Paris - 2024
İdman

Paris - 2024

Komandamızın hər bir üzvündən uğur gözləyirəm

Paris Olimpiadasında iştirak edəcək olimpiyaçılarımıza uğurlar arzulayan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova deyib ki, komandamızın hər bir üzvündən medal gözləyirəm. Düzdür, proqnoz vermək çox çətindir. Olimpiya Oyunlarında bir dəst medal uğrunda çoxsaylı idmançı yarışacaq. Bu mübarizədən qalib ayrılmaq üçün isə hamıdan güclü olmalısan. İdmançılarımızın gücünə inanıram. Əminəm ki, atletlərimiz Parisdə uğurlar qazanacaqlar. İstər güləş, cüdo, boks, gimnastika, istərsə də atıcılıq, atletika, basketbol növlərindən medal gözləmək olar. Olimpiada sürprizlərlə dolu bir yarışdır.

Olimpiya mükfatçımız atıcılıq yarışlarında ölkəmizi təmsil edəcək Ruslan Lunyovun da şansları barədə danışaraq deyib ki, Paris-2024 Ruslan Lunyovun üçüncü olimpiadası olacaq. Buna qədər o, Rio və Tokio olimpiadalarında iştirak edib. İnanıram ki, Ruslan bu dəfə uğurlu çıxışla Vətənə qayıda biləcək.

Təmsilçilərimizin 24 nəfəri İdman Akademiyasının tələbə və məzunlarıdır

XXXIII Yay Olimpiya Oyunlarında ölkəmiz 15 idman növündə 48 idmançı ilə təmsil olunur. Onlardan 24-ü Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır. Belə ki, builki Olimpiya oyunlarında İdman Akademiyasının 10 tələbəsi (Nicat Hüseynov (boks), Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası), Ləman Əlimuradova (bədii gimnastika (qrup hərəkətləri komandası), Yelizaveta Luzan (bədii gimnastika (qrup hərəkətləri komandası), Güllü Ağalarzadə (bədii gimnastika (qrup hərəkətləri komandası), Darya Sorokina (bədii gimnastika (qrup hərəkətləri komandası), Ramil Vəlizadə (üzgüçülük), Balabəy Ağayev (cüdo), Yaşar Nəcəfov (cüdo) və 14 məzunu (Ruslan Lunyov (10 m, pnevmatik tapança), Malik Həsənov (boks), Murad Allahverdiyev (boks), Məhəmməd Abdullayev (boks), Əliabbas Rzazadə (sərbəst güləş), Hacı Əliyev (sərbəst güləş), Turan Bayramov (sərbəst güləş), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Rafiq Hüseynov (yunan-Roma güləşi), Hidayət Heydərov (cüdo), Leyla Əliyeva (cüdo), Gültac Məmmədəliyeva (cüdo)) iştirak edir.

Türkiyə olimpiada tarixində ilk

Türkiyəli güllə atıcısı Şəvval İlayda Tarhan "Paris-2024" Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib.

O, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

O, bu gün final mübarizəsinə çıxacaq.

Çalışacağam daha yaxşı çıxış edim

Olimpiya Oyunlarının badminton yarışlarında mübarizə aparan təmsilçimiz Keişa Fatimə Zəhra ilk görüşdə məğlub olduqdan sonra deyib ki, ilk dəfədir ki, Olimpiya Oyunlarında iştirak edirəm. Bunun üçün də bir qədər həyəcanlı idim.

Bildirib ki, rəqibim reytinq cədvəlinin altıncı pilləsində qərarlaşıb. Parisə medal qazanmaq üçün gəldiyini gizlətmirdi. İlk görüşdə məğlub oldum. Çalışacağam ki, növbəti oyunda daha yaxşı çıxış edim. Qeyd edək ki, N qrupunda yer alan idmançımız ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb. Görüş rəqib idmançının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Badmintonçumuz növbəti oyununu iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmorla qarşılaşacaq.

Açılış mərasimində MOK-un rəsmiləri də iştirak edib

Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimini Milli Olimpiya Komitəsinin (MOK) viste-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev də izləyib.

Azərbaycanın Olimpiya komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edir.

Hazır olmayan şərait bizi narahat edir

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışları üçün nəzərdə tutulan Şamp-de Mars Arenanın tatamisində problem yaranıb. Məhz bu səbəbdən döşəmə sökülüb. Əvəzində yeni döşəmə sifariş edilib.

Beynəlxalq Cüdo Federasiyasının (IFJ) prezidenti Marius deyib ki, mən Parisə böyük həvəslə gəlmişəm. Lakin cüdo üçün hazır olmayan şərait bizi narahat edir. Fransa cüdo ölkəsidir. Ona görə də ümid edirəm ki, hər şey öz həllini tapacaq.

Bilet satışında yeni rekord

Paris-2024 Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idman direktoru Keith McConnell mətbuat konfransında deyib ki, 8,8 milyondan çox bilet satılıb. Bu inanılmaz rəqəmdir. Bundan əvvəl rekord 1996-cı ildə Atlantada keçirilən olimpiadaya məxsus idi. Həmin vaxt 8,3 milyon bilet satılmışdı.

İdmançımız olimpiadayla erkən vidalaşdı

Dünən Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışlarında təmsilçimiz Leyla Əliyeva da tatami üzərinə çıxıb.

-48 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/16 finalda Özbəkistan təmsilçisi Xalimajon Kurbanovla qarşılaşıb. Təəssüf ki, cüdoçumuz ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıb.

Olimpiya Oyunları müharibələrdə barışıq əldə etmək üçün bir fürsətdir

Roma Papası Fransisk Paris-2024 Yay Olimpiya Oyunları zamanı dünyada silahlı münaqişələrə son qoyulması üçün yeni çağırış edib.

Bildirib ki, idman dünyada böyük sosial gücə malikdir. Bu vasitə ilə müxtəlif mədəniyyətlərdən olan insanlar sülh yolu ilə birləşə bilər. Ümid edirəm ki, bu olimpiada bizim qurmaq istədiyimiz inklüziv dünyanın vasitəçisi olacaq. Qədim ənənəyə görə, Olimpiya Oyunları müharibələrdə barışıq əldə etmək üçün bir fürsətdir.

İlk dünya rekordu

Cənubi Koreyadan olan Lim Si Hyun 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında kamandan oxatma üzrə yeni dünya rekordu müəyyənləşdirib.

21 yaşlı Lim Si Hyun 2019-cu ilin dünya rekordunu qırıb. O, mümkün 720 xaldan 694 xal toplayaraq kvalifikasiya qazanıb və bununla da Parisdə keçirilən cari oyunlarda qeydə alınan ilk dünya rekorçusu olub.

Fransa sarsılmış imicini itirir

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən "France 2" telekanalına sanksiya tətbiq edilməlidir.

Amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys qeyd edib ki, telekanalın aparıcılarının Azərbaycan millisi ilə bağlı neqativ ifadələri reallığa uyğun gəlmir və Bakı ilə Paris arasında ikitərəfli münasibətlərin korlanmasına səbəb olacaq. Qeyd olunub ki, Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir. Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır.

Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir. Daha əvvəl Azərbaycanın Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransa telekanalının bu cür bəyanatlarına görə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət göndərəcəyi vurğulanmışdı.

M.NƏRİMANOĞLU,

"Respublika".