SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Autizmin səbəbi tapıldı

Amerikalı elm adamları genlərin autizmlə əlaqəsini araşdırıblar. Tədqiqatın nəticələri göstərib ki, bu xəstəliyə neandertal genləri səbəb olur.

Autizm, emosional təzahürlərin və ünsiyyət sferasının açıq şəkildə çatışmazlığı olan zehni və psixoloji inkişafın pozulmasıdır. Bu pozğunluğun nədən qaynaqlandığı tam olaraq bilinməsə də, genetik və ətraf mühit faktorlarının birgə təsiri olduğu düşünülür. Bu xəstəlikdən əziyyət çəkən insanlar heç vaxt öz emosiyalarını, jestlərini başqalarına bəlli etmir və onların hərəkətləri çox vaxt ictimai məna daşımır.

"Molecular Psychiatry" jurnalında dərc edilən araşdırmada qeyd edilir ki, tədqiqatçılar ABŞ-da minlərlə autizmli insanın və onların bacı-qardaşlarının genetik məlumatlarını ehtiva edən "Simons Foundation Powering Autism Research" layihəsinin məlumatlar bazasından istifadə ediblər. Aşkar edilib ki, əhalinin 1 faizində rast gəlinən neandertal genləri autizmli insanlarda əhəmiyyətli dərəcədə çoxdur.

"Bu nəticələr neandertal mənşəli DNT-nin ABŞ-da böyük populyasiyalarda autizmə həssaslıqda mühüm rol oynadığını qəti şəkildə göstərir", - deyə tədqiqatçılardan biri qeyd edib.

Neandertal genləri ilə autizm arasında əlaqə aşkar edilsə də, bu genlərin sözügedən xəstəliyə necə səbəb olduğu bilinmir. Əlaqəni aydın şəkildə təsdiqləmək üçün autizmli insanların bütün genomunun daha çox araşdırılması lazımdır.

Pendir ye, çox yaşa!

Psixi rifah sağlam qocalmanı və uzunömürlü olmağı təşviq edən ən vacib amildir. Şanxay Jiao Tonq Universiteti Tibb fakültəsinin tədqiqatçıları müəyyən ediblər ki, pendir istehlakı ilə uzunömürlülüyə nail olmaq olar.

2,3 milyon insan üzərində aparılan genişmiqyaslı araşdırmanın nəticələri göstərib ki, psixi sağlamlıq və stresə davamlılıq səviyyəsi pendir yeyənlərdə daha çoxdur. Mütəxəssislər uzun yaşamaq üçün xüsusilə mozzarellanın ən sağlam pendir olduğu qənaətinə gəliblər. Bundan əlavə, tədqiqatçılar sözügedən pendir növünün tərkibində olan "phenylethylamine" adlı kimyəvi maddənin metabolizmanı və qan dövranını normallaşdırdığını müəyyən ediblər.

"Bu, yaxşı protein, kalsium mənbəyidir, hətta mədə-bağırsaq və immun sisteminə də çox böyük fayda verə biləcək probiyotikləri ehtiva edir", - deyə alimlər qeyd ediblər.

Nanə bu xəstəliyin çarəsi imiş

Amerikalı alimlər Alzheimer xəstəliyi ilə bağlı əlamətdar bir kəşfə imza atıblar. Gəmiricilər üzərində aparılan təcrübələr göstərib ki, nanənin tərkibindəki mentol idrak qabiliyyətlərini yaxşılaşdıraraq Alzheimer xəstəliyinin qarşısını alır.

Məlumat üçün qeyd edək ki, Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlikdir. Xəstəlik klinik olaraq yaddaş və digər intellektual qabiliyyətlərin nəzərəçarpacaq dərəcədə pozulması ilə müşayiət olunur.

"The Conversation" veb saytında yayımlanan araşdırmaya görə, Alzheimer xəstəliyi olan siçanlar 6 ay ərzində müntəzəm olaraq mentolla inhalyasiya edilib. Sınaq müddəti başa çatdıqdan sonra mentola məruz qalan heyvanların yaddaş və öyrənmə qabiliyyətində əhəmiyyətli dərəcədə irəliləyiş qeydə alınıb. Təcrübələr göstərib ki, sözügedən maddə beyində iltihabı artıran interleykin-1 proteininin səviyyəsini azaldır. Belə ki, interleykin-1 Alzheimer xəstəliyində yaddaş itkisinə səbəb olur. Bundan əlavə, məlum olub ki, mentol, həmçinin iltihabla mübarizə aparan immun T-tənzimləyici hüceyrələrin işini də yaxşılaşdırır.

Müalicəvi otlardan istifadə edərkən diqqətli olun

Müalicəvi otlar xalq təbabətində müxtəlif məqsədlər üçün istifadə olunur. İnsanların əksəriyyəti onları xeyirli bildikləri üçün tez-tez qəbul edirlər. Lakin bu, böyük səhvdir.

İlk növbədə qeyd etmək lazımdır ki, ciddi xroniki (böyrək, qaraciyər çatışmazlığı və s.) xəstəliklər zamanı bir çox otları qəbul etmək olmaz. Bu, xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Məsələn, çobanyastığı tez-tez istifadə olunan müalicəvi otlardan biridir. Antiseptik və sakitləşdirici təsir göstərən bu bitki spazmaları azaldır. Lakin onun hamilə və uşaq əmizdirən qadınlara zərərvermə ehtimalı yüksəkdir. Bundan əlavə, dəmirin sovrulmasını ləngitdiyi üçün müntəzəm qəbul edildikdə qanazlığına səbəb olur. Tez-tez nanə qəbulu isə bronxial astma və bradikardiyadan əziyyət çəkənlər üçün zərərlidır.

Yovşan ən faydalı müalicəvi otlardan biri sayılır. O, ağrıları azaldır, həzmi yaxşılaşdırır, xərçəng əleyhinə təsir göstərir. Lakin yovşanı tez-tez istifadə etdikdə qarabasma, nevroloji tutmalar kimi bir sıra pozulmalara yol açır. Kəklikotu da xalq təbabətində çox geniş istifadə olunur. Bu bitki soyuqdəymədən tutmuş, böyrək problemlərinə qədər bir çox xəstəlikləri müalicə edir. Lakin onun daimi qəbulu başgicəllənməsi, baş ağrıları, mədə-bağırsaq problemlərinə səbəb olur. Bütün bunları nəzərə alaraq istənilən, hətta ən faydalı belə otları qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".