DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

BAYDEN URAN İDXALINI QADAĞAN EDƏN QANUN LAYİHƏSİNİ İMZALAYIB

ABŞ prezidenti Cozef Bayden Rusiyadan ABŞ-a uranın idxalını qadağan edən qanunu imzalayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Cozef Bayden “Rusiya Federasiyasında və ya Rusiya şirkəti tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edən” qanunu imzasıyla təsdiqləyib.

Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlamasında bildirib ki, Rusiyadan uranın idxalına qadağa ABŞ-a dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı aradan qaldırmağa imkan verəcək.

Müşavirin fikrincə, ölkə başçısının imzaladığı qanun “dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla və son nəticədə aradan qaldırmaqla ölkənin enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək”. Onun sözlərinə görə, Baydenin sorğusu ilə ABŞ Konqresinin təsdiq etdiyi 2,72 milyard dollar vəsaitin ayrılması ABŞ-da uranın zənginləşdirilməsi üçün potensialın yaradılmasına yol açacaq.

Xatırladaq ki, bir müddət öncə ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləmişdi.

GÜRCÜSTAN PARLAMENTİ QALMAQALLI QANUN LAYİHƏSİNİ QƏBUL EDİB

Gürcüstan parlamentinin mayın 14-də keçirilən plenar sessiyasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi üçüncü və sonuncu oxunuşda qəbul olunub. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilir ki, Gürcüstan parlamentinin 84 deputatı qanun layihəsinin lehinə, 30 nəfər isə əleyhinə səs verib.

Müzakirələr ölkənin hakim “Gürcü Arzusu” partiyası ilə müxalifət fraksiyasından olan partiyalar arasında etirazların və mübahisələrin fonunda keçirilib. Həmçinin Gürcüstan parlamentinin qarşısında etirazlar keçirilib, etirazçılar Rustaveli prospektini, eləcə də parlament binasına yan girişi bağlayıblar.

Verilən xəbərə görə, Birləşmiş Ştatlar artıq Gürcüstanı sözügedən qanun layihəsinin qəbuluna görə məsuliyyət daşıyanlara qarşı sanksiyalarla hədələyib.

RUSİYA RAKETLƏRİNİN NATO ƏRAZİSİNDƏN VURULMASI İDEYASI TƏNQİD EDİLİB

“Almaniya parlamentinin deputatlarının NATO üzvü olan ölkələrin ərazilərindən hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə Ukrayna səmasında Rusiya pilotsuz təyyarələrini və raketlərini vurmaq ideyası təhlükəlidir”. Bunu Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyasının rəhbəri Rolf Mütsenix “Tagesspiegel” nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Fraksiya rəhbəri xatırladıb ki, bu qərar NATO ölkələrinin Ukrayna münaqişəsinə fəal müdaxiləsinin yolverilməzliyi prinsipinə ziddir: “Mən belə təklifləri son dərəcə təhlükəli və məsuliyyətsiz hesab edirəm”.

Deputat bildirib ki, Ukraynanı hava zərbələrindən qorumaq üçün Almaniya ərazisindən Rusiya raketləri vurulmağa başlasa, ölkəsi münaqişə tərəfinə çevriləcək.

Xatırladaq ki, bir müddət öncə Bundestaqın bəzi üzvləri NATO dövlətlərinin ərazisindən Ukraynada Rusiya raketlərinin vurulması ideyasını dəstəkləyiblər.

70 MİN İL ƏVVƏL YOXA ÇIXAN SİRLİ SİVİLİZASİYANIN İZİ İLƏ

Avstraliyanın Sidney Universitetinin tədqiqatçıları qədim zamanlarda qitəni Tasmaniya və Papua-Yeni Qvineya adaları ilə birləşdirən Sahul qitəsinin xəritəsini hazırlayıblar. Sahul da əfsanəvi Atlantida kimi, okeanın dərinliklərində qeybə çəkilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Planet Today” portalı məlumat yayıb.

Bildirilir ki, alimlərin hazırladıqları xəritə təxminən 70 min il əvvəli - nəhəng Sahul qitəsinin Pleystosen dövründəki mövcudluğunu təsvir edir. Tədqiqatçıların sözlərinə görə, o zamanlar Yer kürəsi son buz dövrünün pik həddini yaşayırdı. Buzlaşma dəniz səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə səbəb olmuş, indiki materik Avstraliyanı şimalda Papua Yeni Qvineya və cənubda Tasmaniya ilə birləşdirən şelf hissələrini üzə çıxarmışdı. Məlumata görə, tədqiqat insanların Sahul ətrafında hərəkət etdiyi dövrləri dəqiq hesablamağa kömək edib.

Mütəxəssislər landşaftın nüansları və qida məsələsini nəzərə alaraq, ən çox ehtimal olunan tarixdən əvvəlki miqrasiya marşrutlarını müəyyən etmək üçün minlərlə simulyasiya aparıblar. Məlum olub ki, aborigenlər əsasən çay və axınları rəhbər tutaraq Sahulun sahilləri və daxili əraziləri boyu hərəkət ediblər.

Model yarım milyona qədər insanın yaşadığı güman edilən Sahuldakı həyatın şəklini çəkməyə imkan verib. Tədqiqatçılar vaxtilə bu yerlərdə yaşamış qədim insanlara dair abidələr tapacaqlarına ümid edirlər.

RUSİYA VƏ ÇİN LİDERLƏRİNİN MÜZAKİRƏ EDƏCƏYİ MƏSƏLƏLƏR AÇIQLANIB

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında Çində keçiriləcək görüşdə Ukrayna, eləcə də Yaxın Şərq və Şimal-Şərqi Asiyadakı vəziyyət müzakirə olunacaq. Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

Dövlət başçısının köməkçisinin sözlərinə görə, çox güman ki, xarici siyasət sahəsində əməkdaşlığın əsas və mühüm mövzuları günün sonunda baş tutacaq qeyri-rəsmi görüş zamanı diqqət mərkəzində olacaq.

Eyni zmanda xəbər verilir ki, Vladimir Putinin Çinə səfəri zamanı ölkə lideri Si Cinpinlə danışıqlarının əsas mövzularından ən vacibi enerji sektoru məsələləridir.

“İkitərəfli əməkdaşlığın ən vacib hərəkətverici qüvvəsi energetikadır. Ötən il Çinə neft, boru kəməri ilə qaz, LNG və kömür təchizatı üzrə rekordlar yenidən qırılıb. Liderlərin danışıqlarında, təbii ki, enerji sahəsində yeni təşəbbüslər də müzakirə olunacaq”, - deyə Yuri Uşakov vurğulayıb.

İRAN VƏ HİNDİSTAN SAZİŞƏ GÖRƏ SANKSİYALARA MƏRUZ QALA BİLƏRLƏR

İran və Hindistan arasında “Çabahar” limanının birgə istismarına dair saziş ABŞ-ın sanksiyalarına məruz qala bilər. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı vurğulayıb.

“Hindistan və İran arasında “Çabahar” limanı ilə bağlı 10 illik sazişin imzalandığından xəbərimiz var. ABŞ-ın İrana qarşı sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik”, - deyə ABŞ rəsmisi qeyd edib.

Bununla yanaşı, Vedant Patel İranla işgüzar sazişlər imzalayan hər kəsin sanksiya riskini gözə almalı olduğunu diqqətə çatdırıb.

Vedant Patelin sözlərinə görə, İranla işgüzar sazişlər imzalamağı nəzərdən keçirən hər kəs məruz qaldığı potensial riski, eləcə də potensial sanksiyalar riskini dərk etməlidir.

Qeyd edək ki, mayın 13-də İran və Hindistan “Çabahar” limanında Şəhid Beheşti terminalının müasirləşdirilməsi və istismarına dair uzunmüddətli saziş imzalayıblar.

UKRAYNALI QAÇQINLAR BU ÖLKƏNI TƏRK ETMƏYƏ MƏCBUR OLACAQLAR

Almaniyada iş yeri olmayan ukraynalı qaçqınlar ölkəni tərk etmək məcburiyyətində qalacaqlar. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Euractiv” məlumat yayıb.

Hazırda ölkədə qaçqınların, təqribən 25 faizi işlə təmin olunub və onların inteqrasiyası və dil öyrənmə kursları dövlət tərəfindən ödənilib.

Ukraynadan gələnlərə 2025-ci ilin martına qədər Avropa İttifaqında yaşamaq icazəsi verilib. Ukraynada davam edən səfərbərlik səbəbindən Aİ səlahiyyətliləri rəsmi Kiyevə çağırışçıların toplanmasında köməklik məsələsini müzakirə edirlər.

Bundan əvvəl Bavariya Daxili İşlər Nazirliyinin rəhbəri Yoahim Herman ukraynalı qaçqınlara ödənişlərin 100 avro azaldılmasını təklif etmişdi. Belə bir yenidən hesablama Almaniya hakimiyyətinə ildə, təxminən 840 milyon avro qənaət etməyə imkan verəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.