BAŞ KATİB: DÜNYA NÜVƏ SİLAHINDAN İSTİFADƏ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDİR
BMT-nin baş katibi Antoniu Quterreş dünyanın yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzə gəldiyi qənaətindədir. “Report” agentliyinin xəbərinə görə, A.Quterreş bunu ABŞ-ın Hirosimaya nüvə bombası atmasının 79-cu ildönümü ilə bağlı anım mərasimində BMT baş katibinin müavini və tərk-silah məsələləri üzrə ali nümayəndəsi İdzumi Nakamitsunun oxuduğu müraciətdə bildirib.
“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, bu cür gündəlik ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir”, - deyə Antoniu Quterreş bunun indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb.
Bununla yanaşı, BMT-nin baş katibi əmindir ki, nüvə silahı təhlükəsini nəhayət aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir.
“Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır”, - deyə baş katib vurğulayıb.
ZURABİŞVİLİ: GÜRCÜSTANIN Aİ PERSPEKTİVİ SEÇKİLƏRİN NƏTİCƏSİNDƏN ASILIDIR
Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü perspektivi tamamilə parlament seçkilərinin nəticələrindən asılıdır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib. Onun sözlərinə görə, hazırda ölkəsinin Aİ-yə inteqrasiya perspektivləri dayandırılıb.
“Aİ-yə üzvlük günümüzün və cəmiyyətin problemidir. Bu, tamamilə seçkilərdən asılıdır. Hamı bizi gözləyir. Hər şey dayandırılır. Lakin seçkiyə qədər dayandırılır ki, hamı Gürcüstan xalqının iradəsinin nədən ibarət olduğunu görsün”, - deyə prezident qeyd edib.
Bununla yanaşı, Zurabişvili əmindir ki, Gürcüstan Avropaya inteqrasiya yoluna qayıtmağa layiqdir: “Biz Avropa ölkəsiyik. Bunun üçün uzun bir yol qət etmişik, bu da bizə həmin yola tez bir zamanda qayıtmağı tələb etmək hüququ verir. Bu, seçicilərimizdən asılıdır”.
Xatırladaq ki, son aylar Gürcüstanla Qərb arasında münasibətlər kəskin şəkildə pisləşib, bu da ilk növbədə Gürcüstan hakimiyyətinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanuna görədir.
ANTARKTİDANIN BUZLARINDA YIRTICI MİKROORQANİZMLƏR AŞKAR EDİLİB
Sidney Texnologiya Universiteti və Niderland Kral Dəniz Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkarlayiblar. Mütəxəssislər bu barədə “Nature Communications” elmi jurnalı üçün hazırladıqları məqalədə qeyd ediblər.
Alimlərin fikrincə, Antarktidanın sərt şəraitində mövcud olan qədim mikroorqanizmlər xüsusi formada parazitar yırtıcılar kimi çıxış edə bilər. Tədqiqatçılar Antarktidanın dərinliklərində ekstremal şəraitdə uğurla sağ qalan təkhüceyrəli orqanizmlər arxeylərin evi adlanan Dərin gölün olduğunu bildiriblər.
Eyni zamanda, alimlər qeyd ediblər ki, göldə aşağı temperatur və yüksək duz tərkibinə baxmayaraq, mikroorqanizmlər nəinki sağ qalır, həm də asanlıqla yırtıcı davranış nümayiş etdirirlər. Bu davranış arxeylərdə əvvəllər heç vaxt sənədləşdirilməyib.
Mütəxəssislərin fikrincə, bu arxeylər müəyyən canlıların ana hüceyrələrinə nüfuz edərək onları məhv edə bilir. Bu davranış da bəzi viruslara bənzəyir.
TÜRKİYƏLİ NAZİR: KONSTİTUSİYADA BƏZİ ZİDDİYYƏTLƏR MÖVCUDDUR
“Türkiyə çıxdığı yola yeni konstitusiya ilə davam etməlidir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankarada çıxışı zamanı bəyan edib.
Nazir bildirib ki, ölkənin əsas qanununun dəyişdirilməsi günün əsas tələblərdəndir: “Məqsədimizdən imtina etmirik. Mövcud konstitusiyanın maddələri arasında bəzi ziddiyyətlər mövcuddur. Bu isə müəyyən çətinliklər yaradır”.
Bununla yanaşı, Yılmaz Tunç bildirib ki, Türkiyə beynəlxalq güclərlə mübarizə aparır. O vurğulayıb ki, dünyada ciddi kataklizmlər baş verir və təəssüf ki, beynəlxalq sistem bunun qarşısında acizdir.
Yılmaz Tunç həmçinin qeyd edib ki, Türkiyə dünyada ədalətin və hüququn təmin olunması üçün çalışır.
Məlumat üçün qeyd edək ki, bir müddət öncə Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı müzakirələrin başlandığı açıqlanmışdı.
BÖYÜK BRİTANİYANIN MƏXFİ HƏRBİ LAYİHƏLƏRİ TƏXİRƏ SALINA BİLƏR
ABŞ-ın yarımkeçirici istehsalçısı “Coherent” şirkətinin Böyük Britaniyadakı zavodunun bağlanması ölkənin müdafiə layihələrinə ciddi təhlükə yarada bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniyanın məxfi hərbi layihələri ölkədə qalan son mikroçip fabriklərindən birinin bağlanması təhlükəsi ilə əlaqədar təxirə salına bilər.
Məlumata əsasən, şirkət “Apple” ilə əməkdaşlığa son qoyduğu üçün bağlanmaq təhlükəsi ilə üzləşib. “Coherent”in hesabatında bildirilir ki, texnologiya müqavilələrinin itirilməsi onun işini sual altına alır. Hazırda şirkət istehsalata yeni texnologiyaların tətbiqi və ya biznesin satışı variantlarını nəzərdən keçirir.
Verilən xəbərə görə, “Coherent”in mühüm müştəriləri arasında krallıqda radar sistemləri, elektron döyüş cihazları və helikopterlər istehsal edən İtaliyanın “Leonardo” mühəndislik qrupu da var. Zavod, həmçinin, “Typhoon” döyüş təyyarələri və Böyük Britaniyanın digər hərbi layihələri üçün çiplər tədarük edirdi.
Eyni zamanda, nəşr vurğulayıb ki, zavod bağlanarsa, “Leonardo” tədarükçüləri onu başqa ölkələrdə axtarmağa məcbur olacaq və Böyük Britaniyanın yarımkeçiricilər sektorunda istehsal potensialı azalacaq.
BİRLƏŞMİŞ ŞTATLAR “B-52” BOMBARDMANÇILARINI TƏKMİLLƏŞDİRƏCƏK
ABŞ Müdafiə Nazirliyinin hazırladığı 1960-cı illərin “B-52 Stratofortress” bombardmançı təyyarələrin mühərriklərinin dəyişdirilməsini və yeni radarların quraşdırılmasını nəzərdə tutan proqramın dəyəri 15 milyard dollara çata bilər. “TASS” agentliyinin xəbərinə görə, bu barədə “Defence One” portalı məlumat yayıb.
“Son hesablamalara görə, “B-52” təyyarələrinin mühərrikinin dəyişdirilməsi üzrə proqramının dəyəri 15 milyard dollara qədər artıb. Bu, ilkin məbləğdən 2,5 milyard dollar çoxdur”, - deyə proqram rəhbərlərindən birinin müavini Brayan Nayt bildirib. O əlavə edib ki, ABŞ Hərbi Hava Qüvvələri layihənin yekun dəyərini dəqiqləşdirməyə davam edir.
Brayan Naytın sözlərinə görə, iş prosesində mütəxəssislər yeni mühərriklərin quraşdırılması ilə yanaşı, həm də pilot kabinəsi, displeylər və digər sistemləri təkmilləşdirməli olacaqlar.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.