İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Həndbol millimiz turnirə qələbə ilə başlayıb

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Açıq Çempionatında Azərbaycanın qadın həndbolçularından ibarət millisi ilk oyununu keçirib.

Yığmamızın rəqibi  yerli OKMK klubu olub. Görüş millimizin 30:28 hesablı qələbəsi ilə yekunlaşıb. A qrupunda mübarizə aparan Azərbaycan yığması növbəti matçlarda Qazaxıstanın "Almata Region" və Özbəkistanın "ROPSTTM" kollektivləri ilə qarşılaşacaq. Turnirə mayın 21-də yekun vurulacaq.

Ölkəmizi Avropa çempionatında onlar təmsil edəcək

Macarıstanın paytaxtı Budapeştdə mayın 22-dən 26-dək "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatı keçiriləcək. Çempionatda ümumilikdə 302 idmançının iştirakı gözlənilir. Avropa çempionatında iştirak edəcək Azərbaycanın bədii gimnastlarının adları açıqlanıb.

Turnirdə fərdi proqramda Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova, qrup hərəkətləri proqramında Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda iştirak edəcək. Yeniyetmələrin yarışında isə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı çıxış edəcəklər.

Akrobatika gimnastlarımız Dünya Kubokunda

Portuqaliyanın Maya şəhərində 17-19 may tarixlərində Dünya Kuboku yarışları təşkil olunacaq.  Azərbaycanın akrobatika gimnastları da yarışlarda iştirak edəcəklər.

Yarışda Ağasif Rəhimovla Raziyyə Seyidli, Sabir Ağayevlə Milana Əliyeva qarışıq cütlüyü, Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü, Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidli kişi qrupunda mübarizə aparacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".