"Qazeta.ru": İşğaldan azad edilmiş Azərbaycan kəndində 4 nəfər minaya düşüb
"Qazeta.ru" saytı yazır ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 3 əməkdaşı minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıblar. Bu barədə ANAMA məlumat verir: "Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur", - deyə məlumatda deyilir.
Əlavə olaraq qeyd edilib ki, hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.
"Kavkazskiy uzel": Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istəyib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France 2" telekanalının aparıcısının işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib. Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat verib. Həmçinin əlavə olunub ki, bununla əlaqədar Fransa hökumətinin də rəsmi üzr istəməsini gözləyirlər.
"Kavkazskiy uzel" yazır ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi (MOK) fransalı aparıcının Qarabağla bağlı ifadələri ilə əlaqədar Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi şikayət ünvanlayaraq təşkilatı oyunları siyasiləşdirdiyi üçün Fransa rəhbərliyinə etiraz bildirməyə çağırıb.
Avqustun 2-də BOK təşkilatın direktoru Ceyms Maklaudun imzası ilə Azərbaycan tərəfinə cavab məktubu ünvanlayaraq "France 2" telekanalının efirində səslənən ifadələrə görə ölkəmizdən "səmimi üzr" istəyib.
Nazilrliyin məlumatında həmçinin vurğulanıb ki, "Paris-2024" Yay Olimpiya Oyunlarının yayımçısı olan "France 2" telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyini və Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də rəsmi Bakıdan üzr istəməsini gözləyirik.
"Offshore": bp Azəri-Çıraq-Günəşli yatağında qaz ehtiyatını qiymətləndirir
Bp Exploration (Caspian Sea) Azərbaycanın dənizdəki iki əsas yatağında işlənmə-kəşfiyyat proqramları ilə bağlı yenilikləri dərc edib.
"Offshore" jurnalı yazır ki, ilin birinci yarısında şirkət və onun tərəfdaşları Azəri-Çıraq-Günəşli (AÇG) yatağında fəaliyyətə təqribən 243 milyon dollar əməliyyat xərcləri və 698 milyon dollardan çox kapital sərf edib.
"Şahdəniz" qaz-kondensat yatağında cari ildə "İstiqlal" və "Heydər Əliyev" qazma qurğularını əhatə edən kampaniya çərçivəsində "Şahdəniz 2"nin Şərqi Şimal cinah quyularından iki quyu hasilata başlayıb.
"TRT AVAZ": Bakının Şirvanşahlar sarayı tarixiliyini qoruyur
"TRT AVAZ" saytının məlumatına görə, Şirvanşahlar sarayında Osmanlı İmperiyasının izləri var. Azərbaycanda 700 ilə yaxın hakimiyyət sürən Şirvanşahlar dövləti tərəfindən inşa edilən saray bu günə qədər varlığını qoruyub saxlayıb. Sarayda vaxtilə rəsmi tədbirlərin keçirilib qərarların qəbul edildiyi "Divanxana" da var. İkimərtəbəli sarayın ikinci mərtəbəsində şah və ailəsi yaşayıb.
Sarayda 1586-cı ildə inşa edilən "Murad qapısı" Osmanlı sultanı III Muradın adına Əmirşah Təbrizi tərəfindən düzəldilib.
UNESCO tərəfindən "Azərbaycan memarlığının incilərindən biri" adlandırılan Şirvanşahlar sarayı muzey kimi də fəaliyyət göstərir.
"SPbQU": Birgə sosial araşdırmalar aparmaq barədə müqavilə imzalanıb
Sankt-Peterburq Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Sosial Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı təntənəli mərasim keçirilib.
"SPbQU" xəbər verir ki, tərəflər sosial-iqtisadi inkişaf və təhsil proqramlarını dəstəkləmək, birgə elmi-tədqiqatlar həyata keçirmək barədə razılığa gəliblər.
Sənədi Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşir oğlu və Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq fəaliyyət üzrə prorektoru Sergey Vladimiroviç Andryuşin imzalayıblar.
Əməkdaşlıq memorandumu tələbə və professor-müəllim heyəti mübadiləsinin həyata keçirilməsini, Azərbaycan və Rusiyanın biznes subyektləri arasında işgüzar əlaqələrin qurulmasına və inkişafına kömək göstərilməsini nəzərdə tutur.
Universitet və Sosial Tədqiqatlar Mərkəzi, həmçinin tədris prosesində və elmi-tədqiqat fəaliyyətində innovativ İT layihələrinin hazırlanmasında, həyata keçirilməsində qarşılıqlı dəstək göstərəcək.
"Respublika".