Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Gündəm

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

MSK-nın 9 iyul tarixli iclası keçirilib. İlk olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 6 iyul 2024-cü il tarixli iclas protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Protokol yekdilliklə qəbul edilib.

İclasda, həmçinin VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyası qərar qəbul edib. Məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı Sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Daha sonra Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında yeddi siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Milli Cəbhə Partiyasının, Ədalət, Hüquq, Demokratiya (HD) Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının, Ağ Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurum tərəfindən 17 siyasi partiyanın 458 səlahiyyətli nümayəndəsinin təsdiq edildiyini, həmin şəxslərdən artıq 43 nəfərə imza vərəqlərinin paylanıldığını bildirib. Sədr, həmçinin Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 125 müşahidəçisi qeydə alındığını da vurğulayıb. Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov maarifləndirmə tədbirləri məsələsinə də toxunub: "Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif qurumlarla birlikdə maarifləndirmə tədbirlərinə başlayacaq. Bu baxımdan, bu gün bütün dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçiriləcək". Sədr qeyd edib ki, 2011-ci ildə Prezident Sərəncamına əsasən, Milli Fəaliyyət proqramı hazırlanmışdı: "Bu sənəddə üzərinə vəzifə qoyulan dövlət orqanları səlahiyyətlərini ciddi tənzimlədi. MSK da bu məsələdə geridə qalmır. Biz bütün seçkilərdə, hətta seçki olmayan vaxtda da maarifləndirmə tədbirlərini həyata keçiririk. Bu baxımdan, sabah bütün dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçiriləcək".

Tacir SADIQOV,

"Respublika".