Azərbaycan Olimpiya Evində görüşlər keçirilib
Fransada keçirilən XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində bir sıra ölkələrin Olimpiya nümayəndə heyətləri və beynəlxalq idman təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib.
Tədbirdə Paris-2024-də gümüş medal qazanan taekvondoçumuz Qaşım Maqomedovun uğurlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb.
Olimpiya Oyunlarında idmançılarımızın yarışlarını geniş işıqlandıran Azərbaycan media nümayəndələri - Şəmsəddin Abbasovun (CBC TV), Elmir Əliyevin (haqqin.az) və Dilavər Nəcəfovun (AGİN) doğum günləri qeyd olunub. Tədbir iştirakçıları jurnalistləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsi müğənni Mərdan Kazımovun ifasında konsert proqramı ilə davam edib.
Həsrət Cəfərov bürünc medal qazandı
Azərbaycan güləşçisi Həsrət Cəfərov Paris Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
O, bürünc medal uğrunda qırğızıstanlı Amantur İsmayılovla qarşılaşaraq məğlub edib.
Hər kəsə minnətdarlığımı bildirirəm
Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov mətbuata açıqlamasında deyib ki, məni dəstəkləyən və qələbəmə sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm. Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcəklər.
Taekvondoçumuz mükafatlandırılıb
"Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov mükafatlandırılıb.
58 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançımıza gümüş medal təqdim olunub.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Qaşım Maqomedov ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəlib. Ardınca ispaniyalı Adrian Visenteni üstələyən taekvondoçumuz yarımfinalda İtaliya təmsilçisi Vito Akviladan güclü olub.
Finalda Cənubi koreyalı Park Taejoonu sınağa çəkən idmançı ilk hissədə ayağından ciddi zədə alıb. Görüşü davam etdirə bilməyən Q.Maqomedov yekunda məğlub elan edilib və gümüş medalla kifayətlənib.
Karyeramın ən böyük nailiyyətini qazandım
"Əgər zədə imkan versəydi, buradan Vətənə qızıl medalla qayıdardım".
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında gümüş medal qazanan idmançımız Qaşım Maqomedov deyib.
58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız əldə etdiyi gümüş medalı böyük uğur kimi dəyərləndirib: "Finala qədər möhtəşəm bir çıxışla irəlilədim. Lakin gördüyünüz kimi idmandakı gözlənilməzlik final mərhələsində öz sözünü dedi. Karyeramın ən böyük nailiyyətini qazandım. Əgər zədə imkan versəydi, buradan Vətənə qızıl medalla qayıdardım. Amma gümüş medal da böyük uğur sayılır. Qazandığım qələbəni ailəmə, yaxın müddətdə dünyaya gələcək övladıma həsr edirəm. Azərbaycanda mənim uğurumu həyəcanla izləyən və gecənin bu vaxtında mənim mükafatlandırma mərasimimi izləyən hər bir tamaşaçıya minnətdarlığımı bildirəm".
Qeyd edək ki, Qaşım Maqomedov cənubi koreyalı Park Taejoonla final qarşılaşmasını zədə səbəbindən sona qədər davam etdirə bilmədiyi üçün Paris-2024-ün gümüş medalına sahib çıxıb.
Rəqibi Qaşım Maqomedovdan üzr istədi
Cənubi Koreya idmançısı Park Taejoon Paris Yay Olimpiya Oyunlarının taekvondo yarışlarının finalında qarşılaşdığı rəqibi Qaşım Maqomedovdan üzr istəyib. O, qarşılaşmada zədələnən taekvondoçumuza arxadan endirdiyi zərbəyə görə bu addımı atıb.
Park Taejoon ayağından ciddi zədə alaraq yerə yıxılan idmançımızdan buna görə üzrxahlıq edib. O, Q.Maqomedovu qucaqlayaraq ona dəstək göstərib.
Qeyd edək ki, Qaşım Maqomedov finalda Park Taejoona məğlub olaraq gümüş medal qazanıb.
Bayraqdarlarımız müəyyənləşib
Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib. Komandamızın bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
Sərbəst güləşçi mükafatsız qaldı
Osman Nurmaqomedov Yay Olimpiya Oyunlarını medalsız başa vurub.
86 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilmədiyindən təsəlliverici görüşə qatılmaq şansını itirib.
Əliabbas Rzazadənin şansı olmadı
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. 57 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.
Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansını itdi.
Zöhrə Ağamirova Olimpiada ilə vidalaşdı
Bədii gimnastika yarışlarında fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsini başa vurub.
Gimnastımız Zöhrə Ağamirova 4 hərəkətin yekununda 117,850 xal toplayıb. Onun topla çıxışı 30,200, halqa ilə 32,500, lentlə 28,400 və gürzlərlə 26,750 xalla qiymətləndirilib. Ağamirova bu göstərici ilə yarışı 19-cu pillədə başa vurub.
Dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnastlar finala vəsiqə qazanıb.
İki güləşçimiz bu gün yarışacaq
Sərbəst güləş yarışlarının ikinci gününün püşkünə əsasən Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub.
74 kq çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə görüşəcək. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə Diaeldin Abdelmottaleblə (Misir) qarşılaşacaq. Hər iki güləşçimiz yarışa 1/8 finaldan başlayacaq və hər iki çəkidə yarış bu gün keçiriləcək.
Olimpiya kəndində yeməkdən imtina edirlər
Böyük Britaniya idmançıları 2024-cü il Olimpiyadası zamanı Olimpiya kəndindən 15 dəqiqəlik məsafədə yerləşən özəl yeməkxanalarda yemək yeyirlər.
Otüstü hokkeyçi Jizel Ansli deyib ki, kabablar bişməmişdi, hinduşka əti çiy idi. Onların məşhur yeməkləri tükənmək üzrədir və idmançıların yeməyə heç nələri qalmayacaq.
M.NƏRİMANOĞLU,
"Respublika".