Etnosport Mədəniyyət Festivalı
Mədəniyyət

Etnosport Mədəniyyət Festivalı

İstanbul

İstanbulda VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başlayıb. 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalda indiyədək 50-dən artıq ölkədən 250-dən çox idmançı iştirak edib. Hər il bir milyondan artıq ziyarətçi qəbul edən festivalda iştirakçı ölkələrin milli-mənəvi dəyərlərinin tanıdılması ilə yanaşı, oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla müxtəlif ənənəvi idman növləri üzrə yarışlar keçirilir. Qarabağ atlarının nümayişləri isə iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır.

Atatürk Hava Limanının ərazisində təşkil olunan tədbirdə dünyanın 30-dan çox ölkəsi iştirak edir. Türkdilli xalqlara aid milli idman növlərinin nümayiş etdirildiyi festivalda hər il olduğu kimi, bu il də fərqli coğrafiyaların özünəxas oyunları tanıdılır.

Festivalda Ankaradakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulan "Azərbaycan çadırı"nda ölkəmizin milli-mədəni dəyərləri, eləcə də musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunur. Qonaqlar Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağac üzərində oyma sənətinə dair iş prosesini yaxından izləyirlər. Milli çadırımızda Azərbaycanın tarixi və mədəniyyətinə dair guşələr yaradılıb ki, burada dövlətçiliyimiz və mədəniyyətimizə dair nəşrlər sərgilənir, ölkəmizin tarixi, mədəniyyəti və turizm bölgələrinin əsrarəngiz gözəlliyinə dair videoçarxlar göstərilir. Bunlarla yanaşı, çadırda sadə Azərbaycan ailəsinin ənənəvi mənzilinin nümunəsi, məişətdə istifadə etdiyi əşyalar, suvenirlər də nümayiş olunur, milli şirniyyatlarımız qonaqlara təqdim edilir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xüsusi olaraq tədbir üçün İstanbula gələn İsmayıllı rayonundan xalçaçı Ruhiyyə Süleymanova, Bakıdan miniatür rəsmlərin yaradıcısı, rəssam İlahə Cəfərli və Qəbələdən ağacoyma ustası Şahin Rəhimov sahələri üzrə əl işlərinin yaradılma prosesini canlı olaraq qonaqlara nümayiş etdirirlər.

Tədbirin bədii hissəsində mərkəzin nəzdində fəaliyyət göstərən "Xəzər" rəqs ansamblının ifasında milli rəqslərimiz, azərbaycanlı gənc ritm ustalarının çıxışları, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin ifaları alqışlarla qarşılanıb.

Ölkəmiz festivalda Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət nümayəndə heyəti və "Azərbaycan çadırı" ilə təmsil olunur.

Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan festivala Azərbaycandan 14 Qarabağ atı gətirilib. Nümayəndə heyətimiz xalqımızın qəhrəmanlıq rəmzlərindən olan "Koroğlu"nun adını daşıyan şou-kompozisiya ilə çıxış edib. Kompozisiyanın əsasını Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Qeyd edək ki, Dünya Etnosport Konfederasiyasının təşkilatçılığı ilə başlayan VI Etnosport Mədəniyyət Festivalı iyunun 9-dək davam edəcək.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.