İclasda ilk olaraq 3 avqust tarixli protokolu təsdiq edilib.
Daha sonra, Mərkəzi Seçki Komissiyasının və Ekspert qrupunun üzvü Fuad Cavadov 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti səsləndirib. Məsələ səsə qoyularaq yerindəcə həll edilib.
İclasın gedişində çıxış edən MSK-nın sədri Məzahir Pənahov işğaldan azad olunan ərazilərdə seçki prosesi ilə bağlı məlumatları bölüşüb. Onun sözlərinə görə, hazırda azad edilən ərazilərdə 44 seçki məntəqəsi fəaliyyət göstərir. Sədr oradakı seçki məntəqələrinin sayının artırılaraq 55-ə çatdırılacağını, daimi və müvəqqəti seçki məntəqələrinin hamısının səsvermə günü tam hazır olacağını vurğulayıb.
MSK sədri həmçinin bildirib ki, növbədənkənar parlament seçkilərində 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. O qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib: “1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər isə imza vərəqələrini qaytarıb”.
Növbədənkənar parlament seçkilərində qeydə alınmış yerli və xarici müşahidəçilərlə bağlı son rəqəmlər də səsləndirilib. Belə ki, bu gün keçirilən iclasda Məzahir Pənahov sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 27 ölkə və doqquz qurumdan ümumilikdə 101 nəfər beynəlxalq müşahidəçi qeydə alındığını deyib. MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 18 467 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 5 588-i MSK-da, 12 879-u DSK-larda akkreditə olunub.
"MSK-da qeydiyyatdan keçənlərin 938 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülüb. 2 646 nəfər isə 11 QHT-ni təmsil edir. MSK-a və DSK-larda heç bir müşahidəçiyə rədd cavabı verilməyib", - deyə sədr vurğulayıb.
Tacir SADIQOV,
Respublika".