DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

FRANSADA SOLÇULARIN QƏLƏBƏSİ MÜƏMMALI VƏZİYYƏT YARADIB

Fransa Milli Assambleyasına iyulun 7-də keçirilən seçkilərin ikinci turunda “Yeni xalq cəbhəsi” solçu alyansı 182 mandat əldə edərək qalib gəlib. Solçu blokun qələbəsi Fransada qeyri-sabit parlament problemi və yeni hökumətin formalaşdırılması prosesində danışıqların uzadılması ilə bağlı müəmmalı vəziyyət yaradıb. “Röyters” agentliyinin məlumatına əsasən, seçkilərin nəticələri prezident Emmanuel Makrona da ağır zərbə olub və Avropaının ikinci böyük iqtisadiyyatını durğunluq vəziyyətinə sürükləyir, həmçinin Paris Olimpiadasına bir neçə həftə qalmış ölkədə baş verəcək siyasi qeyri-sabitlikdən xəbər verir.

Bildirilir ki, Fransa prezidenti son nəticədə parçalanmış parlament sindromu əldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarından kənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duran məsələlərin həllində çətinliklər yaradacaq.

Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına görə, parlamentdə solçular 182, Makronun mərkəzçi alyansı 168, Marin Le Penin “Milli birlik” partiyası və onun müttəfiqləri isə 143 yer qazanıb. Beləliklə, Milli Assambleya üç böyük qrupa bölünüb; müxtəlif platformalarla sol, mərkəzçi və həddindən artıq sağ qanadlar. Əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almadığına görə yeni hökumətin formalaşdırılması çətin olacaq.

BRİTANİYANIN YENİ BAŞ NAZİRİ İSRAİL VƏ FƏLƏSTİN LİDERLƏRİNƏ ZƏNG EDİB

Böyük Britaniyanın yeni baş naziri Kir Starmer israilli həmkarı Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Britaniya baş nazirinin ofisinin bəyanatında qeyd olunur.

Məlumata əsasən, Netanyahu ilə telefon danışığı zamanı Starmer İsraillə əməkdaşlığı davam etdirməyə sadiq olduğunu deyib. Starmer İsrailin Livanla şimal sərhədindəki vəziyyətin böyük narahatlıq doğurduğunu vurğulayıb.

Eyni zamanda, Qəzza zolağındakı vəziyyətdən danışan britaniyalı baş nazir atəşkəs, girovların qaytarılması və mülki şəxslərə çatdırılan humanitar yardımın həcminin artırılmasının zəruriliyini bildirib. O, əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli iki dövlət prinsipinə əsaslanmalıdır.

Mahmud Abbasla söhbətində Kir Starmer Fələstin üçün islahatların və beynəlxalq legitimliyin təmin edilməsinin vacibliyini dilə gətirib.

“BRİKS” İQTİSADİYYATIN ƏSAS HƏRƏKƏTVERİCİ QÜVVƏSİNƏ ÇEVRİLİR

“BRİKS” qlobal gündəmin formalaşmasında fəal iştirak etməkdə davam edir, iştirakçı ölkələr isə, tədricən dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilirlər. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov bəyan edib.

Bununla yanaşı, diplomat “BRİKS”in unikal struktura malik olduğunu vurğulayıb. O, əlavə edib ki, assosiasiyada aparıcı, dominant “qüvvə” yoxdur və bütün qərarlar birgə qəbul edilir.

“Birgə səylərlə biz “BRİKS”də bir-birimizin inkişaf yollarına hörmət və maraqların nəzərə alınması əsasında dialoq mədəniyyəti yaratmağa nail olduq. Bu, iştirakçılara ən çətin məsələlərin həlli yollarını və ümumi dil tapmağa kömək edir”, - deyə Morqulov Pekində keçirilən 12-ci Ümumdünya Sülh Forumu zamanı bildirib.

Diplomatın sözlərinə görə, qurulmuş əlaqələr və qarşılıqlı hörmət sayəsində “BRİKS” getdikcə daha da güclənir. Onun sözlərinə görə, “BRİKS” ölkələrinin ümumi ÜDM-i artıq “G7”nin ümumi daxili məhsulunu üstələyib.

TÜRKİYƏ MÜTTƏFİQ ÖLKƏLƏRƏ “KAAN” DÖYÜŞ TƏYYARƏSİ VERƏCƏK

Türkiyə müttəfiq ölkələr üçün 150 ədəd “KAAN” döyüş təyyarəsi istehsal edəcək. “Star” qəzetinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin TUSAŞ şirkətinin baş katibi Mehmet Demiroğlu bildirib.

Şirkətin baş katibi bu planın konkret olaraq hansı müddətə icra ediləcəyi açıqlamasa da, müttəfiq ölkələrdən bu döyüş təyyarəsinə çox ciddi maraq olduğunu vurğulayıb.

“Qarşıdakı illərdə, ilk növbədə, öz hava qüvvələrimizin ehtiyaclarını ödəmək şərti ilə cəmi 250-300 ədəd “KAAN” istehsal etməyi planlaşdırırıq”, - deyə Mehmet Demiroğlu bildirib.

Eyni zamanda, Mehmet Demiroğlu istehsala başladıqdan sonra Türkiyənin dünyada beşinci nəsil qırıcılar istehsal edən dörd ölkədən birinə çevriləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, “KAAN” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-ın “F-22” və “F-35” qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 22-də ilk uçuşunu uğurla həyata keçirib.

UKRAYNANIN YENİ DƏNİZ STRATEGİYASI HAZIRLANIR

Ukrayna hazırda ölkənin dəniz strategiyası üçün yeni sənəd üzərində işləyir. “Report” agentliyinin məlumatına görə, bu barədə Ukrayna mətbuatı prezident Volodimir Zelenskinin bəyanatına istinadən xəbər yayıb.

“Tezliklə bu strategiya Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən təsdiqlənəcək - indi onun bəndləri yekunlaşdırılır. Biz aydın başa düşürük ki, münaqişə bütün Qara dəniz regionumuzda qüvvələr balansını dəyişib”, - deyə Volodimir Zelenski vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, strategiya hazırlanarkən Ukraynanın yeni texnoloji imkanları və tərəfdaşlarla yeni münasibətləri nəzərə alınır.

“Ukrayna indi həmişə öz maraqlarını dənizdə, nəqliyyat arteriyalarında və müttəfiqlərimizin və tərəfdaşlarımızın mənafeyini qorumağa qadir dövlət olaraq qalacaq. Bunu təmin edən bütün xalqımıza minnətdaram”, - deyə Volodimir Zelenski qeyd edib.

RUSİYA XİN: AVROPA ŞURASINA QAYITMAĞIMIZ MÜMKÜN DEYİL

“Rusiyanın Avropa Şurasına qayıtması mümkün deyil”. “Trend” agentliyinin xəbərinə görə, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev çıxış edib.

“Bu, tamamilə hipotetik bir vəziyyətdir, çünki bu, hüquqi baxımdan mümkün deyil. Oraya qayıtmaq fikri heç yaranmır da, çünki bu mümkünsüzdür”, - deyə XİN-in departament direktoru vurğulayıb.

Rusiyalı diplomatın sözlərinə görə, əgər ölkə Avropa İnsan Hüquqları Konvensiyasına üzv olmasa, onun Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasında olması mümkün deyil.

Bununla yanaşı, diplomat qeyd edib ki, Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı şərait təşkilat tərəfindən çoxsaylı, o cümlədən prosessual pozuntularla müşayiət olunub.

BU ÖLKƏDƏ KÜTLƏVİ ŞƏKİLDƏ DÜYMƏLİ TELEFONLARA KEÇİRLƏR

ABŞ sakinləri öz smartfonlarını kütləvi şəkildə adi düyməli telefonlara dəyişməyə başlayıblar. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu tendensiya barədə “Daily Mail” nəşri xəbər verib.

Nəşrin açıqlamasına görə, buna səbəb belə telefonların təhlükəsizliyidir. Belə telefonlarla yalnız zəng etmək və mesaj yazmaq olar. Bu, insanlara təhlükəsizlik hissi verir - onlar mənəvi cəhətdən daha rahat və sakit, həyatda isə daha aktiv olurlar.

Belə ki, ötən il ABŞ-da 2,8 milyondan çox belə cihaz satılıb. Bu seçim insanın özünü nəinki daha azad hiss etməyə imkan verir, həm də asılılıq və “xəyal maraqları” ilə mübarizə aparmağa kömək edir.

Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, ABŞ-da və dünyada baş verən hadisələr daha çox amerikalının depressiyaya düşməsinə səbəb olur. Bu, ölkə vətəndaşların 17,8 faizini əhatə edir. Son on ildə isə bu rəqəm, təxminən iki dəfə artıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.