DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

BÖYÜK BRİTANİYA PARLAMENTİ BURAXILIB

Böyük Britaniyada mayın 30-da seçkilər öncəsi parlament rəsmən buraxılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə qanunverici orqanın saytında məlumat verilib.

Açıqlamaya əsasən, mövcud qaydalara görə, parlament bu il iyulun 4-nə təyin edilmiş səsvermə gününə 25 iş günü qalmış buraxılmalıdır.

Hazırda İcmalar Palatasının bütün üzvlərinin mandatları vaxtından əvvəl başa çatıb və artıq öz seçicilərini təmsil etmirlər. İstənilən halda onlardan hər hansı biri yenidən namizədliyini irəli sürə bilər.

Bununla yanaşı, Lordlar Palatasının üzvləri isə seçilmədikləri, lakin baş nazirin tövsiyəsi ilə kral tərəfindən təyin olunduqları üçün öz vəzifələrini saxlayırlar.

Xatırladaq ki, mayın 22-də Böyük Britaniyanın baş naziri Rişi Sunak parlamentin buraxılacağını və ölkədə iyulun 4-nə növbədənkənar seçkilərin keçiriləcəyini açıqlamışdı.

SLOVAKİYA BAŞ NAZİRİNİN SƏHHƏTİ İLƏ BAĞLI AÇIQLAMA

Sui-qəsd cəhdi nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Robert Fitsonun müalicə aldığı Banska-Bistritsa şəhərindəki Ruzvelt xəstəxanasının baş həkimi Miriam Lapunikova bəyan edib.

“İnanırıq ki, onun səhhəti yaxşılaşmağa doğrudur və sağalma prosesi çox müsbət gedəcək”, - xəstəxana rəhbəri bildirib.

Xatırladaq ki, mayın 15-də Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.

Qeyd edək ki, Robert Fitsoya sui-qəsd etməkdə şübhəli bilinən 71 yaşlı yazıçı Yuray Çintula saxlanılıb. Y.Çintulanın radikal qruplaşmanın üzvü olmadığı və müstəqil hərəkət etdiyi müəyyən edilib.

İSVEÇ HHM SİSTEMLƏRİ ÜÇÜN UKRAYNAYA 1,26 MİLYARD DOLLAR AYIRACAQ

İsveç hökuməti İsveç Demokratları Partiyası ilə Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün 13,3 milyard krondan çox (1,26 milyard dollar) vəsaitin ayrılması barədə razılığa gəlib. “TASS” agentliyinin məlumatına görə, bu barədə İsveç baş nazirinin müavini, energetika, biznes və sənaye naziri Ebba Buş mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, yardım paketinə Ukraynanın prioritetləri siyahısında olan avadanlıqlar daxildir. O, qeyd edib ki, söhbət iki kəşfiyyat təyyarəsi, artilleriya sursatları və zirehli texnika ilə hava hücumundan müdafiə sistemlərini gücləndirməkdən gedir.

Xəbər verilir ki, yeni hərbi yardım paketi son iki ildə 16-cı olacaq. İsveç hökuməti bu yaxınlarda Ukraynaya 2024-cü ildən 2026-cı ilə qədər olan dövr üçün 75 milyard kron (7,09 milyard dollar) məbləğində uzunmüddətli hərbi dəstək proqramını təqdim edib. Krallıq artıq Kiyevə humanitar, maliyyə və hərbi yardım şəklində 50 milyard kron (4,73 milyard dollar) ayırıb.

LONDONUN 200 İLLİK QƏZETİ GÜNDƏLİK NƏŞRİNİ DAYANDIRIR

Londonun nüfuzlu “Evening Standard” qəzeti 200 ildən sonra gündəlik nəşrdən həftəlik nəşrə keçir. “Trend” agentliyinin verdiyi xəbərə görə, Böyük Britaniya paytaxtının metro və avtobuslarında həftənin beş günü pulsuz paylanan qəzet öz nəşrini azaldaraq həftədə bir dəfə dərc olunacaq.

Şirkətdən bildirilib ki, pandemiyadan sonra Londona səyahət edən sərnişinlərin sayının azalması, istehlakçı davranışlarının dəyişməsi və metronun bir çox hissələrində “Wi-Fi” qurğularının tətbiqi qəzetə ciddi təsir edib.

Qəzetin son altı ildə 84 milyon funt-sterlinq ziyan etdiyi və “COVID”dən əvvəl 600 min nüxsə ilə buraxılsa da bu rəqəmin hazırda 300 mindən də aşağı olduğu bildirilib.

Eyni zamanda, qəzet rəhbərliyi qeyd edib ki, onlar daha çox qəzetin onlayn biznesinə diqqət yetirəcəklər. “Evening Standard”ın gündəlik buraxılışını dayandırması çap və xəbər sənayesi üçün çətin bir vaxta təsadüf edir.

Qeyd edək ki, bu ilin əvvəlində “Daily Mirror” və “Express” qəzetlərinin sahibi olan “Reach” nəşriyyatı da onlayn mövcudluğunu artırmaq səyləri çərçivəsində xərcləri və iş yerlərini azaltmaq planlarını açıqlamışdı.

ÇİN VƏ MİSİR LİDERLƏRİ ARASINDA BİR SIRA SAZİŞLƏR İMZALANIB

Çin və Misir “Bir Kəmər və Bir Yol” təşəbbüsü üçün birgə inkişaf planı da daxil olmaqla bir sıra sazişlər imzalayıblar. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisinin mətbuat xidmətnin yaydığı bəyanatda qeyd olunur.

Xəbər verilir ki, Əbdülfəttah əs-Sisi mayın 29-da Çinə rəsmi səfərə gəlib. O, Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

Açıqlamaya əsasən, Əbdülfəttah əs-Sisi və Si Cinpin danışıqlar zamanı beynəlxalq və regional məsələləri müzakirə ediblər. Bildirilir ki, Misir prezidenti danışıqlar zamanı Qəzza zolağında müharibənin dayandırılmasının vacibliyinə diqqət çəkib.

Məlumata görə, tərəflər həmçinin Afrikadakı vəziyyətə və qitənin inkişaf səylərini dəstəkləmək üçün iki ölkə arasında əməkdaşlığı gücləndirmək yollarına toxunublar.

“Liderlərin iştirakı ilə iki ölkə arasında bir sıra əməkdaşlıq sazişləri, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafı üzrə birgə plan və texnoloji innovasiyalar, eləcə də kommunikasiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

GÜRCÜSTANDA SEÇKİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR TƏSDİQLƏNİB

Gürcüstan parlamenti hakim “Gürcü arzusu” partiyasının deputatlarının təşəbbüsü ilə Seçki Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. “Report” agentliyinin Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, layihə yekdilliklə qəbul edilib, bunun əsasında seçki administrasiyası tərəfindən yüksək kvoruma malik qərarların qəbul edilməsi proseduru dəyişdirilib.

Məlumata əsasən, söhbət Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun tam tərkibinin azı üçdə ikisinin dəstəyi ilə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul edilməli olan qərarlardan gedir.

Seçki Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq, MSK səslərin azı üçdə ikisinin dəstəyi ilə qərar qəbul edə bilmədikdə, səsvermə yenidən MSK-nın həmin iclasında keçiriləcək və qərar qəbul ediləcək. Səsvermə MSK-nın tam tərkibinin səs çoxluğu tərəfindən dəstəkləndiyi təqdirdə qəbul edilmiş sayılır.

Verilən xəbərə görə, hakim partiya hesab edir ki, bu dəyişikliklər Mərkəzi Seçki Komissiyasının səmərəli fəaliyyətinə töhfə verəcək və onun fəaliyyətində pozuntuların qarşısını almağa kömək edəcək.

AVROPA PENSİYA FONDU NEFT VƏ QAZA İNVESTİSİYA QOYMAQDAN İMTİNA EDİB

Niderlandda dövlət qulluqçuları və müəllimlər üçün Avropanın ən böyük pensiya fondu olan “Stichting Pensioenfonds ABP” “yaşıl” investisiya siyasətinin bir hissəsi olaraq, neft-qaz sektorunda və kömür sənayesindəki təxminən 10 milyard avro dəyərində bütün likvid aktivlərini satıb. Bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Fondun müşahidə şurasının sədri Harmen van Veynen bildirib ki, fond 2023-cü ilin birinci rübündə qalıq yanacaqla bağlı son səhmlərini, istiqrazlarını və neft fyuçerslərini satıb. Belə ki, fond 2021-ci ildə 15 milyard avroluq riskinin böyük hissəsini geri götürmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirib.

Bununla belə, fondun portfelinin təxminən 4,8 milyard avrosu neft və qaz aktivlərinə qeyri-likvid investisiyalarda, qeyri-ictimai şirkətlərdə, özəl kapital fondlarında və hedcinq fondlarında qalır. Uzunmüddətli müqavilələr səbəbindən fondun bu investisiyalardan tam çıxması bir neçə il çəkəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.