VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

28 iyul

  • Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Paris Olimpiadasında Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb.
  • Parisdə Azərbaycan Olimpiya Evinin açılışı olub.

29 iyul

  • Ceyhun Bayramov BMT-nin regional direktoru ilə COP29-a hazırlıq işlərini müzakirə edib.
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovu Olimpiya çempionu olması münasibətilə təbrik edib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovu Olimpiya çempionu olması münasibətilə təbrik edib

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər. Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

30 iyul

  • Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib.
  • Şuşaya növbəti köç baş tutub.

Tarixi yurdun əsl sahiblərinin qayıdışı

Şuşa... Bu söz bir nəğmə kimi səslənir. Qədim divarların arasında gəzdikcə şəhərin hər daşında, küçəsində keçmişin izləri görünür. Bu şəhərə köçmək sadəcə coğrafi bir yerdəyişmə deyil, ruhi dönüşdür. Hər səhər yerindən qalxanda bu qədim torpağın ətrini hiss etmək, keçmişin qoxusunu duymaq xoşbəxtlikdir. Qayaların üstündə yerləşən bu şəhər mənzərəsi və təmiz havası ilə turistlər üçün cazibədar bir məkan olub. Şuşanın qədim qalaları, tarixi küçələri və dini-mədəni abidələri ziyarətçilərə unudulmaz anlar yaşadır. Azərbaycanın yenidənqurma səyləri nəticəsində Şuşa sürətlə bərpa olunur və turizm potensialını daha da artırır.

İyulun 30-da artıq növbəti köç karvanı Şuşaya yola düşdü. Uzun müddət öz yurdlarından uzaqda qalan sakinlər bu gün doğma torpaqlarına qayıtmaqla yeni bir həyata başlayırlar. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 79 nəfər köçürülüb. İndiyədək Şuşa şəhərində 147 ailənin, yəni 570 nəfərin daimi məskunlaşması təmin edilib. Şuşaya köç bir millətin tarixi irsini yaşatmaq, mədəniyyətini qorumaq və gələcək nəsillərə ötürmək məqsədini daşıyır. Bu, həmçinin müharibənin gətirdiyi çətinliklərin arxada qalması və yeni bir başlanğıcın təntənəsidir.

  • Prezident Bakıda "Gənclik" metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.
  • Əli Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak edib.

31 iyul

  • Növbəti köç karvanı Laçın şəhərinə çatıb.
  • İran Prezidenti COP29-a dəvət olunub.
  • Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb.

1 avqust

  • Prezident İlham Əliyev milli bayram münasibətilə isveçrəli həmkarını təbrik edib.
  • Azərbaycan Respublikası Prezidenti Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zelim Kotsoyevi təbrik ediblər.

2 avqust

  • Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024-2025-ci illər mövsümünə start verilib.
  • Azərbaycan Respublikası Prezidenti bir sıra Fərmanlar imzalayıb.
  • Laçında "Gənclər Yaşıl Dünya Naminə" Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib.
  • Qazaxın Qızılhacılı kəndində mina partlayışı baş verib, ANAMA-nın əməkdaşları və DSX-nın hərbi qulluqçusu xəsarət alıb.
  • Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istəyib.

BOK-un Azərbaycandan üzr istəməsi ölkəmizin Olimpiya dəyərlərinə sadiqliyinin göstəricisidir

Parisdə keçirilən Olimpiya oyunlarının açılış mərasimində "France2" telekanalının şərhçisi Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin keçidində qərəzli ifadələr səsləndirdi və açıq şəkildə idmanla siyasəti qarışdırdı. Təbii ki, bu hərəkət çox böyük hiddətə səbəb oldu. Nəticədə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi Beynəlxalq Olimpiya Komitəsinə etiraz məktubu göndərdi. Əslində bu müraciətə müsbət cavab veriləcəyi gözlənilirdi, çünki bununla yanaşı, digər bir məsələdə də kobud yanlışlığa yol verilmişdi. Şimali Koreya və Cənubi Koreya nümayəndə heyətləri səhv salınmışdı. Hazırda Paris Olimpiya Oyunlarının açılışı hələ də müzakirə olunur. Açılış mərasimi və oyunlar zamanı yaşananlar çox böyük neqativlərə səbəb olub və insanların mənəvi dəyərlərinin, dini inanclarının təhrif olunması, onların səhnələşdirilməsi və çox kobud formada təqlidi, şübhəsiz ki, uzun illər ərzində hələ müzakirə predmeti olacaq.

Bununla yanaşı, müsbət hal ondan ibarətdir ki, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istədi. Bu, ölkəmizin Olimpiya hərəkatına, Olimpiya dəyərlərinin insanlar arasında həmrəylik, birliyin gücləndirilməsi istiqamətində dövlətimizin fəaliyyətinə verilən qiymətdir.

  • Azərbaycan XİN "France 2" telekanalının müxbirinin ölkəmizə qarşı qərəzli fikirlərinə münasibət bildirib.
  • Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatıb.

3 avqust

  • Azad olunan ərazilərdən xeyli silah-sursat aşkarlanıb.
  • Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları qısa müddətdə ölkədən çıxmağa çağırıb.

“Respublika”.