Sülhdən başqa yolu olmayan Ermənistan
Siyasət

Sülhdən başqa yolu olmayan Ermənistan

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə hər iki ölkənin Baş nazirinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüş çərçivəsində komissiyalar son görüşün protokoluna uyğun olaraq görülmüş işləri müzakirə ediblər. Nəticədə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş protokol-təsviri razılaşdırılıb.

Qeyd edək ki, aprelin 19-da iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı səkkizinci iclasdan sonra 4 kəndin Azərbaycana qaytarılması qərara alındı və bundan sonra ilk rəsmi sərhəd dirəkləri basdırıldı. Mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb və erməni mediasının yaydığı məlumata görə yaxın günlər ərzində razılaşdırılmış Azərbaycan-Ermənistan sərhədinə yeni dirəklər yerləşdiriləcək. Bütün bu proseslər isə Ermənistan cəmiyyətinin narazılığı ilə qarşılandı. Belə ki, erməni müxalifəti kəndlərin qaytarılmasının qəbuledilməz olduğunu bildirərək sərhəddə və İrəvanda etiraz aksiyası keçirməyə başladı. Burada söhbət əsasən keçmiş "Qarabağ klanı", erməni kilsəsi və diasporu deyilən müxalifdən gedir. Bu qüvvələrin dərdi əslində ərazilər deyil, hakimiyyətdir. Ermənistanın Azərbaycanla sərhəd Xeyrimli kəndinin sakinləri İrəvana yürüşə başladılar. Həm piyada, həm də maşınlarla aksiyada iştirak edən etirazçılara Erməni Apostol Kilsəsinin (EAK) Tovuz yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edir. Göründüyü kimi, baş nazir Nikol Paşinyana qarşı çıxan və onu devirməyə səsləyən qüvvələr arasında kilsə də xüsusi yer tutmağa başlayıb. Aksiyalara "mənəvi rəhbərlik" etdiyini deyən Baqrat Qalstanyan EAK-ın Qonaqqıran yeparxiyasının arxiyepiskopu Mikayel Acapanyanla birgə Paşinyan administrasiyasını devirmək istədiklərini açıq şəkildə bəyan ediblər. Daxili və dövlətlərarası magistral yolları bloklamaqla öz istəklərini reallaşdırmağa çalışan bu qüvvələr ölkədə idarəetməni ələ keçirməyə, Paşinyana təzyiq göstərməklə onu fikrindən daşındırmağa çalışırlar. Paşinyan administrasiyasının sülhə doğru addım atması isə Ermənistandakı bütün qüvvələri daha da qəzəbləndirib. Bundan sonra etirazçılar Nikol Paşinyanı istefa verməyə çağırıblar. İrəvanın respublika meydanına toplaşan bəzi aksiya nümayəndələri üzərində Azərbaycanla müharibədə həlak olmuş hərbçilərin təsvirləri olan ağ köynək geyinib, əllərində Ermənistanın, artıq özünü ləğv etmiş separatçı rejimin bayraqlarını tutublar. Baqrat Qalstanyan isə Paşinyana xitabən "sizin daha Ermənistanda hakimiyyətiniz yoxdur" şüarını səsləndirib. Lakin bütün bunlara baxmayaraq, Paşinyan administrasiyası bir-bir etirazçıları zərərsizləşdirir və aksiyaları yatırmağa çalışır.

Mərkəzdə baş verən aksiyalara baxmayaraq, ötən gün Nikol Paşinyan hökumətin iclasında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur. Görünür, öz xalqının təsiri altına düşməməyi bacaran baş nazir nəhayət ki, haqq yolunu tapıb. Artıq Ermənistanla münasibətlərdə üçüncü tərəflərin vasitəçiliyinə son qoyulub və danışıqlar ikitərəfli şəkildə aparılır. Şübhəsiz ki, bütün bunlara asanlıqla nail olunmayıb. Prosesi dayandırmaq istəyən, öz maraqlarını regionda təmin etmək üçün gərgin münasibətləri fürsət olaraq görən ayrı-ayrı qüvvələrin bu təşəbbüslərin gerçəkləşməsinə mane olmaq üçün cəhd göstərdiyi heç kimə sirr deyil. Azərbaycan öz hədəflərinə çatmaqda qətiyyətlidir.

Bu gün Cənubi Qafqazda gedən proseslərin əsas aktoru və istiqamətvericisi məhz respublikamızdır. Dövlət başçımızın bildirdiyi kimi, delimitasiya, demarkasiya ölkəmizin şərtləri əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.

Röya RÜSTƏMLİ,

"Respublika".