Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib
Dünya xəbərləri

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Seneqalın Baş naziri Usman Sonko Afrikanın qərbində yerləşən bu ölkədə Fransa hərbi bazalarının bağlanılması ehtimalı barədə sualı cavablandırıb.

"Respublika" xəbər verir ki, qitənin parlaq siyasətçilərindən bir olan Sonko Fransanın keçmiş müstəmləkələrində törətdiyi sui-istifadə hallarını tənqid etməsi ilə tanınır. Hazırda Seneqalda 250 fransız hərbçisi var.

Usman Sonko paytaxt Dakarda fransız solçu siyasətçi Jan-Lyuk Melenşonla birgə mətbuat konfransında bildirib: “Müstəqilliyimizdən 60 ildən çox vaxt keçməsinə baxmayaraq, Fransa ordusunun ölkəmizdəki bir neçə hərbi bazadan hələ də faydalanmasının səbəblərini və bu varlığın milli suverenliyimizə və strateji muxtariyyətimizə təsirini şübhə altına almalıyıq. Mən burada Seneqalın öz ərazilərində nəzarətə sahib olmaq istəyini təkrar edirəm, bu da ölkədə xarici hərbi bazaların uzun müddət mövcudluğu ilə bir araya sığmır... Bir çox ölkələr müdafiə sazişləri vəd edib, lakin bu, Dakarın bölgələrinin üçdəbir hissəsinin xarici qarnizonlar tərəfindən işğal olunmasına bəraət qazandırmır”.

Seneqala qonşu ölkələr - Mali, Burkina-Faso və Niger artıq Fransa qoşunlarının çıxarılmasına nail olub.