DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

VLADİMİR PUTİN VƏ Sİ CİNPİN ARASINDA GÖRÜŞ BAŞ TUTUB

Rusiya prezidenti Vladimir Putin mayın 16-da Çinə rəsmi səfərə gəlib. “Report” agentliyinin xəbərinə görə,  Pekində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Rusiya prezidentinin görüşü olub.

Çin lideri görüş zamanı Vladimir Putini  növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib. Putin isə bildirib ki, ÇXR ticari-iqtisadi sahədə Rusiyanın əsas tərəfdaşıdır.

Verilən xəbərə görə, liderlər arasında görüş 2,5 saat davam edib. Vladimir Putin və Si Cinpin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.

Bununla yanaşı, Vladimir Putin Si Cinpinə Ukrayna böhranının həlli üçün rəsmi Pekinin irəli sürdüyü təşəbbüslərə görə minnətdarlığını bildirib. Hər iki lider Ukrayna böhranının siyasi nizamlanmasının düzgün yol olduğunu vurğulayıblar.

Vladimir Putinin sözlərinə görə, Rusiya və Çin beynəlxalq hüquqa əsaslanan ədalətli dünya nizamı yaratmaq üçün həmrəylik içində çalışırlar.

Məlumat üçün qeyd edək ki, bu, Vladimir Putinin yeni prezidentlik müddəti başlayandan bəri ilk xaricə səfəridir.

TÜRKİYƏDƏ DÖVLƏT STRUKTURLARI QƏNAƏT REJİMİNƏ KEÇİR

Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşək və ölkənin vitse-prezidenti Cevdet Yılmaz dövlət sektorunda yeni büdcə qənaət paketini elan ediblər. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu paket çərçivəsində xəzinədarlıq üçün təxminən 3 milyard dollar qənaət edilməsi planlaşdırılır.

Təşəbbüsə əsasən, dövlət sektorunda yeni işçilər yalnız pensiyaya çıxanların yerinə işə götürüləcək. Həmçinin yeni avtomobillərin və binaların alınmasına və kirayəsinə üçillik qadağa tətbiq edilir, mebel və ofis avadanlığı kimi kiçik xərclər kəsilir.

Tədbirlər paketinə uyğun olaraq, 2024-cü ildə mal və xidmətlərə çəkilən xərclər 10, investisiyalar 15, reklam xərcləri isə 25 faiz azalacaq.

Eyni zamanda, dövlət tədbirləri çərçivəsində dövlət qulluqçularına xaricdə istehsal olunan avtomobillərdən istifadə etmək qadağan edilib. Dövlət sektorunun nümayəndələri üçün də xaricə işgüzar səfərlərə məhdudiyyətlər tətbiq edilib.

Xəbər verilir ki, nəzərdə tutulan tədbirlər arasında küçələrin işıqlandırılmasında işıq diodlarından istifadə, rabitə və arxiv işlərinin elektron formaya keçirilməsi də var.

ABŞ NİGERLƏ QOŞUNLARININ BU ÖLKƏDƏN ÇIXARILMASINI MÜZAKİRƏ EDİR

ABŞ qoşunlarını Niger ərazisindən çıxarılmasını başa çatdırmaq üçün ölkə rəsmilərlə danışıqlar aparır. “Report” agentliyinin xəbərinə görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi bəyan edib. O qeyd edib ki, Pentaqonun nümayəndələri hazırda Nigerin paytaxtı Niameydədir.

“Biz hazırda Vətənin Qurtuluşu Milli Şurası ilə ABŞ qoşunlarının bu ölkədən çıxarılması üzərində işləyirik. Hazırda bu müzakirələr davam edir”, - deyə Molli Fi vurğulayıb.

Qeyd edək ki, cari ilin aprel ayında Birləşmiş Ştatlar Nigerin Vaşinqtonla hərbi əməkdaşlıq müqaviləsini ləğv edəcəyini deməsindən sonra qoşunların nizamlı çıxarılması planlarını müzakirə etməyə başlayacağını açıqlamışdı.

Tərəflər hərbçilərin çıxarılması şərtləri ilə bağlı məsləhətləşmələri davam etdirib və bəzi Amerika qoşunlarının Nigerin ərazisində qala bilməsi ehtimalını müzakirə ediblər.

İRANIN BƏZİ ƏRAZİLƏRİ DAŞQINLARA TƏSLİM OLUB

İranın Xorasan-Rəzəvi əyalətinə yağan fasiləsiz yağışlar zamanı baş verən daşqınlar nəticəsində azı yeddi nəfər həlak olub, bir neçə sakin isə itkin düşüb. “IRNA” agentliyinin xəbərinə görə, bunu əyalətin Böhranlı Vəziyyətlər üzrə İdarəsinin başçısı Seyid Reza Abbasi Neyşaburi bildirib.

Eyni zamanda, Məşhəd əyalətinin rəhbəri Möhsün Davari Rəzəvi rayonunun Çenark kəndindən 150, Əhmədabad rayonunun Sultanabad kəndindən 300-ə yaxın sakinin təxliyə edildiyini açıqlayıb.

Məlumata görə, rəsmi qurumlar ölkənin şimal-şərqində yeni daşqın ehtimalı ilə bağlı xəbərdarlıq edərək Xorasan-Rəzəvi, Şimali Xorasan, Gülüstan və Semnan əhalisini daşqınların qarşısının alınmasına yardım etməyə çağırıb.

Qurumun hava şəraiti ilə bağlı yayılan bəyanatında Fars və Ərdəbil əyalətlərində yağıntılara görə narıncı xəbərdarlıq elan edilib. Təşkilat Qərbi Azərbaycan və Şərqi Azərbaycanda, habelə Xəzər dənizi sahillərində də yağışların intensivliyinin artacağı bildirib.

İSRAİLİN BAŞ NAZİRİ QƏZZADA HAKİMİYYƏTİN DƏYİŞMƏSİ ŞƏRTİNİ AÇIQLAYIB

Qəzza zolağında hakimiyyətin ötürülməsi üçün əsas şərt HƏMAS hərəkatının məhv edilməsi dayanır. “TASS” agentliyinin xəbərinə görə, belə bir açıqlama ilə İsrailin baş naziri Benyamin Netanyahu çıxış edib. Baş nazir yayımladığı videomüraciətdə deyib: “Qəzza zolağında hakimiyyətin başqasına təhvil verilməsinin hazırlanmasının ilk şərti HƏMAS-ın məhv edilməsidir. Bunu bəhanəsiz etmək lazımdır”.

Eyni zamanda, Netanyahu vurğulayıb ki, 2023-cü il oktyabrın 7-də baş vermiş dəhşətli qırğından sonra hərəkatın məhv edilməsi əmrini verib: “Nə qədər ki, HƏMAS yerində qalacaq, başqa heç kim Qəzzada mülki idarəçiliyi öz üzərinə götürməyəcək”.

Qeyd edək ki, çərşənbə günü İsrailin müdafiə naziri Yoav Qallant keçirdiyi mətbuat konfransı zamanı HƏMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağında İsrailin hərbi və mülki idarəçiliyinin tətbiqinə qarşı çıxış edib və gələcəkdə anklavı idarə etmək üçün yerli, düşmən olmayan alternativin yaradılmasına çağırıb.

Aİ ÖLKƏLƏRİNDƏN TƏBİƏTİN BƏRPA EDİLMƏSİ QANUNU İLƏ BAĞLI ÇAĞIRIŞ

Avropa İttifaqının on bir ölkəsi İsveç, Macarıstan, Belçika, Finlandiya, Avstriya və Polşanı Avropa Parlamenti tərəfindən təsdiq edilən Təbiətin bərpa edilməsi haqqında qanunu dəstəkləməyə çağırıb. Bu barədə “Trend” agentliyi xəbər verib.

Məlumata görə, sözügedən qanun 2030-cu ilə qədər Avropa İttifaqının quru və dəniz sahələrinin ən azı 20 faizinin, uzunmüddətli perspektivdə isə 60 faizə qədərinin təbii vəziyyətə gətirilməsini, eləcə də 2050-ci ilə qədər bütün deqradasiya edən ekosistemlərin sağlamlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, qanunun qəbul edilməsi ilə bağlı son rəsmi səsvermə ətraf mühit nazirlərinin martın 25-də Brüsseldə keçirilən görüşündə baş tutmalı idi. Lakin gözlənilmədən martın sonunda qanunla bağlı müzakirələr dayandırılıb. Buna səbəb isə İsveçin kənd təsərrüfatı naziri Piter Kullqrenin qanuna qarşı fəal kampaniyası olub.

Piter Kullqrenin fikrincə, qanunun nəticələri ölkənin meşə təsərrüfatı və kənd təsərrüfatı üçün fəlakətli ola bilər.

BÖYÜK BRİTANİYADA MƏHBUSLAR MÜVƏQQƏTİ AZAD EDİLƏ BİLƏR

Böyük Britaniya hökuməti ölkə həbsxanalarında sıxlıq səbəbindən bəzi cinayətkarları müvəqqəti olaraq azad etmək qərarına gəlib. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, cəzaçəkmə müəssisələrində sıxlığın yaranmasının qarşısını almaq məqsədilə bəzi məhkəmə iclasları təxirə salınacaq. Agentlik bildirib ki, daha uzun həbs cəzaları və ağır cinayətlərə daha sərt yanaşma fonunda İngiltərə və Uelsdə son 30 ildə məhbusların sayı iki dəfə artıb.

Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü qeyd edib ki, vaxtından əvvəl azadlığa buraxılma yalnız cəza müddəti bitmək üzrə olanlara şamil ediləcək.

Bu tədbir terrorizm, təcavüz və ya zorakılığa görə məhkum olunmuş cinayətkarlara şamil edilməyəcək. Həmçinin vurğulanır ki, həbsxana müdirləri də bəzi məhbusların azadlığa buraxılmasına mane ola bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.