DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ƏRDOĞAN: QƏRBİN AFRİKADA NƏLƏR TÖRƏTDİYİNİ YAXŞI BİLİRİK

“Bizə ədalət dərsi keçmək istəyən Qərb ölkələrinin Afrikada nələr etdiklərini çox yaxşı bilirik”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, bəzi güclər bir damla nefti bir damla qandan üstün tuturlar: “Bəzi güclər təbii sərvətləri mənimsəmək üçün əllərindən gələni etdilər, Avropadan Afrikaya hücum etdilər. Onlar Afrikanı taladılar, sərvətləri Avropaya daşıdılar, çevriliş etdilər. Həmin ölkələri özlərindən asılı vəziyyətə saldılar”.

Ərdoğan qeyd edib ki, Qara dəniz taxıl təşəbbüsü həyata keçirilməsəydi, indi Afrikanın bir çox ölkəsində qıtlıq hökm sürürdü. Onun sözlərinə görə, XXI əsrdə ölkələr arasında əsas mübarizə kənd təsərrüfatı torpaqları, su və ərzaq uğrunda olacaq və bu prosesin əlamətləri artıq görünür.

Eyni zamanda, Ərdoğan vurğulayıb ki, bütün bunlar yeraltı və yerüstü sərvətləri mənimsəmək üçün aparılır. Türkiyə lideri həmçinin əlavə edib ki, bu gün Asiya, Amerika, Şimali Afrika və Yaxın Şərq kimi bir çox regionda baş verən toqquşmaların səbəbi məhz su mənbələri ilə bağlıdır.

ABŞ ARTIQ TƏLİMATÇILARIN KİYEVƏ GÖNDƏRİLMƏSİNİ İSTİSNA ETMİR

Vaşinqton artıq Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün NATO təlimatçılarının Ukraynaya göndərilməsini istisna etmir, lakin bu, tezliklə baş verməyəcək. Bu barədə “The New York Times” qəzeti ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Brauna istinadən xəbər verib.

Generalın sözlərinə görə, hazırda Ukraynada bu cür fəaliyyət “NATO təlimatçılarının həyatını riskə atacaq” və onları qorumaq üçün “qiymətli” hava hücumundan müdafiə vasitələri və ya Ukraynanın kritik infrastrukturunu istifadə etmək arasında seçim etməyə məcbur edəcək.

Nəşr həmçinin qeyd edib ki, rəsmi Kiyevin NATO üzrə müttəfiqləri Ukrayna qüvvələrinə təlim keçmək üçün öz hərbçilərini göndərməyə yaxındırlar.

Qəzet vurğulayıb ki, NATO üzvü kimi Vaşinqton alyansın təlimatçılarını istənilən hücumdan qorumağa kömək etməyə borclu olacaq. Bu, potensial olaraq ABŞ-ı müharibəyə cəlb edə bilər.

TBİLİSİ MERİ QƏRBİN TƏHDİDLƏRİNƏ CAVAB VERİB

“Qərbin Gürcüstanla danışıq tonu, eləcə də ölkələr arasında strateji tərəfdaşlıq şəraitində təhdid və şantajı qəbuledilməzdir. “Teleqraf.com”un xəbərinə görə, bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze bildirib.

“Strateji tərəfdaşlıq şəraitində təhdidlər və şantajlar sadəcə ağlasığmazdır. Bəlkə sanksiyalar Avropa dəyəri sayılır?”, - deyə mer vurğulayıb.

Eyni zamanda, Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstan hökuməti Qərbin sanksiyalarından qorxmur. O, həmçinin əlavə edib ki, Qərb siyasətçiləri başa düşmürlər ki, heç kimlə bu şəkildə danışmaq olmaz.

Xatırladaq ki, bu ərəfədə ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn bəyan etmişdi ki, Vaşinqton “Xarici agentlər haqqında” qanunun qəbulu prosesində demokratiyanın zədələndiyi sübut olunarsa, Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

SLOVAKİYA BAŞ NAZİRİNİN VƏZİYYƏTİ YAXŞILAŞIR

Slovakiyanın sui-qəsdə məruz qalan baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.

“Fitsonun vəziyyətində irəliləyiş müşahidə olunur. Vəziyyət hələ də çox ciddidir, lakin irəliləyişlər məni ruhlandırır”, - deyə nazir vurğulayıb.

Robert Kalinyak əlavə edib ki, müalicəni qiymətləndirmək üçün daha bir neçə gün lazım olacaq. “Tibbi komissiya Fitsonun vəziyyətini müzakirə etmək üçün mayın 20-də toplanacaq”, - deyə nazir əlavə edib.

Bundan əvvəl Ruzvelt adına xəstəxananın direktoru Miriam Lapunikova hazırda Slovakiya baş nazirinin huşunun özündə olduğunu və intensiv terapiya şöbəsində müalicəsini davam etdirdiyini bildirib.

Xatırladaq ki, mayın 15-də Robert Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını bildirib.

MACARISTAN Aİ-YƏ XARİCİ AGENTLƏRLƏ BAĞLI TƏŞƏBBÜS İRƏLİ SÜRMƏK NİYYƏTİNDƏDİR

Macarıstan Avropa İttifaqında xarici agentlərlə bağlı qanun layihəsinin qəbulu ilə əlaqədar təşəbbüs irəli sürməyə hazırlaşır. Bu barədə “Daily News Hungary” agentliyi məlumat yayıb.

Xəbər verilir ki, baş nazir Viktor Orbanın dəftərxanası müvafiq layihənin mətnini ekspertizadan keçirdikdən sonra deputatların müzkairəsinə göndərəcək.

Baş nazirin ofisindən verilən məlumata əsasən, bu qanunun qəbulunu qlobal məcrada baş verən geosiyasi dəyişikliklər şərtləndirib. Rəsmi press-relizdə o da bildirilib ki, sənədin demokratik prinsiplərə xələl gətirdiyi barədə deyilənlər tamamilə əsassızdır.

Xatırladaq ki, ölkənin cinayət qanunvericiliyi seçki kampaniyaları üçün xarici mənbələrdən pul vəsaitlərinin cəlb olunmasını suverenliyə təhdid kimi qiymətləndirir və bu əmələ görə ciddi cəzaları nəzərdə tutur.

Qeyd edək ki, Slovakiya Avropa İttifaqının Gürcüstanda qəbul edilən analoji qanunu pisləyən bəyanatını bloklayıb. Müşahidəçilərin fikrincə, bu addım adıçəkilən ölkədə də xarici agentlərlə bağlı qanunun müzakirəyə çıxarılacağını deməyə əsas verir.

ROB BAUER: NATO ÜZVLƏRİ UKRAYNANI SİLAHLA TƏMİN ETMƏLİDİR

Şimali Atlantika Alyansının üzvləri hətta blok qarşısında öz silah öhdəliklərinə zərər hesabına olsa belə Ukraynanı silahla təmin etməlidirlər. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer məlumat verib.

“Hətta alyans standartlarının zərəri hesabına olsa belə, Ukraynaya tədarükün xeyrinə seçim etmək lazımdır”, - deyə Rob Bauer NATO Baş Qərargah Rəislərinin Hərbi Komitəsinin iclası zamanı vurğulayıb.

“Politico” nəşri bu ərəfədə bildirmişdi ki, Ukrayna hakimiyyəti ABŞ-dan Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirmək üçün icazə tələb edir. Eyni zamanda, adı çəkilməyən iki amerikalı məmur bildirib ki, Vaşinqton Kiyevi hücumlar üçün deyil, müdafiə üçün silahla təmin edir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının rəsmi Kiyevə silah tədarükü ilə bağlı iclası mayın 20-nə planlaşdırılıb.

YENİ KALEDONİYADA ƏRZAQ ÇATIŞMAZLIĞI MÜŞAHİDƏ OLUNUR

Yeni Kaledoniya sakinləri ərzaq çatışmazlığı ilə üzləşib. “Report” agentliyinin məlumatına görə, bu barədə “BFMTV” telekanalı məlumat yayıb. Verilən xəbərə əsasən, Numea bölgəsindəki mağazalarda böyük növbələr düzülüb. İnsanlar bir neçə saat növbə gözləmək məcburiyyətində qalırlar, bununla belə, vitrinlərdə süd, çörək və digər ərzaq məhsulları, demək olar, yoxdur.

Son məlumatlara görə, bəzi supermarketlər artıq məhdudiyyətlər tətbiq ediblər: bir dəfəyə 10-dan çox adamı içəri buraxmırlar, eyni kateqoriyadan ikidən artıq məhsulun alınmasına icazə vermirlər. Bundan əlavə, spirtli içki və siqaret satışı qadağan edilib.

Xatırladaq ki, Yeni Kaledoniyada etirazlara səbəb Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 faizini təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir.

Qeyd edək ki, nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.