"Kia" ChatGPT dəstəkli elektromobilini təqdim edib
Koreyanın nəhəng avtomobil şirkəti "Kia" yeni elektrikli krossoverini təqdim edib. Yeni model "Kia EV3" adını alıb. Şirkətin istehsal etdiyi digər modellərdən fərqli olaraq daha kompakt ölçülü gövdəsi ilə seçilən bu model "ChatGPT" əsaslı süni zəka köməkçisinə malikdir.
Uzunluğu 4300, eni 1850, hündürlüyü isə 1560 millimetr olan elektromobil xarici görünüşcə "Kia EV3" ilə oxşar detallara sahibdir.
Yalnız ön çəkim təkərlərinə və 204 at gücündə elektrikli mühərrikə sahib olan krossover saatda 100 kilometr sürəti 7.5 saniyəyə yığır.
Bundan əlavə, "Kia EV3" sürətli şarj texnologiyasını dəstəkləyir. 80 faiz enerjini 31 dəqiqə ərzində yığa bilən elektromobilin interyerinə gəldikdə isə onun ön hissəsində 12.3 düym ölçülü sensorlu ekran yerləşir. Ekranın bir hissəsi sükanın arxasındakı məlumat paneli, digər hissəsi isə multimedia mərkəzi qismində çıxış edir. Elektromobilin sisteminə şirkətin mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş ChatGPT əsaslı süni zəka köməkçisi inteqrasiya edilib. Bu süni zəka köməkçisi sayəsində sürücü öz səyahətini planlaşdıra və elektromobilin müxtəlif funksiyalarından istifadə edə bilər. Qeyd edək ki, krossover yaxın zamanda satışa çıxarılacaq. Lakin qiyməti barəsində məlumat verilməyib.
Bu material betonu əvəz edəcək
Artıq çoxmərtəbəli binaların tikintisində beton əvəzinə taxtadan istifadə edilə bilər. Belə ki, Michigan Texnologiya İnstitutunun tədqiqatçıları, betonu və poladı əvəzləyən çarpaz laminatlı taxta icad ediblər.
Taxta əsrlər boyu tikinti materialı kimi istifadə edilmişdir. Mütəxəssislər düşünür ki, o müasir tikinti texnologiyaları ilə birləşdirildikdə, davamlı və ekoloji cəhətdən təmiz bir alternativə çevrilə bilər. Elə bu səbəbdən də yeni materialın hazırlanmasında sərt ağaclardan (ağcaqayın, palıd, tozağacı) istifadə ediblər. Çarpaz laminatlı taxta, tikinti sənayesində daha güclü və davamlı konstruksiyalar inşa etmək üçün əlverişli imkanlar təqdim edir. Ekoloji cəhətdən də sərfəli olduğu üçün betonu və poladı əvəz etməklə gələcəkdə ətraf mühitə mənfi təsirləri xeyli azalda bilər.
Tədqiqatçılar, həmçinin beton və poladın daha az karbon tutumlu olması üçün araşdırmaları davam etdirirlər.
"iPhone"nun adı dəyişə bilər
"Apple" şirkətinin yaradıcısı Ken Segall "iPhone" seriyasının adını dəyişdirməyi planlaşdırır. Qeyd edək ki, Ken Segall "iPhone", "iPad" və "iMac" kimi seriya adlarında "i" prefiksini icad edən şəxsdir. Şirkətin direktoru artıq bu adları ləğv etməyin vaxtı gəldiyini düşünür.
"Apple"ın imicinə və marketinq strategiyasına böyük təsir göstərən Segall bu fikri "Wired"a verdiyi müsahibədə dilə gətirib. O bildirib ki, "Apple" şirkətinin məhsullarının seriyalarında olan "i" hərfi onların internetə qoşulması mənasını verirdi. Amma hazırkı qurğuların hamısı internetə qoşulduğundan bu prefiksin heç bir mənası yoxdur. Həmçinin qeyd edib ki: "Şirkətin bu prefiksdən imtina etməsi fikrini dəlilik hesab edəcək bir çox marketinq mütəxəssisləri olacaq".
Ümumiyyətlə, "Apple" şirkəti son dövrlərdə "i" prefiksinin istifadəsini mərhələli şəkildə dayandırır. Belə ki, son illərdə şirkət "Apple Watch", "AirPods" və "Vision Pro" kimi adlarında "i" hərfi olmayan bir çox yeni cihazlar təqdim edib. Segall bu dəyişikliyin arxasında duran mümkün səbəbləri şərh edərkən məntiqli arqumentlər təqdim etsə də, "Apple"ın "iPhone"un adını dəyişməsi çox çətin bir qərar kimi görünür.
Dünyanın ən böyük teleskopunun müşahidə aləti hazırlanır
Avropa Cənub Rəsədxanası (ESO) dünyanın ən böyük yerüstü optik teleskopu üçün "Extremely Large Telescope" (ELT) adlı ilk müşahidə alətinin istehsalına başlayacağını bildirib. Qeyd edək ki, Roma Kolizeyinin ölçüsündə olan nəhəng teleskop Çilidəki Atakama səhrasında dəniz səviyyəsindən 3000 metr yüksəklikdə tikilir. 39 metrlik güzgüsü olan bu teleskop insan gözündən 100 milyon dəfə çox işıq toplamaq qabiliyyətinə malikdir. Kosmosda potensial olaraq yaşanacaqlar məhz bu teleskop və müşahidə aləti vasitəsilə araşdırılacaq.
Cihaz artıq son dizayn baxışından keçib və istehsala hazır hala gətirilib. Astronomlar qaz və tozla dolu planet əmələ gətirən diskləri təsvir etmək üçün cihazın orta infraqırmızı görmə qabiliyyətindən istifadə edəcəklər. Bu alət vasitəsilə əldə edilən məlumatlar qalaktikaların təkamülü haqqında anlayış formalaşdıracaq. Bundan əlavə, cihaz günəş sistemimizin mənşəyini və superkütləvi qara dəliklərin gizləndiyi qalaktikaların nüvələrini araşdıracaq.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".