Qazaxıstan ICAO-nun ekoloji aviayanacaq üzrə proqramına qoşulub
Dünya xəbərləri

Qazaxıstan ICAO-nun ekoloji aviayanacaq üzrə proqramına qoşulub

Qazaxıstan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə saziş imzalayıb. Bununla da o, Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələri arasında ekoloji aviasiya yanacağı sahəsində proqrama (CT-SAF) qoşulan ilk ölkə olub.

"Respublika" Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ICAO qarşısına 2050-ci ilədək beynəlxalq uçuşlardan xalis sıfır emissiyaya nail olmaq məqsədi qoyub.

“Bu məqsədə nail olmaqdan ötrü ICAO-nun Avropa-Şimali Atlantika bürosunun regional direktoru Nikolya Rallonun Qazaxıstana səfəri zamanı bu ölkənin ekoloji aviasiya yanacağı sahəsində potensialının yaradılması və maarifləndirməyə dəstək üzrə proqrama (ACT-SAF) qoşulması haqqında Qazaxıstan və ICAO arasında saziş imzalanıb”, - deyə nazirlikdə bildiriblər.

Sənədi Qazaxıstan Respublikası nəqliyyat nazirinin müavini Talqat Lastayev və ICAO-nun Avropa-Şimali Atlantika bürosunun regional direktoru Nikolya Rallo imzalayıblar. ICAO Qazaxıstana ACT-SAF proqramının tədbirlərinin hazırlanmasında və iştirakında, o cümlədən qabaqcıl təcrübə və aktual informasiya mübadiləsində, maarifləndirici seminar və təlimlərdə, milli fəaliyyət planlarında SAF ilə bağlı məsələlərdə texniki dəstəkdə, habelə SAF üzrə konkret layihələrin icrasında kömək edəcək.