Bahar Muradova: Şuşa Bəyannaməsi iki ölkə arasındakı qardaşlığı yeni bir mərhələyə qaldırmaqla yanaşı, bütövlükdə türk dövlətləri üçün də bir yol xəritəsidir
CƏMİYYƏT

Bahar Muradova: Şuşa Bəyannaməsi iki ölkə arasındakı qardaşlığı yeni bir mərhələyə qaldırmaqla yanaşı, bütövlükdə türk dövlətləri üçün də bir yol xəritəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasında iştirak edib. 

"Respublika" xəbər verir ki, “Qloballaşan dünyanın risklərinə qarşı: Ailəmiz gələcəyimizdir” mövzusunda, İstanbul şəhərində keçirilən iclasın məqsədi türk dünyası ölkələrində ailənin qorunması və  gücləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsidir.  

Mayın 17-də keçirilən iclasda iştirak edən Bahar Muradova növbəti dəfə qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib, türk dövlətlərinin daha möhkəm birliyi naminə Təşkilatın fəaliyyətinə uğurlar arzu edib. 

300 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının bir yumruq kimi birləşməsinin gərəkli olduğunu vurğulayan Komitə sədri onu da əlavə edib ki, vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən bütün Zirvə görüşlərində bu mövzu gündəmə gətirilirdi. Qeyd edib ki, bu gün də ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətində türkdilli ölkələr arasında birliyin və koordinasiyanın artırılmasına böyük səy göstərildiyinin şahidi oluruq. 

Bölgədəki Türkiyə-Azərbaycan tandeminə diqqət çəkən B.Muradova, Qarabağın baş tacı olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin iki ölkə arasındakı qardaşlığı yeni bir mərhələyə qaldırmaqla yanaşı, bütövlükdə türk dövlətləri üçün də bir yol xəritəsi olduğunu deyib. 

2009-cu ildə “Naxçıvan Sazişi”nə əsasən yaradılmış Türk Dövlətləri Təşkilatının yalnız regional deyil, həm də daha geniş ərazi və ölkələrin maraq dairəsində olan çoxtərəfli əməkdaşlıq formatı kimi nüfuz qazandığını vurğulayan Komitə sədri, qurucu ölkələrdən biri kimi Azərbaycanın üzv və müşahidəçi ölkələrlə birgə məqsəd və qarşıdakı hədəflər uğrunda çalışdığını da əlavə edib. 

O, Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, bu sıraya ailə və sosial siyasət mövzusunun daxil edilməsilə kollektiv səyləri və müxtəlif əhali qruplarına xidmət sahələrini hədəfləyən mövzularda tərəfdaşlığın gücləndirilməsinin dəstəkləndiyinə diqqət çəkib.

“Bəyan etdiyimiz əsil birliyə nail olmaq üçün qloballaşan dünyanın risklərinə qarşı birgə dayanmaq, ortaq dəyərlərimizi şərəfli tarix və mədəni irsimizi qorumaq ən böyük və ən mühüm vəzifəmizdir”, - deyə sədr  əlavə edib.

Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinə diqqət çəkən B.Muradova böyük türk ailəsinin sağlam təməllər üzərində möhkəmlənməsi işinə töhfə vermək məqsədilə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə təkliflərini səsləndirib. 

Yekunda Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasının Deklarasiyası qəbul edilib. 

12 bənddən ibarət sənəddə Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin növbəti görüşünün 2025-ci ildə Azərbaycanda keçirilməsi, eyni zamanda təklif edilən digər məsələlər öz əksini tapıb.