Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Şəkər pambığına bənzər ekzoplanet

"James Webb" Kosmik Rəsədxanasının mütəxəssisləri  indiyə qədər kəşf edilən 5000-dən çox ekzoplanetlər arasında əsl möcüzə tapıblar. Belə ki, astronomlar sözün həqiqi mənasında şəkər sıxlığına malik ən yüngül ekzoplanet kəşf ediblər.

"Nature Astronomy" jurnalında yayımlanan hesabata görə, dünyadan 1232 işıq ili uzaqlıqda olan, "WASP-193b"  adlı ekzoplanetin  sıxlığı bir şəkər sıxlığına  bərabərdir. Elm adamları onu şəkər pambığına bənzədirlər. Tədqiqatçıların sözlərinə görə, şəkər pambığının sıxlığı hər kubsantimetr üçün təxminən 0.05 qram təşkil etdiyi halda, "WASP-193b"nin sıxlığı hər kubsantimetr üçün cəmi 0.059 qramdır. Dünyanın sıxlığı isə hər kubsantimetrə 5.5 qram düşür. Alimlər hesab edirlər ki, yeni ekzoplanet Yupiter və digər qaz nəhəngləri kimi hidrogen və heliumdan ibarətdir. Ancaq bu planetin necə əmələ gəldiyi və indiki atmosferini necə saxladığı hələlik sirr olaraq qalır. Tədqiqatçılar müxtəlif cihazlar, o cümlədən "James Webb Kosmik" Teleskopu ilə planeti daha yaxından tədqiq etməyi hədəfləyirlər.

"ChatGPT" dəstəkli ilk qulaqlıq

Honq-Konqun "Wooaѕk Technology" şirkəti "OpenAI"nin "ChatGPT" dəstəkli ilk qulaqlıq modelini  təqdim edib. "TranѕVudѕ A8"i  adı verilən qulaqlıq  başqa dildə danışan həmsöhbətin dediklərini  real zamanda tərcümə edir.

Yeni qulaqlıq ümumilikdə 144 dili və 70 dialekti dəstəkləyir ki, bu da istifadəçilərə dünyanın əksər ölkələrində insanlarla ünsiyyət qurmağa kömək edir. Tərcümə  cihazın ekranında mətn kimi əks olunur. Test edilən cihazda tərcümə gecikməsi sadəcə 0.5 saniyədir və dəqiqlik 98 faizə  bərabərdir. Qulaqlıqdakı "ChatGPT", tərcümə köməkçisi ilə yanaşı həm də səsli köməkçi ola bilir.

Tərcümə rejimində 5 saat, normal rejimdə isə 35 saat işləyə bilən qulaqlığa barmağınızla iki dəfə toxunsanız, söhbət robotu açılır və buradan istədiyiniz məlumatı köməkçinizə verə bilərsiniz. Lakin bu funksiyanın əlçatan olması üçün qulaqlıq hər hansı mobil  və ya Wi-Fi şəbəkəsinə qoşulu olmalıdır. Qeyd edək ki, cihazın yaxın zamanda 179 dollara  satışa çıxarılacağı nəzərdə tutulur.

Son 2000 ilin ən isti yay fəsli qeydə alınıb

Kembric Universitetinin alimləri təsdiqləyirlər ki,  iqlim böhranı artıq başlayıb. Belə ki, elm adamları müəyyən ediblər ki, keçən ilin iyun, iyul və avqust aylarında havanın temperaturu 2000 il bundan öncəki yay fəslindəki hava temperaturundan demək olar 4 dərəcə Selsi yüksək olub.

Qeyd edək ki, daha öncə mütəxəssislər  son onilliklər ərzində qlobal temperatur göstəricisinin sürətlə artdığını təyin etmişdilər. Bu yaxınlarda isə məlum olub ki, Yer kürəsində son yüz min ilin ən isti dövrü başlayıb. Tədqiqatçıların əldə etmiş olduqları məlumatlar planetimizin geoloji keçmişi barəsində təsəvvürlərin formalaşmasına imkan verən faktorlara əsaslanır. Belə ki, elm adamları çoxillik ağac halqalarının analizinə müraciət ediblər. Hansı ki, bu halqalar ağacların yaşını göstərməklə yanaşı,  iqlim barəsində də məlumatları əks etdirir. Bununla da tədqiqatçılar son 2000 ilin yay temperaturları təsvirini formalaşdıra biliblər. Onlar təyin ediblər ki, keçən ilin yay fəslindəki temperatur 1850-ci ildən 1900-cü ilə kimi olan yay fəsillərindəki temperaturlardan 2.07 dərəcə Selsi daha yüksək olub.

3D printerlə raket mühərriki çap edilib

Hindistan Kosmik Tədqiqatlar təşkilatı (ISRO) tərəfindən  3D printerdə maye yanacaq əsaslı raket mühərriki çap edilib. Testlər zamanı  uğurlu nəticələr  verən bu layihə ölkənin kosmik sahəsinin inkişafını stimullaşdıra bilər.

Tetraoksid diazot və monometilhidrazin qarışığından  təşkil edilmiş mühərrik  yanma prosesi çərçivəsində 665 saniyə ərzində çalışıb.  Qeyd edək ki, bu cür mühərriklər Hindistanın "Polar Satellite Launch Vehicle" (PSLV) adlı kiçikölçülü sürətləndirici raketlərində istifadə edilir. ISRO bildirib ki, 3D çap texnologiyası sayəsində mühərrikin detal sayını 14-dən 1-ə qədər endirmək mümkün olub. Bu isə öz növbəsində mühərrikin konstruksiyasından qaynaqlanmağa ehtiyac duymuş 19 ədəd birləşməni aradan qaldırmaq və onun istehsalı üçün lazım olan xammal miqdarını aşağı salmağa imkan verib. Bundan əlavə,  3D çap vasitəsilə mühərrikin istehsal müddəti 60 faiz azaldılıb. Bu isə gələcəkdə kosmik uçuşların keçirilmə tempini yüksəldə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".