İlboyu fasiləsiz işləmək işçinin iş qabiliyyətinin və gördüyü işin keyfiyyətinin aşağı düşməsinə, sağlamlıq imkanlarının müəyyən həddə məhdudlaşmasına və bu kimi digər problemlərin yaranmasına gətirib çıxara bilər. Konstitusiyamızın 35-ci maddəsinə əsasən, hər kəsin istirahət hüququ vardır və hər bir işçi vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq əmək məzuniyyətindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra - ARƏM) nəzərdə tutulandan az olmayaraq işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən müvəqqəti ayrılmaqla ona illik əsas məzuniyyət verilir. Məzuniyyət mövzusu həmişə aktuallığını saxlayır və işləyən təbəqə arasında müəyyən suallar doğurur.
Biz də mövzu üzrə ictimaiyyəti maraqlandıran bir sıra suallara aydınlıq gətirmək üçün Hüquq və İnsan Haqları İnstitutunun Hüquq və Kadrlar Şöbəsinin müdiri İsaməddin Xamoyevə müraciət etdik.
–İsaməddin müəllim, işçinin əmək məzuniyyətindən istifadə hüququ hansı vaxtdan yaranır?
–Əvvəla, bildirim ki, əmək məzuniyyəti mövzusu daim işçiləri narahat edən məsələlərdən olub. Sualınızla bağlı qeyd edim ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq işçinin 1-ci iş ili üçün əmək məzuniyyətindən istifadə hüququ əmək müqaviləsi bağladığı andan, işlədiyi müddətdən 6 ay sonra əmələ gəlir. İşçiyə sonrakı illər üçün əmək məzuniyyətinin verilməsi isə işəgötürənlə qarşılıqlı razılıq əsasında tərtib edilmiş məzuniyyət qrafikinə uyğunlaşdırılaraq istər bütöv, istərsə də ayrılıqda verilə bilər.
–İşçiyə bir iş ili ərzində neçə gün əmək məzuniyyəti verilməlidir?
–Adətən işçilərə ödənişli əsas məzuniyyət, əsasən 21 təqvim günündən az olmayaraq verilir. Lakin qanunvericilikdə bir sıra kateqoriyalardan olan işçilər vardır ki, onlar üçün ödənişli əsas məzuniyyətin müddəti daha çox müəyyən edilib. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə, təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə və əczaçılara 30 təqvim günü müddətinə əmək məzuniyyəti verilir.
Bundan başqa isə qanunvericilikdə uşaqlı qadınlara, pedaqoji və elmi fəaliyyətlə məğul olan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan və teatr-tamaşa müəssisələrində işləyən işçilərə daha çox təqvim günü müddətində əmək məzuniyyətinin verilməsi nəzərdə tutulub. Əlavə olaraq bildirim ki, Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
–Qanunvericilikdə əmək stajına görə və yaxud da işində fərqlənən işçilərə əlavə məzuniyyətin verilməsi nəzərdə tutulurmu?
–Qeyd edim ki, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarətdir. Əvvəlki sualda əsas məzuniyyət haqqında məlumat verdim. Əlavə məzuniyyət isə ƏM 116-cı maddəsinə əsasən, işçinin 5 ildən 10 ilədək əmək stajı olduqda - 2, 10 ildən 15 ilədək stajı olduqda - 4, 15 ildən çox olduqda isə 6 gün müddətində verilir.
Bununla yanaşı, əlavə məzuniyyət - sosial məzuniyyətdən, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyətindən və ödənişsiz məzuniyyətdən ibarətdir.
Eyni zamanda işəgötürən əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən və əmək intizamına əməl edilməsində fərqlənən işçiləri əlavə əmək məzuniyyəti verməklə onları mükafatlandıra bilər.
–İsaməddin müəllim, ödənişsiz məzuniyyət qanunvericiliklə necə tənzimlənir və bu kimlərə şamil edilir?
–Əsasən ödənişsiz məzuniyyət Əmək Məcəlləsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı və ya işçinin xahişi ilə həyata keçirilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığı olduqda, kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlər daxilində, müddəti 6 aydan çox olmayaraq işçilərə ödənişsiz məzuniyyət verilə bilər.
Əgər işçi öz xahişi ilə ödənişsiz məzuniyyətə çıxmaq istəyirsə, bu halda müvafiq təsdiqedici sənədlər təqdim etməklə, müəyyən olunmuş hallarda və müddət çərçivəsində ödənişsiz məzuniyyət götürə bilər. Məcəllənin 130-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyət bu kateqoriyalı işçilərə şamil olunur:
- xroniki xəstəlikli övladı olan, yaxud ailənin uşağa qulluq edən digər üzvünə - uşaq 4 yaşına çatanadək;
- həyat yoldaşı doğum keçirmiş kişilərə, 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, 18 yaşınadək əlil uşağı olanlara, qəyyumlara, himayədarlara, müharibə iştirakçılarına, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, ailənin xəstə üzvünə qulluq edənlərə, ixtirasını və ya təklifinin işlədiyi müəssisədən kənar yerdə tətbiqi zamanı müəllifə, ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə - 14 günədək;
- immun çatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan işçiyə, hərbi təhsil müəssisələrində doktoranturada təhsil alan işçilərə - 1 ayadək;
- orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə, eyni zamanda ailə-məişət məsələlərini həll etmək üçün isə işçilərə - 7 günədək ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulur.
Əlavə olaraq onu da qeyd etmək istərdim ki, sentyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə VII çağırış deputat seçkilərinin keçirilməsi ilə əlaqədar, Seçki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədə də müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddətə qədər ödənişsiz məzuniyyət verilir.
–Ən çox işçiləri narahat edən suallardan biri də işçinin məzuniyyətdə olduğu müddətdə onun barəsində intizam tənbehi verilməsidir. Məzuniyyət müddətində intizam tənbehi verilə bilərmi?
–Xeyr, işəgötürən işçini yalnız qanunvericiliklə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə, hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edə bilər. Ancaq bu intizam tənbehi də işçiyə işdə olduğu müddətdə verilməlidir. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində, eyni zamanda intizam xətasının törədildiyi gündən 6 ay müddət keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
–Ən vacib məqamlardan biri də işçinin məzuniyyətdən geri çağırılmasıdır. Bununla bağlı qanunvericilik necə tənzimlənir?
–Əgər müstəsna hallar - qəza, təxirəsalınmaz hər hansı bir hadisə baş veribsə, onun nəticələrinin aradan qaldırılmasına zərurət yaranıbsa, ancaq o halda işçinin razılığı ilə geri çağırıla bilər. Məzuniyyətdən geri çağırılan işçiyə isə işə başladığı gündən etibarən əməkhaqqı hesablanmalı və ona işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilməlidir.
İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma isə yalnız işəgötürənin razılığı olduqda həyata keçirilə bilər. Bütün bunlar qanunvericilikdə, Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci hissəsi ilə tənzimlənir.
–Bəs işçi hər hansı bir səbəbdən əmək məzuniyyətindən istifadə etmədikdə və ya işdən çıxdıqda istifadə etmədiyi məzuniyyət günlərinə görə, ona qanunvericilikdə kompensasiya verilməsi nəzərdə tutulurmu?
–Belə ki, işçi ilə işəgötürənin qarşılıqlı razılığı olarsa, o halda əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ilinin əmək məzuniyyəti ilə birləşdirilə bilər. Məcəllənin 113-cü maddəsinin 3-cü hissəsinə uyğun olaraq, təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda, o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Həmçinin səbəbinin nə olmasından asılı olmayaraq, əgər işçi əmək məzuniyyətindən yararlana bilməyibsə, həmin iş ili (iş illəri) üçün ona mütləq kompensasiya ödənilməlidir. İşçinin əmək müqaviləsinə xitam verilirsə belə, işçiyə işdən çıxan günədək şərtsiz olaraq iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
–Çox sağ olun İsaməddin müəllim, maraqlı və əhatəli cavablara görə təşəkkür edirəm.
Hazırladı:
Nurlan ABDALOV,
"Respublika".