Qara qarağat ye, ağ günə çıx
Yeni bir araşdırma nəticəsində qara qarağatın bir neçə faydalı xüsusiyyəti aşkarlanıb. Belə ki, bu giləmeyvənin xüsusilə damar sağlamlığına müsbət təsir etdiyi üzə çıxıb.
Araşdırmalar göstərib ki, cəmi 7 gün bu giləmeyvədən yedikdən sonra qan dövranı yaxşılaşır və bədən 10 il cavanlaşır. Qara qarağat ekstraktının tərkibindəki maddələr qan təzyiqinin artmasına səbəb olan ürək-damar sisteminin patologiyalarından qoruyur. Bundan əlavə, gün ərzində 15-20 ədəd qara qarağat yeməklə orqanizmin gündəlik C vitamininə olan tələbatını ödəmək olar. Tərkibindəki C vitamininin zənginliyi ilə digər bitkilər arasında liderlik edən qara qarağat həm də kalium və linolenik turşunun (GLA) əla mənbəyi hesab olunur. Qarağatdan istifadə sayəsində, həmçinin şəkərli diabetin inkişaf riski də azalır. Ahıl yaşlı insanlarda əqli zəifləmənin sürətini azaldan bu meyvə onkoloji xəstəliklərin profilaktikası üçün də effektiv vasitədir. Ən güclü təbii antioksidantlardan biri sayılan qara qarağat immuniteti gücləndirir, iltihabın qarşısını alır, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Digər faydalı qida məhsulları kimi qara qarağatdan da qədərində istifadə olunmalıdır. Nəzərə alınmalıdır ki, bu bitkidən həddindən çox istifadə edildikdə qan laxtalanmasına səbəb ola bilər. Orqanizminizi ağ günə çıxarmaq istəyirsinizsə vaxtaşırı qara qarağatın meyvəsindən, mürəbbəsindən, yarpaqlarından hazırlanmış dəmləməsindən, kompotundan istifadə edin.
Arıqlamaq istəyərkən bu səhvi etməyin
Qida mütəxəssisləri belə qənaətə gəliblər ki, arıqlamaq istəyərkən kalori saymaq nevroza və pəhrizin pozulmasına yol açır.
Ekspertlər bildiriblər ki, düzgün və sağlam arıqlama məhsullarının seçimində qida rasionunun düzgün kombinasiyasına əsaslanmaq lazımdır. Onların fikrincə, lazımi maddələrin çatışmazlığı və məhdudiyyətlər səbəbindən diet pozulur, gündəlik kalori normasını tamamlamaq üçün bir çox insan rasionunu yanlış təşkil edir. Belə ki, kalori hesablanmasına əsaslanan bəzi insanlar gün ərzində heç nə yeməsə də, axşam aclığını yatırmaq üçün çoxlu qida qəbul edir. Mütəxəssislərin fikrincə, bu yanaşma pozulmalara, psixoloji problemlərə gətirib çıxarır.
Bu səbəbdən də dietoloqlar qida rasionunu təşkil edərkən "boşqab qaydasından" istifadəni tövsiyə edirlər. Bu üsula görə, boşqabın yarısı meyvə-tərəvəzlərdən, dörddəbiri - zülallı qidalardan və eyni miqdarda - kompleks karbohidratlardan ibarətdir.
Xeyri qədər zərəri də var imiş...
Kəsmikdən adətən səhər yeməyi və ya qəlyanaltılarda istifadə olunur. Zülalla zəngin olan bu qida arıqlamaq istəyənlər arasında da populyardır. Lakin mütəxəssislər kəsmik barədə xəbərdarlıq ediblər.
Ekspertlər çox kəsmik yeməyin təhlükəli ola biləcəyini deyirlər. Əvvəla, kəsmik pəhrizi qaraciyər və böyrək xəstəlikləri olan insanlar üçün zərərlidir.
Ümumiyyətlə, bu qidanın həddindən artıq istehlakı bir sıra xoşagəlməz nəticələrə gətirib çıxarır. Kəsmik çox yeyildikdə gözlənilənin əksinə, çəki artımına və piylənməyə yol aça bilər. Məhsulun pəhriz üçün yararlılıq xüsusiyyətlərinə baxmayaraq, artıq protein səbəbindən maddələr mübadiləsinin pozulması, bədəndə urik turşusunun yığılması və yağın sintezinə səbəb olur. Kəsmiyin tərkibindəki duzlar isə qığırdaqda, oynaqlarda və digər toxumalarda yığılır.
"Ən sağlam qidalar belə miqdarında yeyilməli, sağlam pəhriz çeşidli məhsullardan ibarət və balanslı olmalıdır", - deyə ekspertlər bildiriblər.
Xərçəngdən qoruyan qidaların yeni siyahısı açıqlanıb
Hindistanın Patanjali Universitetinin alimləri xərçəngə qarşı mübarizə apara bilən qidaları araşdırıb və onların yeni siyahısını tərtib ediblər.
"Cancer Screening and Prevention" jurnalında dərc edilən araşdırmaya görə, siyahının başında antikanserogen xüsusiyyətlərinə görə paxlalı bitkilər, yaşıl çay və sarıkök yer alır. Mütəxəssislər yağlı balıqlar, tam taxıllar və bəzi meyvə-tərəvəzlərin də xərçəng əleyhinə xüsusiyyətlərə malik olan faydalı maddələrlə zəngin olduğunu bildiriblər.
Tədqiqatın nəticələri göstərib ki, bir neçə məhsul qrupu antikanserogen xüsusiyyətlərə malikdir. Lobya, mərcimək və yaşıl çayın tərkibində hüceyrələri zədələnmədən qoruyan birləşmələr var. Tam taxıllar (qəhvəyi düyü, yulaf, tam taxıl çörəyi) liflə zəngindir, bu da kanserogenləri bədəndən çıxarmağa və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Xərçəng riskini azaldan digər qida qrupu isə yağlı balıqlardır (somon, skumbriya, sardina). Onların tərkibində çoxlu Omeqa-3 yağ turşuları mövcuddur. Balıqlar iltihab əleyhinə xüsusiyyətlərə malikdir və şişlərin böyüməsinin qarşısını alır. Brokoli, gül kələmi və Brüssel kələmi xərçəng hüceyrələrini məhv edə bilən "sulforafan" ehtiva edir. Eyni zamanda sarıkök kimi bəzi ədviyyatlar da iltihab əleyhinə və antibakterial xüsusiyyətlərinə görə xərçəngin qarşısını ala bilər.
Hazırladı: Elenora HƏSƏNOVA,
"Respublika".