DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKİYƏ PREZİDENTİNDƏN YENİ KONSTİTUSİYA AÇIQLAMASI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 1980-ci il hərbi çevrilişindən sonra qüvvədə olan konstitusiyasını əvəz etmək üçün sivil konstitusiyanın hazırlanması və qəbul edilməsinin zəruriliyini bəyan edib. “Report” agentliyinin xəbərinə görə, ölkə lideri bunu sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz: “Yeni əsas qanunun qəbulu ilə türk demokratiyası çevriliş ənənəsinə son qoymalıdır. Yeni əsrdə Türkiyənin 85 milyonluq əhalisi üçün yeni sivil konstitusiya idealının həyata keçirilməsinin zəruriliyinə inanıram. Gələcək nəsillər liberal konstitusiya ilə idarə olunmağa layiqdirlər”.

Məlumat üçün qeyd edək ki, Türkiyə prezidenti daha öncə iki dəfə konstitusiyaya dəyişikliklərlə bağlı məsələləri xalqın təsdiqinə təqdim edib.

Bildirilir ki, Türkiyədə 2017-ci ildə keçirilən referendumdan sonra ölkədə parlament idarəetmə forması prezident üsul-idarəsi ilə əvəz olundu, lakin bu dəyişikliklər fonunda yeni konstitusiya qəbul edilmədi. Ötən ilin may ayında yenidən prezident seçildikdən sonra Ərdoğan yeni konstitusiyanın qəbulunu administrasiyasının əsas vəzifələrindən biri adlandırmışdı.

QƏRB VƏ UKRAYNA SÜLH NAMİNƏ ÇƏTİN QƏRARLAR QƏBUL ETMƏLİDİR

Qərb və Ukraynanın Rusiya ilə sülh əldə etməsi tam mümkün bir məsələdir, onlar, sadəcə bunun üçün çətin qərarlar qəbul etməli olacaqlar. Bu barədə analitik Mark Episkoposun sözlərinə istinadən “The Hill” nəşri məlumat yayıb.

Analitikin sözlərinə görə, müharibə edən tərəflər bir sıra güzəştlərə getməlidirlər. Onların atdıqları bu addım daha sonra baş verə biləcək xoşagəlməz nəticənin qarşısını alacaq.

“Qərbin Rusiyanı hərbi məğlubiyyətə uğratmaq cəhdlərinin heç bir mənası yoxdur. Rusiya Federasiyasının üstünlüyü aydın şəkildə görünür, Ukraynanın mövqeyi isə sürətlə pisləşir” - M.Episkopos əlavə edib.

Analitikin fikrincə, cəmi iki il əvvəl Qərb Rusiya Federasiyası ilə razılığa gəlmək təkliflərinə aqressiv reaksiya verirdi. Hazırkı şəraitdə hakimiyyətdə olan bir çox siyasətçilər bu addımı yeganə çıxış yolu hesab edirlər.

ABŞ HƏRBÇİLƏRİNİN NİGERDƏN ÇIXARILMASI PROSEDURU RAZILAŞDIRILIB

Niger Respublikası Prezidentinin Ofisi ölkənin və ABŞ-ın müdafiə nazirlikləri nümayəndələrinin birgə komissiyası çərçivəsində Amerika qüvvələrinin Nigerdən çıxarılması barədə razılığa gəldiklərini açıqlayıb. Bu barədə “Report” agentliyi xəbər verib.

Məlumata əsasən, tərəflər 15 sentyabr 2024-cü ildən gec olmayaraq başa çatacaq ABŞ qoşunlarının bu ölkədən çıxarılması qaydası barədə razılığa gəliblər.

“Bu hərbi müzakirələr tam şəffaflıq və tərəflərin qarşılıqlı hörməti ilə baş verib”, - deyə görüşlə bağlı kommünikedə bildirilir.

Açıqlamaya əsasən, hər iki tərəf Amerika qüvvələrinin ölkədən çıxarılması prosesində təhlükəsizliyin təminatlarını təsdiqləyib. Həmçinin ABŞ hərbi təyyarələrinin uçuşları və enişləri də daxil olmaqla Amerika hərbçilərinin hərəkətini asanlaşdıran prosedurlar da razılaşdırılıb.

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirəcək, Amerika qoşunlarının çıxarılması isə Niger və ABŞ-ın inkişaf sahəsində əməkdaşlığına xələl gətirməyəcək.

ASSANC EKSTRADİSİYASI İLƏ BAĞLI MƏHKƏMƏDƏ QALİB GƏLİB

“WikiLeaks” portalının qurucusu Culian Assanc ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmədə qalib gəlib. “Röyters” agentliyinin xəbərinə görə, London Ali Məhkəməsi mayın 20-də Assancın lehinə qərar çıxarıb.

Məlumata əsasən, ABŞ-ın Culian Assancın işi ilə bağlı təminatlarının qeyri-qənaətbəxş olduğuna qərar verən hakimlər ona tam apellyasiya dinləməsi hüququ verib.

Verilən xəbərə görə, məhkəmənin iki yüksək səviyyəli hakimi ABŞ-ın təqdimatlarının yetərli saymayıb və Assanca ABŞ-a ekstradisiyası ilə bağlı qətnaməyə etiraz etmək hüququ veriləcəyini bəyan edib.

Qeyd edək ki, Cilian Assanca qarşı istintaq işi 2010-cu ildən, casusluq ittihamı üzrə başlayıb. Həmin ildə ona qarşı ABŞ tərəfindən casusluq, informasiyanın məxfiliyinin pozulması və ya məxfi məlumatların yayılması və digər maddələrlə ittiham irəli sürülüb.

AVRODEPUTAT: MAKRON oyuncaq ƏSGƏRLƏRLƏ OYNAYAN UŞAĞA ÇEVRİLİB

Fransa prezidenti Emmanuel Makron ölkə qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyündən dəfələrlə söz açması uzun zamandır ki, gündəmlərdən düşmür. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, Fransadan olan avrodeputat Jilber Kollar “İzvestiya” qəzetinə açıqlamasında bu məsələyə münasibət bildirib.

Avrodeputat əmindir ki, Fransa lideri, çətin ki, belə bir addım atsın. Onun sözlərinə görə, Makron qərar vermək üçün ən azı öz ölkəsini idarə etməyi bacarmalıdır. Makron isə hətta iğtişaşların törədildiyi Paris ətraflarına belə qoşun yeridib onları nəzarətə götürə bilmir.

Jilber Kollar deyib: “Təəssüf ki, prezidentimiz oyuncaq əsgərlərlə oynamağı sevən kiçik bir oğlandır”.

Eyni zamanda, avrodeputatın sözlərinə görə, tarixin gedişatı faciəli ola bilər, lakin Emmanuel Makron bunu anlamır.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin Fransa liderinin bəyanatlarına münasibət bildirib. O, diqqətə çatdırıb ki, əvvəlcə Parisin öz qoşunlarını münaqişə bölgəsinə daxil edib-etməyəcəyini anlamaq, sonra isə bu hərəkətlərə mümkün cavab variantlarını nəzərdən keçirmək lazımdır.

GÜCLÜ MÜDAFİƏ SƏNAYESİ QURMAĞA ÇALIŞAN AVROPA

Avropa güclü müdafiə sənayesinin qurulmasında ciddi problemlərlə üzləşir. Buna səbəb isə Avropa ölkələri arasında hökm sürən siyasi fikir ayrılıqlarıdır. Bu barədə “The New York Times” qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, İsveçin silah istehsal edən “Saab” şirkətinin icraçı direktoru Mikael Yohansson hesab edir ki, Avropa İttifaqının (Aİ) hazırkı strategiyası “düzgün istiqamətdə gedir”, lakin maliyyə ilə yanaşı, Aİ maddi-texniki və digər siyasi problemlərlə də üzləşir.

“Əgər sənayeyə milyardlarla avro sərmayə qoyulmasını istəyirsinizsə, bunun üçün Avropa liderləri şirkətlərin istehsal məhsullarını almaq üçün uzunmüddətli öhdəlik götürməlidirlər”, - deyə Yohansson vurğulayıb.

Məqalədə həmçinin qeyd olunur ki, Avropada bir deyil, 27 hərbi-sənaye kompleksinin olmasına baxmayaraq, effektiv hərbi texnikanın qurulmasında çətinliklər yaranır. Fikir ayrılıqları hətta yeni tankların yaradılması zamanı kalibr seçimində də özünü göstərir. Belə ki, müxtəlif ölkələr fərqli kalibrlərə üstünlük verirlər.

GÜNƏŞ FIRTINALARININ İNSANLAR ÜÇÜN TƏHLÜKƏLİ NƏTİCƏLƏRİ

Günəşdə baş verən qeyri-adi güclü alovlanmalar Yerdə rəngarəng auroralara səbəb olmaqla yanaşı, həm də onun sakinləri üçün birbaşa təhlükə yaradır. “Frans-Press” agentliyinin xəbərinə görə, bu barədə Avropa Kosmik Agentliyinin ekspertləri məlumat verib.

Mütəxəssislərin fikrincə, geomaqnit qasırğalarının sağlamlığa mənfi təsirləri Günəşdə partlayışlar zamanı planetimizə düşən radiasiyası ilə bağlıdır. Yer maqnit sahəsi ilə qorunsa da, enerji axınları orbitdəki kosmik stansiya ekipajları üçün təhlükəli ola bilər.

Eyni zamanda, güclü Günəş fırtınaları zamanı radiasiya, marşrutları Şimal qütbünə yaxın olan təyyarələrin gövdəsinə təsir etmək qabiliyyətinə malikdir. Buna görə aviaşirkətlə bəzən təhlükəli ərazilərdən yan keçmək üçün təyyarələrin hərəkətini tənzimləyirlər.

Bununla yanaşı, geomaqnit qasırğaları rabitə, naviqasiya və enerji təchizatının geniş şəkildə pozulmasına səbəb ola bilər. 2003-cü ildə Günəş alovları İsveçdə elektrik enerjisinin uzun müddət kəsilməsi ilə nəticələnib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.