DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ABŞ VƏ İRAN ARASINDA YAXIN ŞƏRQLƏ BAĞLI DANIŞIQLAR KEÇİRİLİB

ABŞ və İran bu həftə Omanda Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün vasitəçi yolu ilə danışıqlar aparıblar. Bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Portalın mənbələrinin sözlərinə görə, ABŞ tərəfinin məsləhətləşmələrində Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə Milli Təhlükəsizlik Şurasının koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Peyli iştirak ediblər. İran tərəfindən məsləhətləşmələrdə kimin iştirak etdiyi məlum deyil.

Verilən xəbərə görə, məsləhətləşmələr regionda “İran və onun müxalif qüvvələrinin hərəkətlərinin nəticələrinə”, eləcə də ABŞ-ın rəsmi Tehranın nüvə proqramı ilə bağlı narahatlığının müzakirəsinə həsr olunub.

Eyni zamanda, portal vurğulayıb ki, bu cür məsləhətləşmələr Omanda analoji danışıqların keçirildiyi bu ilin yanvarından sonra ilk dəfədir. Qeyd edilir ki, ABŞ və İranın Omandakı vasitəçi yoluyla danışıqları aprelin 13-də Tehranın İsrail ərazisinə raket və dronlarla kütləvi zərbə endirməsindən  təxminən bir ay sonra baş tutub.

FRANSADAN YENİ KALEDONİYADA “ƏLCƏZAİRSAYAĞI SÜLH”

Yeni Kaledoniyada baş verən kütləvi aksiyalardan sonra Fransa Ali Şurası adada hərbi vəziyyət elan edib. Bu məqsədlə adaya çox sayda hərbçi, polis qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib.

“Francetvinfo” saytına müsahibəsində tanınmış hüquqşünas, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin vəkili Fransua Ru bildirib ki, Fransa dekolonizasiya barədə danışılmasını istəmir.

Yeni Kaledoniyaya qoşun yeridilməsini tənqid edən vəkilin sözlərinə görə, böhranın pis idarə edilməsi onda şok effekti yaradıb. Məsələnin həlli üçün hər bir tərəf vasitəçilər təyin etməlidir. Hüquqşünasın fikrincə, əraziyə güc strukturlarının yeridilməsi “əlcəzairsayağı sülhyaratmadır”.

“Kaledoniya və digər dənizaşırı ərazilər sayəsində Fransa dünyada ikinci dəniz gücünə çevrilib. Kaledoniya müstəmləkə ərazidir. Bəs dekolonizasiya hansı yolla mümkündür? Yalnız BMT və beynəlxalq hüquq yolu ilə. Fransa çərçivəsindən çıxmaq lazımdır”, - deyə Fransua Ru əlavə edib.

Bununla yanaşı, vəkil bildirib ki, dekolonizasiya prosesini sülh yolu ilə həyata keçirmək mümkündür. Bundan sonra da kim istəsə, Yeni Kaledoniyada qala bilər. Birgə yaşayış hər halda mümkündür.

KXDRN DAHA BİR BALLİSTİK RAKETİNİN SINAQLARI BAŞ TUTUB

KXDR yeni taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib. Bu barədə “Koreyanın səsi” radiostansiyası məlumat yayıb.

“KXDR-in Raket İstehsalı Baş İdarəsi Şərq dənizində yeni özünüidarəetmə naviqasiya sisteminin tətbiq olunduğu taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib”, - deyə məlumatda bildirilir.

Bununla yanaşı, qeyd olunur ki, KXDR lideri Kim Çen Inın iştirak etdiyi sınaqlar mayın 17-də baş tutub. Şimali Koreya hərbçiləri Vonsan şəhərinin ətrafından bir neçə qısamənzilli raket buraxıblar. Raketlər təxminən 300 kilometr uçaraq dənizə düşüb.

Xatırladaq ki, KXDR sonuncu dəfə aprelin 22-də Yapon dənizinə raket atıb. Bundan sonra “NHK” telekanalı Şimali Koreya raketinin Yaponiyanın iqtisadi zonasından kənarda düşdüyünü bildirib.

ALMANİYADA GÜCLÜ YAĞIŞLAR CİDDİ FƏSADLARA YOL AÇIB

Şiddətli yağışlar Almaniyanın cənub-qərbində yerləşən Saar federal əyalətində geniş miqyaslı daşqına səbəb oldu. “Report” agentliyinin məlumatına görə, bu barədə “Die Welt” qəzeti xəbər yayıb.

Verilən xəbərə əsasən, bir çox ərazilərdə suyun səviyyəsi artmaqda davam edir. Saarın Daxili İşlər Nazirliyi böyük miqyaslı daşqın səviyyəsi elan edib. Xüsusən Noynkirhen, Saarpfalz və Saarbryukken bölgələri daşqınlardan zərər çəkib. Şəhərlərdə və federal əyalətlərin paytaxtında vəziyyət gərgindir. Köhnə şəhər Otvayler tamamilə su altındadır, bəndlər sıradan çıxıb.

Bildirilir ki, bəzi ərazilərdə sakinlər evlərini tərk etməli olublar. Beləliklə, daşqın riski səbəbindən Trir-Saarburq dairəsində təxminən 220 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib. Saarbrükkenin ayrı-ayrı hissələrində elektrik enerjisi kəsilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, xəsarət alan yoxdur. Qonşu federal əyalətlərdən kömək müzakirə olunur.

Eyni zamanda, güclü daşqınlar səbəbindən Almaniya kansleri Olaf Şolts şənbə günü Saardakı seçki kampaniyasında planlaşdırılan çıxışını ləğv edib.

RUSİYA XİN FRANSANIN DƏNİZAŞIRI ƏRAZİLƏR SİYASƏTİNİ TƏNQİD EDİB

Rusiya Xarici İşlər Nazirliyi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə çağırıb. “Report” agentliyinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Biz rəsmi Parisi etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə, Yeni Kaledoniyanın və nəzarəti altında olan digər dənizaşırı ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına riayət olunma təmin etməyə çağırırıq”, - deyə Zaxarova vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, Yeni Kaledoniyadakı böhran göstərir ki, Fransanın indi dənizaşırı ərazilər adlandırılan keçmiş müstəmləkələri ilə bağlı siyasəti dalana dirənir.

M.Zaxarova həmçinin bildirib ki, BMT-nin təsnifatına görə, Yeni Kaledoniya özünü idarə etməyən ərazidir, yəni müstəmləkəsizləşdirmə prosesinin hələ də başa çatmadığı yerdir.

“Bildiyiniz kimi, xarici dövlətlərin daxili işlərinə qarışmırıq. Bu üsul daha çox Qərb və Fransa üşün xarakterikdir. Yelisey sarayı başqalarına dərs keçmək əvəzinə, öz dərin problemlərinə nəzər yetirməli idi”, - deyə Zaxarova əlavə edib.

MİLYARDERLƏR BAYDENİN NÖVBƏTİ DƏFƏ PREZİDENT OLMAĞINA QARŞIDIR

Bir sıra nüfuzlu Amerika sahibkarları, o cümlədən “SpaceX” və “Tesla”nın baş direktoru İlon Mask, Ağ Evin sahibi Cozef Baydenin ikinci prezidentlik müddətinə seçilməsinə necə qarşı çıxacaqlarını müzakirə edirlər. Bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

İlon Maskdan əlavə “Andreessen Horowitz” vençur kapitalı fondunun həmtəsisçisi Mark Andrissen və investor Peter Tilin də daxil olduğu görüş ötən ay baş tutub. Daha sonra Yaxın Şərqdən olan investorlarla görüşdə M.Andrissen qarşıdan gələn prezident seçkilərində Baydeni dəstəkləməyəcəyini bildirib.

Məlumata əsasən, Peter Til Baydenin prezidentlik kampaniyasına pul verməkdən imtina edib və onun həmtəsisçisi olduğu “Palantir Technologies” şirkəti respublikaçının Ağ Evə potensial qayıdışını müzakirə etmək üçün Donald Tramp kampaniyasının nümayəndəsi ilə görüşüb.

AVROMƏKANDA İNFLYASİYA ƏN AZ BU ÖLKƏDƏ QEYDƏ ALINIB

Avroməkana daxil olan 19 ölkədə ötən ay inflyasiya səviyyəsi 2,4 faiz, bütövlükdə Avropa İttifaqında isə 2,6 faiz yüksəlib. “Trend” agentliyinin xəbərinə görə, Avropa İttifaqının statistika agentliyi “Eurostat”ın məlumatına görə, avroməkanda qiymətlərin ən az artımı Litvada qeydə alınıb - 0,4 faiz.

Bildirilir ki, sonrakı yerdə 0,6 faiz artımla Finlandiya qərarlaşıb. Avroməkana daxil olmayan, lakin Avropa İttifaqına üzv olan Danimarkada qiymətlər 0,5 faiz artıb.

Bununla yanaşı, Avropada aprel ayında ən az qiymət artımı müşahidə edilən ölkələrdən biri də İtaliyadır - 0,9 faiz.

İtaliya hökuməti 2022-ci ildə və 2023-cü ilin əvvəlində rekord yüksək inflyasiya ilə nəticələnən sıçrayışdan sonra qiymətləri aşağı salmaq üçün maksimim səy göstərib. Ötən ilin son üç ayını hökumət “antiinflyasiya rübü” elan edərək istehlak qiymətlərini süni olaraq azaldıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.