“NİZAMİ GƏNCƏVİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR” PARKI
Bölgələr

“NİZAMİ GƏNCƏVİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR” PARKI

Odlar yurdunun  ən qədim siyasi və mədəniyyət mərkəzi olan Ulu Gəncə-Şeyx Nizami yurdu qədim ornamentlərini saxlamaqla  gözəlləşmiş və yeniləşmişdir. Gəncə elə bir strateji ərazidə yerləşir ki, Qafqaza giriş  buradandır. Məhz bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin Gəncəyə diqqət və qayğısı sayəsində müasirləşmiş, gözəlləşmiş və dünyəvi şəhərə çevrilmişdir. İndi Gəncənin ən gözəl vaxtlarıdır. Regionlardan Gəncəyə dincəlməyə üz tutan insanların sayı durmadan artmaqdadır. Gəncə sakinləri və şəhərə gələn qonaqların əvəzolunmaz istirahət məkanı olan Hacıkənd qəsəbəsi günü-gündən öz simasını dəyişmiş, gözəllişmiş və möhtəşəmləşmişdir. Burada mövcud olan yerli əhəmiyyətli tarixi abidələr təmir olunmuş, yeni istirahət guşələri yaradılmışdır. Eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, tarixinin yaşadılması, mədəniyyətinin təbliği istiqamətində də bir sıra işlər həyata keçirilmişdir.

Hacıkənd qəsəbəsindəki “Sələflər və xələflər” parkında Nizami Gəncəvi başda olmaqla, Gəncə mühitinin yetişdirdiyi şair, yazıçı və öz dövründə hünər sahibi olmuş, əlinin əməyi, biləyinin gücü ilə fərqlənmiş şəxslərin əzəmətli heykəlləri ucaldılıb.

Onu xüsusilə qeyd etmək lazımdır ki, bu parkın salınması Azərbaycanın bir daha şairlər vətəni, cəsurlar, qəhrəmanlar diyarı olmasından xəbər verir. Burada ümumilikdə 17 abidə var ki, onların arasında Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Əbülüla Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndər, Şeyx Zaman, Doktəri Xətibi Gəncəvi, Əfrasiyab və Ömər Gənci kimi tarixi şəxsiyyətlərin adları və abidələri diqqəti çəkir. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinun professoru, Nizami Gəncəvi ədəbi irsinin tədqiqatçısı Xəlil Yusifli burada heykəli ucaldılan şəxslər haqqında danışaraq onların həyat və fəaliyyətləri barədə maraqlı faktlar səsləndirdi. Orta əsrlərdə yaşamış görkəmli Azərbaycan şairi Əbu Həfs Ömər Gənci barədə danışan Xəlil Yusifli bildirdi ki, “Əbu Həfs Ömər Gənci dövrünün tanınmış şairi olmaqla yanaşı, həm də tarixdə peşəkar müəllim kimi tanınıb. O, uzun illər ərzində müsəlman Şərqinin mühüm elm, mədəniyyət mərkəzlərindən biri olan Xorasan şəhərində ərəb dili müəllimi işləyib. Ömər Gəncinin çəkdiyi vətən həsrəti onun şeirlərində də əks olunub”.

Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq, “Vazeh” təxəllüsü ilə həm Azərbaycan, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirən Mirzə Şəfi Vazeh diqqəti çəkir. Vazeh "ifadəli, aydın" deməkdir. Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı. Vazehin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatın nəşəsidi, amma bəzi şeirlərində Mirzə Şəfi feodal cəmiyyətinin eyiblərini göstərir, köləlik və dini fanatizmin əleyhinə çıxış edir.

Özündən qabaqkı ədəbi, elmi fikri yaxşı bilən və dövrünün qabaqcıl ziyalılarından olan Əbülüla Gəncəvinin əsərlərinin təhlili göstərir ki, Əbülüla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbülülanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Nizami Gəncəvinin yaxın qohumu olmuş Qivami Mütərrizi XII əsrdə ədəbiyyat tarixinə Əbülüla Gəncəvi məktəbinin istedadlı davamçısı kimi düşmüşdür. Ehtimala görə, Qivaminin 7000 beytlik divanı olmuşdur. Eyni zamanda, 1231-ci ildə Gəncədə sənətkarların və şəhər yoxsullarının Xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri, cəngavər, mərd Usta Bəndərin heykəli də yer almışdır.  “Sələflər və xələflər” parkında vaxtilə Gəncədə yaşamış qadın şairlərin yaradıcılığına da xüsusi yer ayrılıb. XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairi Məhsəti Gəncəvinin abidəsi də parkda özünə yer alıb. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Məhsəti Gəncəvi ilə yanaşı, öz dövrünün sayılıb-seçilən digər qadın sənətkarların da heykəlləri var ki, onlardan biri də Doktəri Xətibi Gəncəvidir. Professor Xəlil Yusifli Gəncə xətibinin qızı barədə danışaraq dedi: “Bir sıra alim və tədqiqatçılar hesab edirlər ki, Doktəri Gəncəvi Gəncə xətibi Tacəddin Əmir Əhmədin bacısı, Məhsəti Gəncəvinin də baldızıdır. Çünki tarixi mənbələr Əmir Əhmədlə Məhsəti Gəncəvinin ər-arvad olduğunu təsdiqləyir”.

Bu parkın salınması Azərbaycanın, xüsusilə də Gəncənin qədim  mədəniyyəti, zəngin tarixi və çoxəsrlik ədəbiyyatının tanıdılması baxımından böyük önəm kəsb edir.

Zabit XƏLİLOV,

“Respublika”.