Dahi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb
Sosial həyat

Dahi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Məhəmməd Füzuli 530” adlı videoçarx hazırlanıb.

Videoçarx Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Füzuli haqqında söylədiyi sitatlarla başlayır. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı diqqətə çatdırılır.

Videoçarxda Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan ədəbiyyatında divan janrının ən məşhur siması Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verilir. Dahi mütəffəkirin əsərlərinin siyahısı, onun xatirəsinin əbədiləşdirməsi haqqında məlumatlar izləyicilərə təqdim olunur. Qeyd olunur ki, Füzulinin bir çox qəzəllərinə musiqilər, romanslar bəstələnmiş, dahi bəstəkar Ü.Hacıbəyli Füzuliyə olan sonsuz məhəbbəti sayəsində böyük şairin “Leyli və Məcnun” poeması əsasında ilk Azərbaycan operasını yazmışdır.   

Videoçarxda qeyd olunur ki, ölkəmizdə şairin irsinə böyük diqqət və qayğı göstərilir. Füzulinin 500 illik yubileyi UNESCO-da qeyd olunub.

İnformasiya-resurs şöbəsinin operatoru Günay Qulunun hazırladığı videoçarx Xalq artisti Şövkət Ələkbərovanın ifasında bəstəkar Cahangir Cahangirovun “Füzuli kantatası” ilə müşaiyət olunur.

“Respublika”.