Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Buxara Mühəndislik – Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova ilə görüşüb.
SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin verdiyi məlumatda bildirilir ki, görüşdə Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramı layihələrinin reallaşdırılması istiqamətində görülən işlərdən danışılıb, proqramla bağlı müvafiq qərarın Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində keçirilən 12-ci iclası zamanı verildiyi və həmin tarixdə SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında kadr hazırlığı üzrə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulduğu bildirilib.
Görüşdə, həmçinin, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutu ilə analoji layihələrə başladığı, sözügedən əməkdaşlıqların Azərbaycan ali təhsil sistemində bir ilk olduğu və ölkəmizin ali təhsil proqramlarının xarici ölkəyə ödənişli əsasda ixracına xidmət edəcəyi diqqətə çatdırılıb. Bu xüsusda, BANM ilə Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında Kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ödənişli ikili diplom proqramı ilə bağlı müqavilənin imzalanmasından məmnunluq ifadə edilib.
Bəybala BƏYBALAYEV,
“Respublika”.