Cəmi 33 il müstəqillik tarixi olan ölkəmizin yenilməz ordusu gücü, qüdrəti ilə hər birimizin fəxarət yerimizdir. Bu ordunun əsasını təşkil edən Azərbaycan övladları rəşadəti ilə tarix yaza biləcək qədər hünərli və cəsarətlidir. Çünki onların hər biri müqəddəs torpağı, Vətəni son nəfəslərinə qədər göz bəbəyi kimi qoruyacaqlarına and içmişlər. Və həmişə bu anda sadiqdirlər.
Hər bir xalq öz ordusu ilə fəxr etdiyi kimi, ordu da gücünü xalqdan alır. Vətən torpaqlarının keşiyində duran ordumuzun, igid əsgərlərimizin mübarizliyini, əhvali-ruhiyyəsinin yüksəldilməsinin əsas amillərindən biri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu məsələlərini daim diqqət mərkəzində saxlamasıdır.
Azərbaycan əsgəri həmişə öz canıyla, qanıyla bütün varlığı ilə bu torpağa bağlı olduğunu rəşadəti ilə təsdiq edib. Hərbi xidmət dövründə gənclərimiz təkcə Vətən torpaqlarının keşiyində dayanmır, həm də əsl mətinlik və kişilik məktəbi keçirlər.
Muğanın bir parçası olan və doğulub başa çatdığım Biləsuvarda da gənclərin hərbi vətənpərvərlik tərbiyəsi həmişə güclü olub. Bu gün Biləsuvarın fəxr edə biləcəyi yüzlərlə şəhidi, 1 Milli və 4 Vətən Müharibəsi Qəhrəmanı var. 2010-cu ildə dünyaya qəhrəmanlığı ilə səs salmış Mübariz İbrahimov bu torpağın suyunu içmiş, havasını udmuşdu. Ürəyində dünya boyda bir Vətən məhəbbəti, Vətən sevgisi gəzdirirdi. Və bu sevgi yolunda da şirin canından keçdi. Bəli, Vətən candan şirindir. Mübariz kimi qeyrətli oğullar isə bu amal uğrunda ölümün gözünə dik baxmağı bacarırlar. Qəhrəmanın boya-başa çatdığı ata ocağında çox olmuşam. İndi də bu ocaqda hər şey onu xatırladır.
2020-ci il Böyük Zəfər məhz Mübariz ruhlu igid oğulların sayəsində qazanıldı. Vətən Müharibəsində bir erməni hərbçinin Azərbaycan əsgəri haqqında dedikləri olduqca qürurvericidir: Onlar əsasən gecə və dumanlı havalarda gəlirdilər. 3-4 nəfərlə gəlib 30 hərbçimizi məhv edirdilər. Üstümüzə gələndə pulemyotlardan atəş açırdıq. Yerə yıxılıb, bir azdan qalxıb üstümüzə şığıyırdılar. Müharibə dövründə deyirdilər ki, 1500 erməni hərbçisi 15 Azərbaycan hərbçisinin qarşısından qaçdı. Bu, bir həqiqətdir. Şuşa uğrunda döyüşlər isə daha dəhşətli idi. Biz onları yoldan gözləyirdik, bir də ayıldıq ki, sıldırımlı qayalara dırmaşaraq artıq içimizdədirlər. Yalın əllərlə necə vuruşduqlarının canlı şahidiyəm. O anları görən erməni hərbçiləri heç vaxt Azərbaycan əsgəri ilə üz-üzə gəlmək istəməz.
Bəli, eşq olsun Azərbaycan əsgərinə. O əsgərə ki, qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarının müdafiəsi uğruna savaşdı, can verdi. Son nəfəsində də ancaq Vətəninin azadlığını arzuladı. Bir çoxları üçün mümkünsüz olanı reallaşdırdı. Keçilməz deyilən sədləri keçdi, alınmaz deyilən qalaları aldı.
Bu sətirləri qeydə alarkən yadıma ötən əsrin 90-cı illərində olan bir hadisə düşdü. Torpaqlarımız uğrunda döyüşlərin qızğın vaxtı idi. İgid eloğlumuz, əsgər Əlizadə Bayramov şəhidlik zirvəsinə yüksəlmişdi. Bu xəbəri şəhidin atası Firudin kişiyə bildirəndə onun təmkinlə dediyi sözləri xatırlayıram: -Oğluma güllə arxadan dəyməyib ki?!... Bəli, ölümün gözünə dik baxmağı bacaran oğullara düşmən gülləsi arxadan dəyə bilməz.
Yaxud 32 ildən sonra Milli Qəhrəman adına layiq görülən Natiq Qasımov. 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlərə başlayır. Altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
Şahid, Xocalıdan Cəfərov Cəfərin dediklərindən: "22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni kilsəyə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Məni kilsəyə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər. Mən kilsəyə daxil olanda səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da bildirdim ki, əgər o təslim olmasa 22 nəfər xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki, ac-susuz tək döyüşdüyünü söylədi. Onun rəngi hisdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, xocalılıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi".
İgid, cəsur Natiqin bir neçə gün burada təkbaşına vuruşmasına ermənilər heç cür inana bilmirlər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkirlər. Sonralar həmin şəkil "Oqonyok" jurnalında dərc edilir.
Bax, qəhrəmanlıq budur, vətənə və bayrağa olan sevgi. Odur ki, Vətəni, torpağı namusu, qeyrəti bilib canlarından keçən bütün mərd, igid oğullarımız qəlbimizdə əbədi yaşayacaqdır.
M.MİRZƏ,
"Respublika".