Komandamızın hər iki oyunu Bakıda keçiriləcək
Qadın həndbolçulardan ibarət "Azəryol" komandasının Avropa Kubokunun ikinci mərhələsindəki rəqibi "Qaliçanka" (Ukrayna) komandası olacaq. Artıq oyunların təşkil olunacağı məkan müəyyənləşib. Belə ki, hər iki görüş Bakıda keçiriləcək. Bununla bağlı Azərbaycan və Ukrayna Həndbol federasiyaları razılıq əldə ediblər. Qarşılaşmalar 5-6 oktyabrda baş tutacaq.
Ölkəmiz Türk dünyası çempionatında təmsil olunacaq
İdmançılarımız avqustun 14-18-də İstanbulda keçiriləcək tay boksu üzrə Türk dünyası çempionatında iştirak edəcəklər. Çempionat Türkiyənin Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə təşkil olunacaq. Çempionata Azərbaycan ilə yanaşı, Türkiyə, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan, İran, Bosniya və Herseqovinadan idmançıların qatılacağı gözlənilir. Turnirin rəsmi açılışı avqustun 15-nə planlaşdırılıb, final yarışları və mükafatlandırma mərasimi isə avqustun 18-də keçiriləcək.
Azərbaycanın hakim-inspektoru UEFA-dan təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. O, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 15-də keçiriləcək "Şerif" (Moldova) - "Olimpiya" (Sloveniya) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Tiraspol şəhərində baş tutacaq.
Xatirə turniri
Azərbaycan Həndbol Federasiyasında XXXI ölkə çempionatına hazırlıq iclası keçirilib. Ölkə çempionatı oktyabrın 18-də başlayacaq. Yeni mövsümdə ölkə çempionatında kişilərdən ibarət 9, qadınlardan ibarət 7 komanda mübarizə aparacaq. Avrokuboklarda isə ölkəmizi kişilərin yarışında "Kür" və "Bakı", qadınların mübarizəsində "Qarabağ", "Kür" və "Azəryol" təmsil edəcək. İclasda, həmçinin avqustun 28-dən sentyabrın 1-dək Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinin təşkil olunacağı qeyd edilib. Yarışda Azərbaycan komandası ilə yanaşı, bir neçə ölkə təmsilçisinin iştirakı da gözlənilir.
Nərgiz İSMAYILOVA,
"Respublika".