“Yaşa, yaşa Azərbaycan!
Sosial həyat

“Yaşa, yaşa Azərbaycan!"

Gənclərin, uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimizi hər zaman düşündürən məsələlərdir. İstər dövlət, istərsə də digər təşkilatlar həmişə bu istiqaməti əsas prioritet hesab edərək körpə fidanlarımızda vətənpərvərlik hissini aşılamaq üçün müxtəlif tədbirlər, layihələr həyata keçirirlər.

Mayın 18-də Rəşid Behbudov adına Mahnı Teatrında şəhid İlqar İbrahimov adına orta məktəbin sinif rəhbəri İlahə Zeynalovanın təşkilatçılğı ilə 4-cü sinif şagirdlərinin "Yaşa, yaşa Azərbaycan!" adlı tamaşası da məhz bu xüsusda olduqca əhəmiyyətlidir. Odlar yurdunun qiymətli torpağını bütöv və parçalanmaz edən məhz onun şəhidlərimizin qanı ilə yoğrulmasıdır. Biz onları unutmamalı və unutdurmamalıyıq. İbtidailər də tədbirin açılış mərasimində şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib, bir daha onları anıblar. Tədbirin ən kövrək anı isə "Mənim atam qəhrəmandır" musiqisinin sədaları altında şəhidlərin şəkli ilə şagirdlərin rəqsi olub. Bu çıxış hər kəsi göz yaşlarına boğub.

Milli vətənpərvərlik ruhunun aşılandığı bu tədbir uşaqların ixtiyarına verilib, onlara özlərini tam formada ifadə edə bilsinlər deyə zəmin yaradılıb.  Belə ki, kiçik aparıcıların maraqlı təqdimatı ilə Azərbaycan tarixinə qısa səyahət edilib. Rejissor-xoreoqraf Səbinə Əhədovanın vətənpərvərlik duyğuları ilə qurulmuş ssenarisi üzrə şagirdlər çıxış ediblər. Daha sonra isə "Atəşgah" rəqsi, "Mədrəsə", "Bayraq", "Zəngəzur" rəqsləri, Nizami Gəncəvinin "7 gözəl" əsərinə hazırladıqları kompozisiyalar izləyənləri heyran ediblər. Tədbirin ən yaddaqalan hissəsi isə ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişi olub. Heydər Əliyevin səsi ilə Səməd Vurğunun "Azərbaycan" şeiri səsləndirilib. İştirakçılar onu qürur hissi ilə izləyiblər. Tədbir şagirdlərin Vətənə aid şeirlər və Xalq artisti Faiq Ağayevin "Yaşa, yaşa Azərbaycan!" mahnısını ifa etmələri ilə başa çatıb.

Diplomla təltif olunan balaca fidanların keçirdiyi sevinc hissinin həddi-hüdudu olmayıb. Tədbirdə müəllim kollektivi, valideynlər, qazilər, şəhid anaları, İranda səfirlikdə törədilən terror nəticəsində həlak olan Orxan Əsgərovun valideynləri tədbir təşkilatçılarına, çıxışçılara və iştirak edən hər bir kəsə öz minnətdarlıqlarını bildiriblər.

T.SƏMƏDOVA,

"Respublika".