektromobilinin hazırlanmasında "Mazda"nın "Kodo Design" fəlsəfəsindən istifadə edilib. Sözügedən  elektromobil konseptinin ənənəvi arxa baxış güzgüləri kameralarla əvəzlənib. Bununla yanaşı, elektromobildə ənənəvi qapı tutacaqları da yoxdur. "Arata"nın kütləvi istehsalına 2025-ci ildə start verilməsi gözlənilir. Lakin onun Çindən kənarda satışa çıxarılıb-çıxarılmayacağı hələ ki, məlum deyil.

"TikTok" ABŞ hökumətini məhkəməyə verib"TikTok" ABŞ hökumətini məhkəməyə verib

Türkiyə mətbuatının yaydığı xəbərə görə,  dünyanın ən məşhur sosial platformalarından biri olan "TikTok" ABŞ hökumətini məhkəməyə verib. Bu "ByteDance" şirkətini TikTok-u satmağa məcbur etmək üçün nəzərdə tutulmuş yeni qanun layihəsi ilə bağlıdır. "TikTok" məhkəmə vasitəsilə sözügedən qanun layihəsinin ləğv edilməsinə çalışacaq.

Sosial şəbəkənin bəyanatında qeyd edilib ki,  ABŞ hökuməti tərəfindən qəbul edilmiş yeni qanun layihəsi söz azadlığını pozur, bu isə ölkə iqtisadiyyatına və "TikTok"u öz biznesinin inkişafı, gəlir mənbəyi üçün istifadə edən sahibkarlara zərər vura bilər.

Qeyd edək ki, Co Bayden tərəfindən imzalanmış qanun layihəsinə əsasən,  "ByteDance" şirkəti 270 gün ərzində "TikTok"u satmalıdır. Əks halda sözügedən servis ABŞ ərazisində tamamilə bloklanacaq.

NASA qara dəlikdə səyahətlə bağlı video yayımlayıb

Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsi nəticəsində yaranan "ssenarilərdə" nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb.

NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin astrofiziki Jeremy Schnittman yaratdığı videoda işığın belə qravitasiya təsirindən qaça bilmədiyi qara dəlikdə üfüq nöqtəsindən kənara keçdiyimiz zaman nələr baş verəcəyini göstərib. Nəticədə ortaya çıxan şəkillər həqiqətən də təsiredici və göz-oxşayan alınıb. Bu vizuallaşdırmalarda Schnittman, nisbiliyin nəzəri tərəfini müşahidə edilə bilən nəticələrlə açmaq istədiyini bildirib. Bu videoda 2 fərqli ssenari var. Ssenarilərdən birincisində qara dəliyin üfüq nöqtəsini keçərkən görünə biləcək hadisələr simulyasiya edilir. İkinci ssenaridə isə kamera birbaşa qara dəliyin mərkəzindən keçir. Beləliklə, kamera bizə məlum olmayan bu sirli kosmik quruluşda səyahət edir. Bir müddətdən sonra istiqamət və işıqların miqyası ilə bağlı qavrayışımız yox olur. Nəhayət, sonda isə kamera tamamilə qaranlığa qərq olur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".