Mərkəzi Seçki Komissiyasının növbəti iclası
Siyasət

Mərkəzi Seçki Komissiyasının növbəti iclası

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, avqustun 8-də Məzahir Pənahovun sədrliyi ilə MSK-nın növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 5 avqust 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

Daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 7 saylı Səbail və 37 saylı Qaradağ seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub.

Komissiyanın iclasında beynəlxalq müşahidə missiyası təmsilçilərinin və maraqlı subyektlərin bilavasitə iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb. Aparılan geniş müzakirələrin ardınca Mərkəzi Seçki Komissiyası namizədliyin imtinası ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarını ləğv edərək, daha bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyini qeydə alıb.

Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda, həmçinin, cari məsələlərə də baxılıb.

T.ARAZOĞLU,

"Respublika".