Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Venerada bioloji həyata işarə edən qazlar aşkar olunub

Elm adamlar Veneranın atmosferində iki növ qaz aşkar ediblər. Söhbət, fosfin və ammonyakdan gedir. Bu, planetin atmosferində potensial bioloji həyatın mövcudluğuna işarə edir.

Qeyd edək ki, Veneranın atmosferində fosfin qazının aşkar edilməsi ilə bağlı xəbərlər daha öncə də ortaya çıxmışdı. Lakin nəticədə bunun təsdiqinə dair heç bir sübut təqdim edilməmişdi. Yeni araşdırmanın nəticələri isə göstərir ki, planetin atmosferində fosfin mütləq şəkildə mövcuddur. Məlumat üçün bildirək ki, Yer kürəsində fosfin qazı aşağı səviyyədə oksigenə sahib mühitdə yaşayan bakteriyalar tərəfindən ifraz edilir. Buna görə də fosfin qazı bioloji həyatın mövcudluğuna işarə edən faktorlardan biridir. Alimlər Venera atmosferində fosfinin necə formalaşdığını dəqiq şəkildə bilmirlər. Yəni bu qaz potensial olaraq bakteriyalar tərəfindən ifraz edilən və ya bilinməyən kimyəvi reaksiyalar vasitəsilə formalaşa bilər.

Bundan əlavə, alimlər bildiriblər ki, Venera atmosferində fosfinlə yanaşı, üstəlik ammonyak da mövcuddur. Yer kürəsində ammonyak əsasən canlı orqanizmlər tərəfindən ifraz edilir. Bu qazın Venera atmosferində mövcudluğunu isə atmosfer və geoloji proseslərlə əlaqələndirmək hələ mümkün deyil. Tədqiqatçılar qeyd ediblər ki, bu qazların potensial mövcudluqları orada bioloji həyatın dəqiq şəkildə mövcud olmasına dair sübut kimi hələ istifadə edilə bilməz.

"WhatsApp"dan daha bir yenilik

Məşhur mesajlaşma platforması olan "WhatsApp"a daha bir funksiya əlavə ediləcək. Belə ki, "WhatsApp"ın 2.24.14.20 nömrəli beta versiyası istifadəçilərə Meta AI adlı çat-bot ilə fotoları bölüşmək imkanı verəcək.

Süni zəka əsaslı bu çat-bot öz növbəsində istifadəçi tərəfindən təqdim edilmiş fotonu analiz edəcək. Daha sonra istifadəçiyə onun tərkibi barəsində məlumat veriləcək. İstifadəçilərə hətta Meta AI vasitəsilə fotonu redaktə imkanı da verilir. Bundan əlavə onlar Meta AI-ya öz fotoları barəsində suallar verə və çat-botdan fotodakı obyektləri, yerləri təyin etməyi istəyə biləcəklər. Burada, həmçinin fotoların redaktə edilməsi imkanı da təklif ediləcək. Məlumata əsasən, bu yeni funksiya hələ hazırlanma mərhələsindədir.

ABŞ peyk əleyhinə sistemləri gücləndirir

"Bloomberg"in yaydığı xəbərə görə, ABŞ Kosmik Qüvvələri potensial münaqişə vəziyyətində Çin və Rusiya peyklərinə qarşı durmaq üçün yeni yer əsaslı elektron müharibə (EW) sistemini yerləşdirəcək. Pentaqonun nümayəndələri agentliyə bildiriblər ki, peyklərin elektron siqnalını boğmaq üçün ilk 11 cihaz bir neçə aydan sonra, daha 13 qurğu bu ilin sonunadək istifadəyə veriləcək. Uzaqdan Modul Terminal adlanan yeni elektron müharibə sistemləri sərt iqlimlərdə yerləşdirilə bilən kiçik, mobil və ucuz peyk rabitə tıxaclarıdır. Onların əsas məqsədi potensial düşmənin peyk rabitəsini bloklamaqdır. Agentlik bu cür terminalların əsas üstünlükləri arasında onları uzaqdan idarə etmək və geniş ərazilərdə çoxlu sayda yerləşdirmək imkanını qeyd edir. Məlumata görə, ABŞ Kosmik Komandanlığının rəhbəri Stiven Uaytinq vurğulayıb ki, "Çin də daxil olmaqla potensial hücumlara qarşı kosmos texnologiyalarından istifadə olduqca vacibdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".