Elə insanlar var ki, illər keçsə belə onların gördüyü işlər daim dillərdə dolaşır, xoş təəssüratlar yaradır. Yadımdadır, hələ uşaq olanda anam israrla məni milli filmlərimizə baxmağa məcbur edirdi. O zaman bunun mahiyyətini dərk etmir, yenə də cizgi filmlərinə baxmağı üstün tuturdum. İnsan yaşa dolduqca əslində bu filmlərin milli kimliyimizin formalaşmasında əvəzsiz rolu olduğunu anlayır. Filmlərdəki obrazları yüksək peşəkarlıqla canlandıran aktyorlar bəzən həyat idealımıza çevrilir. Əgər məndən soruşsalar ki, ən çox sevdiyin film hansıdır, düşünmədən "Nəsimi" deyərdim. Ən çox yadımda qalan səhnə isə filmin sonunda İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinin səsləndirildiyi epizoddur. Uşaq olanda filmin həmin səhnəsi mənə o qədər təsir etməsə də, illər keçdikdən sonra əslində aktyorun rolunu necə ustalıqla oynadığını başa düşdüm. Elə həmin vaxtdan bəri "Nəsimi" filmindən söz düşərkən gözümün önündə Rasim Balayevin yaratdığı Nəsimi obrazı canlanır.
Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində dünyaya göz açıb. Ailənin böyük uşağı Rasim boyca hündür olsa da, çəlimsiz idi. Hətta yaşca kiçik bacı-qardaşları ondan böyük görünürdülər. 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Bu səbəbdən valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər. Həmin dövrdə qanunla hamı 7 yaşda məktəbə getməli idi. Ona görə də Rasimi məktəbə götürmək istəmirlər. Amma atasının partiya fəalı olması bu məsələdə onların köməyinə çatır. O, məktəb illərində ədəbiyyat fənnini tədris edən Nabat müəllimin sayəsində bu sənəti sevməyə başlayır. Sənətkar məktəb illəri ilə bağlı xatirələrindən söz açarkən deyib: "Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi". Məktəb illərində ədəbiyyata maraq göstərməsi görkəmli aktyorun gələcək həyat yolunu müəyyən edib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən sənətkar ilk dəfə Bakı Kinostudiyasında "Ulduzlar sönmür" filmində epizodik rolda çəkilib. "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərində oynadığı rollarla çoxsaylı tamaşaçı sevgisini qazanıb. Kinoaktyor, həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında da çalışıb. Rasim Balayev "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə epizodik rollara, "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda isə filmlərə çəkilib.
Xeyli vaxt Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi kimi fəaliyyət göstərən Xalq artisti 2024-cü il martın 5-də yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Rasim Balayevin mənalı yaradıcılıq yolu gənc aktyorlar üçün də əsl sənət məktəbidir. Rasim Balayev "ən yaxşı kişi rolu" nominasiyasının qalibidir və o, bu mükafatı Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı var idi. Filmdə şairin dərisinin soyulma səhnəsində o əzabı simasında göstərə bilsin deyə, ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyir. Filmin ilk nümayişindən sonra o, artıq bütün Sovet İttifaqında məşhur idi. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb. Görkəmli aktyor, həmçinin onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat alıb.
Görkəmli sənətkar Almaniya, Türkiyə, İran, Tacikistan, Osetiya (çeçenlərin ilk kinosunda), Özbəkistan, Moskva və Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rollar ifa edib. Rasim Balayev yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırmağı bacarıb. Məsələn, "Həm ticarət, həm ziyarət" filmindəki obraza tamaşaçı "Babək"i, "Nəsimi"ni, "Beyrəy"i sevdiyi qədər nifrət edirdi. Bu baxımdan, aktyorun artıq 34 yaşında Azərbaycanın xalq artisti adını alması təəccüb doğurmur.
Ötən il Prezident İlham Əliyev Rasim Balayevin ad günündə ona "İstiqlal" ordeni təqdim edib. Bu zaman dövlət başçısı ilə Xalq artisti arasında çox səmimi söhbət olub. Prezident İlham Əliyev Rasim Balayevin Azərbaycan xalqını öz sənəti ilə uzun illərdir ki, sevindirdiyini qeyd edib: "Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam".
Xalq artisti də öz növbəsində ölkə başçısının yürütdüyü uğurlu siyasəti yüksək qiymətləndirərək deyib: "Təşəkkür edirəm, cənab Prezident. Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti - daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq. Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz - Ali Baş Komandan olmaq şərtilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək. Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var".
Rasim Balayevin şəxsi həyatı ilə bağlı bir neçə maraqlı faktlar var. Belə ki, aktyor sevdiyi əmisi qızı ilə ailə həyatı qurub. Onlar Bakıda kirayədə yaşayırdılar. Qəfildən atasının ölüm xəbərini alan aktyor xəstəxanaya düşür. Dərin depressiya onun halını pisləşdirir. Həmin vaxt R.Balayevin ikinci oğlu dünyaya gəlir. Sənətkar bu vaxt xəstəxanadan xəbər göndərir ki, oğlanın adını Asim qoyun, ölsəm, adının əvvəlinə "R" hərfini əlavə edərsiniz. Digər bir maraqlı məqam isə Moskvada baş verir. Sənətkar Moskvada keçirilən kino festivalı zamanı köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Azərbaycandan gedən sənətkarlar Rasim Balayevə deyirlər ki, öz şəklindən birini də özün al. Aktyor bunun zarafat olduğunu düşünür və cavab verir ki, hə, mənə yaman oxşayır. Köşkə yaxınlaşıb şəkli alır və baxır ki, öz şəklidir, arxasında da haqqında məlumat yazılıb.
Doğrudan da bir ömrə bu qədər uğur sığdırmaq, ən əsası, yaddaşlarda belə gözəl xatırlanmaq hər kəsə nəsib olmur. Rasim Balayev də canlandırdığı obrazlarla daim qəlbimizdə xoş hisslər yaratmağı bacarıb. Görkəmli aktyora bundan sonrakı həyatında uğurlar diləyirik.
Nəzrin ELDARQIZI,
"Respublika".