MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Mihrimah Sultanməscidi

Məscidlər şəhəri adlandırılan İstanbulda 3 mindən çox dini abidə var və onlardan bir neçəsi qadınların şərəfinə ucaldılıb. Belə məbədlərdən biri də Qanuni Süleymanın qızı Mihrimah Sultana həsr olunub. Məscidin layihəsini məşhur memar Sinan layihələndirib. Sinanın ən möhtəşəm şah əsəri olan Mihrimah Sultan məscidi  İstanbulun Üsküdar səmtində tikilib. Abidənin əfsanələr və rəvayətlərlə dolu yaranma tarixində bir neçə versiya var. Ən çox yayılmış əfsanə memar Sinanın gənc Mihrimaha qarşılıqsız sevgi hekayəsidir. Qızdan 33 yaş böyük olan memar məhəbbətini ifadə etmək üçün belə bir abidə yaradır. Fərziyyəyə görə, məbədin yeganə minarəsi də Sinanın şahzadəyə olan sevgisinin simvoludur.

 Mihrimah Sultan məscidi yerli əhali arasında "günəşin nüfuz etdiyi məscid" adlandırılıb. Binanın fasadı boz qranit və mərmərdən hazırlanıb. Daxili dekorasiyada əsasən ağ və qızılı tonlardan istifadə edilib. Bir zamanlar bu kompleksdə məsciddən başqa xəstəxana, xeyriyyə cəmiyyəti, mədrəsə, ibtidai məktəb və karvansara fəaliyyət göstərib. Mövcud olduğu illər ərzində dini kompleksdə bir neçə dəfə əsaslı bərpa və rekonstruksiya işləri aparılıb.

Karl Zeiss Planetariumu

Avropanın ən böyük və maraqlı komplekslərindən biri olan Karl Zeiss Planetariumu Berlinin 750 illik yubileyi ərəfəsində tikilib. Kosmik gəmi formasında tikilən kompleksin açılışı 1987-ci ildə baş tutub. 2016-cı ildən planetarium Berlindəki astronomik qurumlar assosiasiyasının bir hissəsinə çevrilib.

Planetarium XIX-XX əsrin əvvəllərində yaşayan məşhur alman mühəndisi, ixtiraçı, optik alətlər üçün yüksəkkeyfiyyətli linzalar istehsal edən şirkətin sahibi Karl Zeissin adını daşıyır. Onun ixtiraları bu gün də neyrocərrahiyyə, stomatologiya və otorinolarinqologiyada geniş istifadə olunur. Metal konstruksiyalardan hazırlanmış heyrətamiz kompleks təxminən 30 metr hündürlüyündə böyük bir günbəzlə taclanır. Şüşə ilə örtülmüş futuristik bina gecələr mavi neon lampalarla işıqlandırılır. Planetariumda astronomiya muzeyi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərə aid kosmik müşahidə cihazları, günəş saatları, teleskoplar və hətta spektroskoplu fotometr də nümayiş etdirilir, həmçinin İntibah dövrünə aid ölçmə və müşahidə alətləri sərgilənir. Binada astronomik şoular, film nümayişləri və konsertlər keçirilir.

Mon Sen-Mişel qalası

Zəngin tarixə malik Mon Sen-Mişel qalası XVIII əsrin əvvəllərində Normandiyada qranit qaya adasının üzərində tikilib. Əzəmətli qalanın tikintisinə 1023-cü ildə başlanılıb. Qəsrin tikintisi yalnız 17 ildən sonra başa çatıb. Qotika üslubunda tikilən abidə hər tərəfdən dəniz suları ilə əhatə olunub. XVIII əsrin əvvəllərində baş verən güclü qasırğa zamanı Sent-Mişel körfəzinə axan Couesnon çayı məcrasını dəyişib və adanın ətrafında sola getməyə başlayıb. O vaxtdan bəri Mon Sen-Mişelin hansı ölkəyə məxsus olması ilə bağlı mübahisələr səngimək bilməyib. Yalnız XIX əsrin sonlarında burada yaranan 2 kilometrlik bənd Fransanın materik hissəsini birləşdirib. 1979-cu ildə abidə UNESCO-nun  Ümumdünya İrs Siyahısına daxil edilib.

Alınmaz qala kimi tarixdə qalan abidə ingilislərin 30 illik mühasirəsinə tab gətirib və heç vaxt düşmənlər tərəfindən zəbt olunmayıb. XVIII əsrin sonlarında qaladakı monastır bağlanıb, bir neçə onilliklər ərzində abidə həbsxanaya çevrilib və "Vilayət Bastiliyası" adı verilib.  1863-cü ildən bu unikal memarlıq abidəsində əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra Mon Sen-Mişel qəsri turistik məkana çevrilib. "Dünyanın səkkizinci möcüzəsi" kimi tarixə düşən qalanın görünüşündən təsirlənən məşhur yazıçı Viktor Hüqo onu "Okeandakı piramida" adlandırıb. 

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".