XXXII GÜN. RETROSPEKTİV
Tarix

XXXII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 6 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 may

  • Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Beynəlxalq dialoqa əsaslı töhfə

  • Məlumdur ki, "Bakı Prosesi" də Azərbaycan brendi kimi dünyada nüfuz qazanmağa davam edir. Proses qlobal miqyasda mədəniyyətlərarası dialoqa, birgəyaşayışa töhfə vermək məqsədi daşıyır və dünya gündəliyinə daxil olub. Bu günlərdə "Bakı Prosesi" çərçivəsində paytaxtımız daha bir mötəbər tədbirə - "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi edib. Qərb ilə Şərq arasında yerləşən Odlar yurdu etibarlı məkandır. Bu xüsusda noyabrda baş tutacaq BMT-nin ən böyük tədbirlərindən olan COP29-da iştirak etmək üçün minlərlə xarici vətəndaş Azərbaycana səfər edəcək. Ölkəmizin təkcə təhlükəsiz olması deyil, həm də bərpa olunan və "yaşıl enerji" sahəsində gördüyü işlər bu tədbirin keçirilməsinə əsas verir.
  • ANAMA ötən ay 2500-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirildiyini açıqlayıb.
  • Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən televiziya binasının açılışı olub.

2 may

  • Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib.
  • Qərbi Azərbaycan İcması ABŞ-ın Dini Azadlıq Komissiyasının bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına münasibət bildirib.

3 may

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda tədbirdə çıxış edib.
  • Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə olublar.

4 may

  • Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb.
  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası olub.

5 may

  • Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb.

6 may

  • Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib.
  • Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 may

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.
  • Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

8 may

  • Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
  • İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşündə hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınayıblar.

9 may

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

10 may

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
  • Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxış edib.
  • Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb.

11 may

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Qayıdışın mübarək, əziz Şuşa!

Şuşada keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı mühüm əhəmiyyət kəsb edir. Festivala bir sıra ölkələrin nümayəndələrinin qatılması, eyni zamanda mədəniyyət xadimlərinin çıxışı onu deməyə əsas verir ki, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı mahiyyət etibarilə heç də digər beynəlxalq musiqi yarışmalarından geri qalmır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük qürur hissi ilə Qarabağın tacı Şuşada qeyd edildi. Bununla yanaşı, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak ediblər və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

  • Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb.

12 may

  • Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb.

13 may

  • Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.

14 may

  • Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • Şuşa şəhərində daha 38 ailəyə mənzillərin açarları təqdim olunub.

15 may

  • Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib.
  • Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.
  • Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycan-Rusiya əməkdaşlığında mühüm addımdır

Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib. Mərasimdə çıxış edən Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Yevgeni Nikiforov bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra rəsmi Moskva və Bakı fəaliyyəti hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər. Şübhəsiz ki, bütün bu nəticələrin əldə olunmasının əsasında Prezident İlham Əliyevin strateji zəkası, yüksək diplomatik bacarığı, şəxsi nüfuzu və hadisələrin gedişatını öncədən proqnozlaşdırmaq, istiqamətləndirmək məharəti dayanır.

  • Sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

16 may

  • Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatla çıxış ediblər.
  • Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında müstəqillik mübarizəsi aparan 14 hərəkat Yeni Kaledoniyaya dəstək bəyanatı yayıb.

17 may

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə və Füzuli rayonuna səfər ediblər.

18 may

  • Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməlini qoyub.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda "Ağalı" hotelinin açılışında iştirak ediblər.

19 may

  • Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.

20 may

  • Prezident İlham Əliyev İran Prezidentinin və digər müşayiət edən şəxslərin həlak olmaları ilə bağlı İranın Ali Rəhbərinə başsağlığı verib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

21 may

  • Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib.
  • Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib.

22 may

  • Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib.

23 may

  • Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatla çıxış ediblər.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına müsahibəsi yayımlanıb.

24 may

  • Azərbaycan Respublikasının Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin əraziləri ölkəmizin Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Bayrağımız qürurla dalğalanır

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz uğur hekayəsini yazmağa davam edir. Ölkə başçımızın tapşırığına əsasən Azərbaycan Respublikasının Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə aprelin 19-da dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşünün Protokolu imzalanıb. Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başlayıb. Uzun illərdən sonra Azərbaycan bayrağı Qazax rayonunun azad olunmuş kəndlərində ucaldılıb. Ermənistanla Azərbaycan arasında ilk sərhəd dirəyi basdırılıb. Qazaxın 4 kəndinin qaytarılmasından sonra bu, sülh üçün atılan növbəti addımdır.

  • Laçın şəhərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Laçın İqlim Fəaliyyəti Dialoqu (Lachin Climate Change Dialogue) keçirilib.

25 may

  • Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin (İB) təsisçisi və rəhbəri Leyla Əliyeva Berlində işgüzar səfərdə olub.
  • Şuşa şəhərində daha 32 ailəyə mənzillərin açarları təqdim olunub.

26 may

  • Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrası yerinə yetirilib.

27 may

  • Azərbaycan Prezidenti İlham Əliyev İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması" mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciət məktubu ünvanlayıb.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "Crescent Bay" layihəsinin təqdimatı və "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər.

28 may

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

Ümidlərin gerçəkləşməsi yeni arzulara rəvac verir

Qan yaddaşımız Xocalı soyqırımı xalqımıza qarşı törədilən erməni faşizmidir. Tarixin ağrı-acılı, qanlı-qadalı səhnələrini yaşayan soydaşlarımızın üzləşdiyi faciənin unudulması mümkün deyil. Lakin doğma yurdumuzu azad, firavan və abad görmək başda xocalılılar olmaqla bütün soydaşlarımızı sevindirir. Yeri gəlmişkən, Xocalıya artıq köç başlayıb. Yerli sakinlər doğma yurdlarına qovuşublar. Mayın 28-də Xocalı şəhərinə gəlib çatan köç karvanındakı 20 ailə (81 nəfər) artıq öz evlərində yerləşdirilib. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Onlara evlərin açarları təqdim edilib. Xocalılılar torpaqlarımızın işğaldan azad edilməsinə, onların doğma yurda qayıdışının təmin edilməsinə görə dövlətmizin başçısına minnətdarlıqlarını bildiriblər.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Şotlanlı, Nəmirli, Güllücə, Tağıbəyli kəndlərinin təməlini qoyub.

29 may

  • Prezident İlham Əliyev "CVC Capital Partners" şirkətinin həmtəsisçisi və sədrini qəbul edib.
  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfər edib.

30 may

  • Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda konfrans keçirilib.

Davam edən gizli təhlükə

Mayın 28-də işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina partlayışı olub. Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Azərbaycan bu təhlükəni aradan qaldırmaq məqsədilə xeyli vəsait ayırıb. ANAMA minatəmizləmə prosesini sürətləndirmək üçün qabaqcıl texnologiyadan və qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə bu işlərin önündə dayanır. "İmprotex" Şirkətlər Qrupu tərəfindən "Made in Azerbaijan" brendi altında istehsal olunan daha 10 ədəd "Revival P" mexaniki minatəmizləmə maşını Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə təhvil verilib. Bununla yanaşı, konfrans iştirakçılarına ünvanladığı məktubda Prezident İlham Əliyev bildirib ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.

31 may

  • Laçına növbəti köç karvanı baş tutub.

“Respublika”.